BMT-nin Rezident Əlaqələndiricisi BMT Gününü Bakı Beynəlxalq Məktəbinin şagirdləri ilə birlikdə qeyd etdi

1945-ci il oktyabrın 24-dən etibarən Birləşmiş Millətlər Təşkilatı (BMT) hər il öz ad gününü qeyd edir. Bu il Təşkilatın yaranmasının 60-cı ildönümü qeyd olundu.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Marko Borsotti builki BMT gününü 24 oktyabr 2005-ci il tarixində Bakı Beynəlxalq Məktəbində təhsil alan dünyanın müxtəlif ölkələrindən 2-16 yaş arasında uşaqlarla birlikdə qeyd etdi.

Şagirdləri bir araya gətirən tədbirin birinci hissəsində çıxış edən cənab Borsotti bildirdi ki, "gənclər qarşısında çıxış etmək çox çətindir. Lakin eyni zamanda çox vacibdir, çünki məhz onlar tərəqqinin hərəkətverici qüvvəsidirlər". O, BMT-nin tarixi, strukturu, başlıca prinsipləri və funksiyaları, eləcə də Azərbaycandakı fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verdi.

Görüş şagirdlərin təqdim etdikləri səhnəcik ilə davam etdirildi. Səhnəcikdə uşaqlar təmsil etdikləri ölkələrin əl ilə hazırlanmış bayraqlar vasitəsilə dünyanın iri xəritəsini canlandırdılar. Daha sonra cənab Borsotti BMT-nin emblemi əks olunmuş suvenirləri kiçikyaşlı məktəblilərə təqdim etdi. Şagirdlərin hazırladıqları musiqili səhnəcik dünyanın bütün insanlarını sülh və dostluq şəraitində yaşama dəvət edirdi. Səhnəciyin ardından valideynlər tərəfindən hazırlanmış "beynəlxalq nahar" - təmsil etdikləri ölkələrin ən gözəl mətbəx nümunələri qonaqlara təqdim olundu.

1994-cü ilin sentyabrında yaradılmış özəl qeyri-kommersiya müəssisəsi olan Bakı Beynəlxalq Məktəbi ingilis dilində yüksək səviyyədə məktəbəqədər və orta təhsil təqdim edir. Məktəbin fərdi yanaşma üzərində qurulmuş pedaqoji fəlsəfəsi kamilliyin tədrisinə yönəldilmişdir.

Foto qalereya

BMT-nin Rezident Əlaqələndiricisinin BMT Sistemi haqqında təqdimatı (İngilis dilində)


Webmaster

© United Nations Azerbaijan 2005

English version Azeri Version