BMT-nin Əhali Fondu və Təhsil Nazirliyi Zaqatalada Gənclərin reproduktiv sağlamlığı festivalını təşkil etmişdir

2007-ci il 1 iyun tarixində Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) Təhsil Nazirliyi ilə birgə Azərbaycanın Zaqatala rayonunda Beynəlxalq Uşaqları müdafiə gününə həsr edilmiş Gənclərin Reproduktiv Sağlamlığı Festivalını təşkil etmişdir.

Festival Avropa Komissiyası və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi Cənubi Qafqazda Gənclər üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü layihəsi çərçivəsində keçirilmişdir. Azərbaycanın 21 rayonundan - Zaqatala, Masallı, Lənkəran, Sumqayıt, Şəki, Quba, Cəlilabad, Neftçala, Tərtər, Bərdə, İmişli, Saatlı, Ağstafa, Goranboy, Xızı, Gəncə, Mingəçevir, Bakı və digər rayonlardan olan gənclər tədbirdə iştirak etmək üçün Zaqatalada toplaşmışdılar. Onlar Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən müvafiq rayonların Uşaq Yaradıcılıq Mərkəzlərinin üzvləri idilər.

Bu il keçirilən festivalın məqsədi daha çox könüllü gənci tədbirlərə cəlb etmək, eləcə də layihə və onun məqsədləri barədə ətraflı məlumat yaymaq məqsədi ilə Bakıdan kənarda olan rayonlarda yaşayan gənclər üçün kütləvi tədbirin təşkil edilməsindən ibarət olmuşdur.

Bakıdan olan Proqramın koordinasiya mərkəzinin üzvləri və layihənin partnyorları da tədbirdə fəal iştirak etmişlər: BMT-nin Əhali Fondunun ölkə nümayəndəliyinin, Təhsil və Səhiyyə Nazirliyinin nümayəndələri, həmçinin BMT-nin Təcrübəçilər Assosiasiyasından (UNİA) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (NAYORA) olan gənc təlimçilər.

Tədbirdə həmçinin Azərbaycan gəncləri arasında məşhur olan "Dəyirman" rep qrupu da iştirak etmişdir. Qrup üzvləri Reproduktiv sağlamlıq təşəbbüsü layihəsinə yaxınlarda qoşulmuşlar: onlar gənclər qarşısında duran reproduktiv sağlamlıq problemləri, xüsusilə də HİV/AİDS, gender məsələləri və narkotik vasitələrdən asılılığa dair gənclər üçün nəzərdə tutulmuş mahnının bəstələnməsinin son mərhələsindədirlər.

Tədbirin birinci hissəsi gənclərin Reproduktiv sağlamlığına həsr edilmiş ölkənin 25 müxtəlif rayonundan olan gənclərin 250-dən çox şəklinin sərgisi ilə başlayan Gənclərin Cinsi və Reproduktiv Sağlamlığına həsr edilmiş konfrans olmuşdur. Sərgidən sonra gənclərin iştirakı və müxtəliflik sahəsində olan əsas maneələr və stiqmalara hədəflənmiş gənclərin əbədi-bədii kompozisiyası nümayiş edilmişdir.

Bakıdan olan "həmyaşıd-həmyaşıda" təhsil sahəsindəki master təlimçilər Cənubi Qafqazda Gənclər üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü layihəsinin həmyaşıdlar arası təhsil sahəsində əldə etdiyi nailiyyətlər haqqında məlumat təqdim etdi və konfransın 500-dən çox gənc iştirakçısı üçün təlim keçirdi. İştirakçılara BMT-nin Əhali Fondu və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanmış və 2001-ci ildən başlayaraq 9-11 sinif şagirdləri və müəllimləri arasında müvəffəqiyyətlə tətbiq edilmiş "Reproduktiv Sağlamlığın Əsasları" dərsliyi paylanılmışdır.

Festival zamanı Zaqatala Rayon Texniki Yaradıcılıq Mərkəzinin məzunları öz yeni texniki modellərini (təyyarə və s.) nümayiş etmiş, sonra isə Zaqatala Uşaq Gənclər İdman Məktəbi ilə layihə gənc könüllüləri arasında Beynəlxalq Uşaqları müdəfiə gününə həsr edilmiş futbol yarışması keçirilmişdir.

Tədbir Zaqatala Uşaq Yaradıcılıq Mərkəzinin səhnəsində yerli iştirakçılarla yanaşı 21 rayondan olan gənclərin hazırladıqları musiqili və rəqslərdən ibarət konsert proqramı ilə davam etdirildi. Konserti Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı c-b Asif Əsgərov, Respublika Təhsil Nazirliyinin tərbiyə və hərbi hazırlıq idarəsinin rəisi c-b Ağababa İbrahimov və Aİ/BMT-nin Əhali Fondunun Cənubi Qafqazda Gənclər üçün Reproduktiv Sağlamlıq Təşəbbüsünün Azərbaycandakı əlaqələndiricisi c-b Teymur Seyidov açmışlar.

Konsert proqramının sonunda festivalın gənc iştirakçıların alqışları altında səhnəyə çoxdan gözlənilən "Dəyirman" qrupu çıxdı.

Festival geniş olaraq milli (LİDER TV) və yerli (Aygün TV) televiziya və radio kanalları və eləcə də yerli qəzetlər tərəfindən ("Exo", "Azərbaycan müəllimi" və s.) işıqlandırılmışdır.

Festivalın gənc iştirakçıları Reproduktiv sağlamlıq təşəbbüsünün fəaliyyətində maraqlı olduqlarını və həmyaşıdları arasında düzgün məlumatının yayılması sahəsində birgə işləməkdə niyyətli olduqlarını bildirmişlər.



Webmaster

© United Nations Azerbaijan 2007

English version Azeri Version