Qadınların bərabər imkanlarına dair Milli konfrans

Oktyabrın 29-30-da Bakıda “Konstitusiya hüquqlarından bərabər imkanlara doğru” mövzusunda Koalisiya 1325 qadın qrupunun İkinci Milli Konfransı keçirildi. Birləşmiş Millətlər Təşkilatıının Qadınlar üçün Inkişaf Fondunun (UNİFEM) “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” layihəsinin dəstəyi ilə, Koalisiya 1325 qadın qrupu və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, millət vəkilləri və hökumət rəsmiləri Azərbaycan qanunvericiliyində nəzərdə tutulan qadın hüquqlarını müzakirə etmək üçün bir araya gəldilər.

Konfransın spikerləri arasında BMTİP-in Rezident Nümayəndəsinin müavini c-b Devid Eyzenberq, UNİFEM-in Baş texniki məsləhətçisi x-m Kristina Ərəb və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri x-m Zəhra Quliyeva da var idi.

Konfransda Koalisiya 1325-in üzvləri x-m Dürdanə Məmmədova və x-m Novella Cəfərova, Bakı Dövlət Universitetinin Konstitusiya Hüququ kafedrasının Baş müəllimi c-b Elşad Nəsirov və UNİFEM-in layihə üzrə Milli Əlaqələndiricisi x-m Gülşən Paşayeva tərəfindən “Qanunvericilik və Gender bərabərliyi” mövzusunda prezentasiyalar təqdim olundu.

Konfrans iştirakçıları habelə UNİFEM-in dəstəyi ilə ölkənin bir sıra bölgələrində qərar qəbul edənlər və vətəndaşların iştirakı ilə, qadınların rəhbər vəzifələrdə bərabər iştirakı və onların cəmiyyətdə ənənəvi rolunu müəyyənləşdirən gender stereotipləri məsələlərinə həsr olunmuş dəyirmi masaların nəticələrini də müzakirə etdilər. Bu müzakirələrin əsasında konfrans iştirakçıları mövcud olan və gələcəkdə qəbul olunacaq qanunvericilikdə qadın hüquqlarını təmin etmək üçün konkret addımlar və xüsusi tədbirlər barəsində Azərbaycan Respublikası Prezidentinə və Milli Məclisə təqdim olunmaq üçün tövsiyyələr hazırladılar.

Foto qalereya

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-m Gülşən Paşayeva
Layihə üzrə Milli Əlaqələndirici
Tel: 498 98 88 (dax. 119)


Webmaster

© United Nations Azerbaijan 2004

English version Azeri Version