|
BMT Agentliklərinin birgə missiyası Azərbaycanın gələcəyinə inamla baxır
9-15 may 2005-ci il tarixində BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Uşaq Fondu (UNİCEF) və Ümumdünya Ərzaq Proqramının (ÜƏP) nümayəndələrindən ibarət birgə missiya Azərbaycana səfər etdi
BMT-nin ölkədə fəaliyyət göstərən agentliklərinin Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olması istiqamətində əməkdaşlığı hansı səviyyədədir? ÜƏP, UNİCEF və BMTİP/UNFPA-nın İcraçı Şuralarının 19 ölkədən olan 23 nümayəndədən ibarət missiyası bu suala hərtərəfli cavab əldə etmək üçün 9-15 may 2005-ci il tarixində ölkəyə səfər etdi.
Səfərin sonunda missiyanın rəhbəri səfir Harold Forsayt Mecia missiya nümayəndələri adından bu sualı şəxsən özü cavablandırdı: "Biz Azərbaycanın gələcəyi haqqında geniş şəxsi təəssüratlar əldə etdik".
Azərbaycan BMT qurumlarının İcraçı Şuraları üzvlərinin səfər etdikləri ölkələr sırasında Vyetnam, Mozambik və Qvatemaladan sonra dünyada 4-cü, Avropa və MDB məkanında isə ilk ölkə oldu. İcraçı Şura üzvlərinin bu qəbildən olan səfərləri BMT-nin islahı prosesində nisbətən yeni təcrübədir. Səfərlərin məqsədi BMT üzvü olan ölkələrin əsas prioritetlərinə və Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmasına BMT sistemi tərəfindən göstərilən dəstəyin əlaqələndirilməsinin gücləndirilməsindən ibarət idi.
Bir həftəlik səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev, yüksək səviyyəli hökumət rəsmiləri, çoxtərəfli təsisatlar, ikitərəfli donorlar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirdilər, BMT-nin ölkədə həyata keçirilən layihələri ilə tanış oldular və səfərlə əlaqədar təşkil olunmuş mətbuat konfransında iştirak etdilər. Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi səfir Yaşar Əliyev səfər boyu nümayəndə heyətini müşayiət etdi.
Mayın 10-da nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev qəbul etdi. Cənab Prezident vurğuladı ki, Azərbaycan BMT ilə əməkdaşlığa xüsusi önəm verir və bildirdi ki, BMT agentliklərinin ölkədə icra etdikləri layihələr yoxsullar, uşaqlar, qaçqın və məcburi köçkünlər də daxil olmaqla əhalinin aztəminatlı təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılmasına kömək edir.
Qlobal məzmunda Azrəbaycanın inkişaf istiqamətində vəzifələri, eləcə də ölkənin müxtəlif BMT qurumlarında iştirakı məsələləri Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov ilə görüşdə müzakirə edildi. Görüş BMTİP və BMT-nin Təlim və Tədqiqat İnstitutunun birgə layihəsi olan Xarici İşlər Nazirliyi üçün Milli Potensialın yaradılması layihəsinin tərkib hissəsi olan kompyuterləşmiş təlim mərkəzində təşkil edildi.
2015-ci ilədək yoxsulluğun yarıbayarı azaldılması ilə bağlı birinci MİM-ə nail olunması istiqamətində Azərbaycanın qarşısında duran vəzifələr Azərbaycan Respublikası İqtisadi İnkişaf Naziri cənab Fərhad Əliyevlə görüş zamanı müzakirələrin əsasını təşkil etdi. Tərəflər Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının (2003-2005) hazırlanması və icrasında BMT-nin rolu və ölkənin davamlı inkişafı üzrə gələcək 10-illik proqramda iştirakı məsələlərinə toxundular. Hər iki tərəf ölkənin inkişafı üçün neftdən gələn gəlirlərin düzgün idarə edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Həsənov ilə görüşdə qaçqın və məcburi köçkünlərlə bağlı çoxsaylı məsələlər müzakirə olundu. Cənab Həsənov bildirdi ki, Azərbaycanda hal-hazırda 1 milyon qaçqın və məcburi köçkün yaşayır ki, bunların 250.000 nəfəri Ermənistandan, 660.000 nəfər işğal olunmuş ərazilərdən, 100.000 nəfər isə Ermənistanla həmsərhəd rayonlardandır. Onun sözlərinə görə, hal-hazırda hökumət yalnız müəyyən həcmdə humanitar yardım göstərmək iqtidarındadır. Nümayəndə heyətini müşayiət edən ÜƏP-in Ölkə üzrə Nümayəndəsi cənab Rəhman Çoudhuri qeyd etdi ki, "missiya tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticəsi BMT-nin Azərbaycana davamlı yardımı baxımından mühüm əhəmiyyət kəsb edir". Bu arada, Baş nazirin müavini bildirdi ki, hökumət məcburi köçkünlər üçün iş yerlərinin yaradılmasını təmin edə biləcək mikromaliyyələşdirmə layihələrini nəzərdən keçirir.
Həmin gün Baş nazirin müavini cənab Elçin Əfəndiyevlə görüşdə Azərbaycanın təhsil və səhiyyə sahələrində mövcud olan çətinliklər müzakirə olundu. Həmçinin görüşdə iştirak edən Gənclər, İdman və Turizm naziri cənab Əbülfəz Qarayev, Təhsil nazirinin müavini cənab İsgəndər İsgəndərov və Səhiyyə nazirinin müavini cənab Abbas Vəlibəyov rəhbərlik etdikləri idarələrin fəaliyyəti və BMT ilə əməkdaşlığı haqqında görüş iştirakçılarına məlumat verdilər.
Dini qurumların rəhbərləri ilə 12 may tarixində keçirilən görüşdə Azərbaycanda HİV/AİDS-in durumu və problemin həllində dini icmaların rolu müzakirə olundu. "İlk baxışdan müxtəlif dini etiqadların rəhbərlərini bir araya gətirmək bir qədər "riskli" addım idi" - HİV/AİDS-lə mübarizədə vətəndaş cəmiyyətinin potensialının gücləndirilməsinə yönəldilmiş birgə BMTİP/UNAİDS layihəsinin Milli Əlaqələndiricisi x-m Lyudmila Məmmədova bildirdi. Lakin bu addım müsbət nəticələndi. "Onların insanlara olan sevgisi fəaliyyətimizin təməlini təşkil edir. Onlar eyni məsələ ətrafında birləşdilər." Dini qrupların nümayəndələri HİV/AİDS-lə bağlı ictimaiyyətin maarifləndirilməsi istiqamətində həyata keçirdikləri fəaliyyət haqqında məlumat verdilər.
Donor icmalar və QHT-lərlə görüşlərdə tərəflər Azərbaycanda dövlət idarəetmə sistemində islahatlar, insan hüquqları və neftdən gələn gəlirlərin idarə edilməsində şəffaflıq da daxil olmaqla demokratik idarəetmə sahəsindəki problemləri müzakirə etdilər.
Mayın 11-də missiya regionlara səfər etmək məqsədi ilə iki qrupa ayrıldı. Nümayəndələr İmişlidə məcburi köçkünlərə ərzaq yardımı məntəqələrində oldular. Onlar daha sonra İmişlidə UNİCEF-lə birgə icra edilən Təhsilə görə Ərzaq birgə layihəsinə baş çəkdilər.
Nümayəndə heyəti Salyanda UNFPA tərəfindən yaradılmış reproduktiv sağlamlıq mərkəzinə səfər etdilər, analar üçün səhiyyə xidmətləri, ailə planlaşdırılması, müasir kontraseptiv üsullardan istifadə və HİV/AİDS-in qarşısının alınması istiqamətində xidmətlərlə tanış oldular.
Mayın 13-də nümayəndə heyəti Fizulinin cənub-qərbində BMTİP və UNİCEF-in dəstəyi ilə icra edilən Mina Təhlükəsi ilə Mübarizə Proqramına səfər etdilər. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru cənab Nazim İsmayılov rəhbərlik etdiyi agentliyin fəaliyyəti və əldə olunmuş nailiyyətlər haqqında məlumat verdi.
Həmin gün missiya nümayəndələrinin bir qrupu UNİCEF tərəfindən Qubada icra edilən layihələrə səfər etdilər. Onlar layihələrin icra edildiyi Quba şəhər 2 saylı orta məktəbdə oldular. Onlar həmçinin Gənclər Resurs Mərkəzinə baş çəkdilər.
Nümayəndə heyəti ilə görüşdə BMT-nin Rezident Əlaqələndiricisi cənab Marko Borsotti diqqəti BMT-nin Azərbaycandakı agentliklərinin fəaliyyətinin əlaqələndirilməsinə yönəltdi. Onun sözlərin görə, BMT "yalnız birlikdə olsaq uğur qazana bilərik" fikrini dərk edən əməkdaşlardan ibarətdir. Bütövlükdə BMT sisteminin fəaliyyəti və səmərəliliyinin missiyanın diqqət mərkəzində olduğunu xatırladan cənab Borsotti bildirdi ki, - "BMT-nin ayrı-ayrı agentliklərinin simvol və rəmzləri BMT-nin vahidliyindən üstün ola bilməz." BMT-nin Azərbaycandakı roluna gəldikdə isə - "Azərbaycanda bir çox reallıqlar vardır, lakin keçid dövrü problemi də mövcuddur. Hər bir problemin həllində BMT-nin öz rolu vardır."
Səfərin son günü təşkil edilmiş mətbuat konfransında İcraçı Şuranın üzvləri MİM-lərə nail olunması, xüsusilə də yoxsulluğun azaldılması istiqamətində hökumətin səylərini alğışladı. "Yalnız Azərbaycanın hakimiyyət strukturları deyil, həmçinin BMT agentliklərinin əməkdaşları da Azərbaycanda ciddi fəaliyyət göstərir" - səfir Harold Forsayt bildirdi.
Səfərin sonunda cənab Rəhman Çoudhuri bildirdi ki, "Bu səfər böyük uğur oldu. Bu, BMT-nin İdarə Heyətinin fövqəladə ağır işi nəticəsində mümkün oldu."
İcraçı Şura nümayəndələrinin Azərbaycana səfəri haqqında hesabat iyunda keçiriləcək iclasların gündəliyinə daxil ediləcəkdir.
Dörd BMT agentliyinin İcraçı Şuraları bu agentliklərə rəhbərlik edən hökumətlərarası qurumlardır.
 |