|
BMT-nin ekspertlər qrupu Pekin Fəaliyyət Platforması və Minilliyin Inkişaf Məqsədlərini müzakirə etmək üçün Azərbaycanda bir araya gəldilər.
Pekin Fəaliyyət Platformasının qəbul edilməsinin onuncu və Minillik Bəyannaməsinin 5-ci ildönümünün qeyd olunduğu 2005-ci ildə beynəlxalq ictimaiyyət bu sənədlərin, eləcə də Minilliyin Inkişaf Məqsədlərinin (MIM) həyata keçirilməsi prosesinə diqqət yetirəcək. 7-10 fevral 2005-ci il tarixində Bakıda Azərbaycan Hökumətinin dəstəyi ilə ilk dəfə olaraq BMT-nin ekspertlər qrupunun görüşü keçirildi. Tədbirin əsas məqsədi bu sənədlərin milli səviyyədə həyata keçirilməsi ilə bağlı nailiyyətlərin, həmçinin mövcud boşluq və çətinliklərin müəyyən edilməsindən və Fəaliyyət Platforması və MIM-lərin icrasının genişləndirilməsi üsulları ilə əlaqədar səciyyəvi tövsiyyələrin irəli sürülməsindən ibarət idi.
28 fevral - 11 mart 2005-ci il tarixində BMT-nin Iqtisadi və Sosial Məsələlər üzrə Departamenti tərəfindən Nyu York şəhərində Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının icrasının onillik icmalını, həmçinin BMT Baş Assambleyasının iyirmi üçüncü xüsusi sessiyasında qəbul olunmuş "Qadınlar 2000: gender bərabərliyi, inkişaf və sülh XXI əsrdə" yekun sənədini nəzərdən keçirmək məqsədi ilə təşkil olunacaq BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının iclasına hazırlıq tədbirlərinin tərkib hissəsi olan bu görüşdə BMT-nin 13 eksperti, Hökumət, BMT agentlikləri, hökumətlərarası təşkilatlar, qeyri-hökumət təşkilatları və akademiyanın müşahidəçiləri iştirak etdilər.
Forumda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Zəhra Quliyeva Pekin Fəaliyyət Platforması və Yoxsulluğun Azaldılması və Iqtisadi Inkişaf üzrə Dövlət Proqramına müvafiq olaraq milli gender siyasətlərinin icrası prosesində Azərbaycan Hökumətinin əldə etdiyi nailiyyətləri, eləcə də mövcud boşluqları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra BMT-nin Iqtisadi və Sosial Məsələlər üzrə Departamentinin nümayəndəsi xanım Silvi I. Koen təmsil etdiyi təşkilat adından tədbir iştirakçılarını salamladı.
Forumun Bakıda keçirilməsi təşəbbüsünə görə BMT-nin Iqtisadi və Sosial Məsələlər üzrə Departamentinə öz təşəkkürünü bildirən BMT-nin Rezident Əlaqələndiricisi cənab Marko Borsottinin sözlərinə görə, Azərbaycanda yoxsulluğun azaldılması strategiyası təqdim edildikdən sonra qlobal hədəflərin konkret reallığa çevrilməsi məqsədi ilə səciyyəvi metodologiya və yanaşmanın işlənib hazırlanması istiqamətində ciddi səylər göstərilmişdir. Sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycanda genderin bütün sahələrə tətbiqi və gender bərabərliyinin reallaşdırılmasına ehtiyac vardır.
Açıq plenar iclas şəklində təşkil edilmiş tədbirdə bir sıra təqdimatlar nümayiş olundu ki, bu da geniş müzakirələrə şərait yaratdı. Bu müzakirələr qaldırılmış məsələlər və çətinliklərin tam əhatə olunduğunu təmin etmək məqsədi ilə işçi qrupların səciyyəvi məsələlərlə bağlı daha geniş müzakirələri ilə davam etdirildi. Ekspert qrupunun görüşü konkret fəaliyyətə əsaslanan siyasətlə bağlı tövsiyyələrin BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasına təqdim ediləcək hesabatda öz əksini tapmasına şərait yaratdı. Bu hesabat Pekin Fəaliyyət Platforması, Minillik Bəyannaməsi və Minilliyin Inkişaf Məqsədlərinin həyata keçirilməsi zamanı müəyyən edilmiş nailiyyətlər, boşluqlar və çətinliklərin ciddi və uyğunlaşdırılmış tərzdə nəzərə alındığını təmin edəcək. Görüşdən əldə edilmiş başlıca nəticələr və tövsiyyələrin daxil edildiyi yekun hesabatı BMT-nin Iqtisadi və Sosial Məsələlər üzrə Departamentinin internet saytında əldə edə bilərsiniz.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
x-m İradə Əhmədova
BMTİP-in Müşaviri
Tel: 498-98-88 (daxili 117)
Foto qalereya
 |