|
Qadın Problemləri üzrə Dövlət Komitəsi UNİFEM-in dəstəyi ilə Pekin konfransının 10 illiyinə dair dəyirmi masa keçirdi
27 iyun 2005-ci il - Hyatt Park mehmanxanasında Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Pekindən 10 il sonra: Nailiyyətlər, Problemlər və Perspektivlər" adlı dəyirmi masa təşkil olundu. BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" layihəsinin dəstəyi ilə keçirilən dəyirmi masada yerli qadın təşkilatları, beynəlxalq tərəfdaşlar və dövlət qurumlarının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmin edilməsində Pekin Fəaliyyət Platformasının əhəmiyyətini müzakirə etmək məqsədi ilə bir araya gəldilər.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Zəhra Quliyeva Pekin prosesi və Azərbaycanın bu prosesdə fəal iştirakı haqqında danışdı. O, həmçinin bu prosesə töhfə verməklə bağlı Azərbaycan Hökumətinin götürdüyü öhdəliyi vurğuladı. Xanım Quliyeva genderin, Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı (YAİİDP 2006-2015) və milli Minilliyin İnkişaf Məqsədlərinə (MİM) tətbiq edilməsi üzrə 2005-ci il üçün fəaliyyət sahələrini təsvir etdi. Onun sözlərinə görə, bu fəaliyyətlər UNİFEM və Qadın Problemləri üzrə Dövlət Komitəsi arasında tərəfdaşlıq çərçivəsində həyata keçiriləcəkdir.
UNİFEM-in Baş Texniki məsləhətçisi xanım Kristina Ərəb layihənin bütün regionda və xüsusilədə Azrəbaycanda həyata keçirdiyi fəaliyyət və layihənin məqsədləri, eləcə də Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq barədə məlumat verdi. Xanım Ərəb icra edilməkdə olan cari qlobal proseslərin - Pekin+10, Minillik Sammiti və BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin 5-ci ildönümünün Azərbaycanda gender bərabərliyinin təmin edilməsində mühüm rol oynadığını vurğuladı. Bu mühüm qlobal proseslər müvafiq milli səviyyədə fəaliyyətləri - qadınlar üçün yeni milli fəaliyyət planının işlənib-hazırlanması və Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə yeni Dövlət Proqramının (2006-2015) hazırlanmasını dəstəkləyir.
Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Möminat Ömərova Azərbaycan Hökumətinin Qadınların Vəziyyəti üzrə Komitə qarşısında hesabatına həsr edilmiş təqdimat nümayiş etdirdi. Bu ilin martında BMT-nin Baş Qərargahında təqdim edilmiş bu hesabatda, qəbul edildikdən 10 il sonra Pekin Fəaliyyət Platformasının milli səviyyədə icrasının qiymətləndirilməsi aparılmışdır. Tədbir iştirakçıları öz müzakirələrində əsas diqqəti hesabatda işıqlandırılmış problemlərin həllinə yönəltdilər. Daha sonra iştirakçılar Azərbaycan Respublikası Qadınların İmkanlarının Genişləndirilməsi üzrə Milli Fəaliyyət Planının işlənib hazırlanması prosesində gələcək əməkdaşlığı müzakirə etdilər.
Pekin Fəaliyyət Platforması, iqtisadi, sosial, mədəni və siyası qərarların qəbul edilməsi də daxil olmaqla ictimai və şəxsi həyatın bütün sahələrində qadınların fəal iştirakına əngəl törədən maneələrin aradan qaldırılmasına yönəlmiş qlobal strategiyadır. Azərbaycan Hökumətinin bu hesabatı Qadınların imkanlarının genişləndirilməsi üzrə BMT-nin şöbəsi tərəfindən hökumətlərə göndərilmiş sorğu əsasında hazırlanmışdır. Bu sənəddə Azərbaycanda Pekin Fəaliyyət Platformasının icrası ilə əlaqədar nailiyyətlər və vəzifələr qiymətləndirilir.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
x-m Gülşən Paşayeva
UNIFEM-in Milli Əlaqələndərici
Tel: 498-98-88 (daxili 119)
Foto qalereya
 |