|
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili və BMT-nin Azərbaycandakı Nümayəndəliyi Beynəlxalq İnsan Hüquqları Gününü qeyd edir
10 dekabr 2004-cü il – BMT sistemi tərəfindən və bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunan bu tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Ofisi BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə bu beynəlxalq günə və İnsan hüquqları ilə bağlı məsəslələrə həsr olunmuş dəyirmi masa təşkil etdi. Hökumət strukturlarının (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi və s.), beynəlxalq təşkilatların (BMT-nin İnkişaf Proqramı, BMT-nin Uşaq Fondu, Avropa Şurası), milli qeyri-hökumət təşkilatlarının (QHT-lər), medianın nümayəndələri, həmçinin insan hüquqları mövzusunda ən yaxşı məqalə və ən yaxşı uşaq rəsm müsabiqələrinin qalibləri bu günü qeyd etmək üçün Azərbaycan Atatürk Mərkəzində bir araya gəldilər.
Tədbiri açan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili x-m Elmira Süleymanova Beynəlxalq İnsan Hüquqları Gününün qeyd olunmasının tarixi, eləcə də BMT-nin İnsan Hüquqları üzrə Maarifləndirmə Onilliyi (1995-2004) və Azərbaycanın beynəlxalq insan hüquqları ilə əlaqədar götürdüyü öhdəliklərin icrası haqqında tədbir iştirakçılarını məlumatlandırdı. X-m Süleymanova Ombudsman Ofisi tərəfindən davamlı şəkildə həyata keçirilən fəaliyyətlər barədə də məlumat verdi. O, həmçinin ölkədə Ombudsman təsisatının yaradılmasında BMT-nin İnkişaf Proqramının (BMTİP) müstəsna rolu olduğunu qeyd etdi.
BMT-nin İctimai əlaqələr və informasiya şöbəsinin müdiri cənab Fərqan Abbaszadənin qeyd etdiyi kimi Beynəlxalq İnsan Hüquqları Gününün builki mövzusu İnsan Hüquqları üzrə Maarifləndirmədir. Cənab Abbaszadə həmçinin elan etdi ki, BMT Baş Assambleyasının, əsasən ibtidai və orta məktəblərdə insan hüquqlarının tədrisinə yönəlmiş İnsan Hüquqlarının tədrisi üzrə Ümumdünya Proqramını (2005-2007) bəyan edəcəyi gözlənilir. O, həmçinin BMT Baş katibinin Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
BMTİP-in Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən cənab Devid Ayzenberq təmsil etdiyi təşkilatın adından insan hüquqlarının Azərbaycan xalqı üçün reallığa çevrilməsi üçün Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirdiyini ifadə etdi. BMTİP-in Ombudsman ofisi ilə əməkdaşlıqdan məmnun olduğunu və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümid etdiyini bildirdi. O, həmçinin Azərbaycan Respublikası Ombudsman ofisi tərəfindən təqdim olunmuş ilk illik hesabatın “geniş məzmunlu” olduğunu yüksək qiymətləndirdi. Cənab Ayzenberqin fikrincə, bu hesbatın hər üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr olunması Ombudsman fəaliyyətinin təkcə milli deyil, həmçinin regional və beynəlxalq səviyyələrdə inkişafına kömək edəcəkdir.
Tədbirdə həmçinin Avropa Şurasının, Ədliyyə və Təhsil Nazirliklərinin, Qadın Problemləri üzrə Dövlət Komitəsinin, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin, yerli QHT-lərin nümayəndələri çıxış etdilər.
Tədbir İnsan Hüquqları Gününə həsr olunmuş “Mən və Mənim Hüquqlarım” mövzusunda ən yaxşı uşaq rəsm və jurnalist müsabiqələrinin qaliblərinin mükafatlandırılması ilə sona çatdı.
 |