"Koalisiya 1325" qadın qrupu üçüncü Milli Konfransını keçirmişdir

BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 1325 saylı Qətnamənin beşinci ildönümünə həsr olunmuş "Koalisiya 1325" qadın qrupunun üçüncü Milli Konfransı 2005-ci ilin oktyabrın 14-də, "Qrand Avropa" mehmanxanasında keçirilmişdir. Konfransda yüzdən çox nümayəndə iştirak etmişdir ki, onlardan 40 nəfəri ölkənin 14 rayonunu təmsil edirdi. Dəvət olunanlar arasında Məcburi köçkün qadınların Milli Şəbəkəsinin, ictimai və qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri də vardı.

Azərbaycan Neftçi Qadınlar Cəmiyyətinin sədri xanim Solmaz Hacıyeva konfransı açdı və daha sonra söz Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Zəhra Quliyevaya və UNİFEM layihəsinin Milli Əlaqələndiricisi xanım Gülşən Paşayevaya verildi.

"Koalisiya 1325"-in sədri xanım Səcidə Əbdulvahabova 2005-ci ilin yayında Azərbaycanın 14 rayonunda "Koalisiya 1325"-in üzvləri tərəfindən həyata keçirilmiş "Yerli əhalidən hökumətə doğru - Azərbaycanda gender bərabərliyi prioritetlərinin müəyyən edilməsinə dəstək" adlı forumların nəticələrini iştirakçılara təqdim etdi. Yerlərdə keçirilmiş bu forumları "Koalisiya 1325" qadın qrupu hökumət tərəfdaşı olan Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirmişdi. Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri xanım Nərmin Bağırova iştirakçılara Komitənin gələcək fəaliyyət planları haqqında məlumat verdi.

Plenar iclas zamanı iyirmidən çox iştirakçı "Koalisiya 1325"-in gələcək fəaliyyətı barədə öz fikirləri ilə bölüşdü. Dörd əsas istiqamət üzrə: qadınlar, yoxsulluq və iqtisadiyyat; qadınlar, təhsil və səhiyyə; qadınlara qarşı zorakılıq və qadınlar və silahlı münaqişələr; və qadınlar qərar qəbul etmə səviyyəsində müzakirələr işçi qruplarında davam etdirildi.

İşçi qruplarındakı müzakirələrin yekunları plenar iclasda təqdim edildi. Konfrans iştirakçıları tərəfindən ümumi götürdükdə iqtisadiyyat, hüquq, insan hüquqları, sosial məsələlər və reproduktiv sağlamlıq məsələləri üzrə təhsil və təbliğat proqramlarının (təlimlər, seminarlar, və s.) aparılması təklif edildi. Eləcə də belə proqramların kişilərin iştirakı ilə keçirilməsini, kütləvi informasiya vasitələri ilə daha yaxından işin qurulmasını, "Koalisiya 1325"-in üzvlərinin sayının artırılmasını tövsiyə edildi. Bu təkliflər bütün iştirakçılar tərəfindən bəyənildi.

Konfrans xanim Solmaz Hacıyeva və UNİFEM layihəsinin Baş Texniki Məsləhətçisi xanım Kristin Arab tərəfindən edilmiş son çıxışlarla bağlanıldı.

UNİFEM tərəfindən həyata keçirilən "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" regional layihəsi qadınların sülh yaradılması prosesində iştirak etmək imkanlarını dəstəkləməkdə maraqlıdır və təsdiq edir ki, uzunmüddətli sülhün qorunub saxlanması üçün qadınların üzərinə ciddi məsuliyyət düşür.

UNİFEM layihəsi çərçivəsində "Koalisiya 1325" qadın qrupu qadınlar, sülh və təhlükəsizlik haqqında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin prinsiplərinə əsaslanaraq qadınların sülh prosesində fəal iştirakına imkan yaratmaq məqsədilə 2002-ci ilin sentyabr ayında yaradılmışdır. Yaradıldığı gündən bu milli koalisiya BMTTŞ-nin 1325 saylı Qətnaməsinin məzmunu barədə Azərbaycan cəmiyyətinin məlumatını artırmağa və qadınların sülh yaratma proseslərində iştirakının vacibliyini vurğulamağa yönəlmiş bir sıra təşəbbüslər həyata keçirmişdir.


Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-m Gülşən Paşayeva
Layihənin milli əlaqələndəricisi
Tel: (+99412) 498 98 88 (əlavə.119)


Webmaster

© United Nations Azerbaijan 2005

English version Azeri Version