|
BMT-nin Azərbaycandakı Nümayəndəliyi Gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi üzrə tematik qrup yaradır
6 aprel 2006-cı il tarixində BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentliklərinin, Qadın, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, habelə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı (YAİİDP) Katibliyinin nümayəndələrinin iştirakı ilə BMT-nin Gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi üzrə tematik qrupunun ilk toplantısı keçirildi.
BMT-nin Gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi üzrə tematik qrupa genderi bütün başlıca siyasət və proqramlara daxil etməklə BMT agentliklərinin gender bərabərliyinin təminatı üzrə ümumi fəaliyyətini gücləndirmək; gender bərabərliyi üzrə birgə BMT proqramları icra etməklə BMT-nin əlaqələndirilməsini genişləndirmək; təkrara yol verməmək üçün cari və gələcək fəaliyyətlər üzrə məlumat və təcrübə mübadiləsi üçün məkan müəyyən etmək həvalə olunmuşdur. Minilliyin İnkişaf Məqsədi (MİM) 3 - Gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi üçün aparıcı agentlik olan BMT-nin Əhali Fondu (UNFPA) öz potensialı çərçivəsində qrupun fəaliyyətinə yardım edəcəkdir.
BMT agentliklərinin nümayəndələrinin iştirak etdiyi tədbiri UNFPA-nın Azərbaycan üzrə Ölkə Direktoru xanım Anne-Birgitte Albrektsen açdı. Onun fikrincə, gender perspektivinin ölkənin siyasi, iqtisadi və sosial siyasətləri və proqramlarının tərtibatı, icrası, monitorinqi və qiymətləndirilməsinə daxil edilməsi və BMT sisteminin gender sahəsi üzrə potensialının gücləndirilməsi MİM 3-ə nail olmaq üçün həlledici amildir.
Tədbir Qadın, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin baş məsləhətçisi xanım Vüsalə Əliyevanın nümayiş etdirdiyi təqdimatla davam etdi. "Ölkənin gender siyasətləri: nailiyyətlər və maneələr" adlanan təqdimat diqqəti qərarların qəbul edilməsi prosesində və təhsil sahəsində Azərbaycan qadınlarının hazırki vəziyyətinə, eləcə də erkən nikah, iqtisadi təhlükə, qadınlara qarşı ayrı-seçkilik, qadın al-veri məsələlərinə yönəltdi.
"2006-2015-ci illər üçün Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramında gender komponenti" adlı növbəti təfsilatlı təqdimat Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı Katibliyinin Gender üzrə mütəxəssisi xanım Günay Məmmədova tərəfindən nümayiş etdirildi. Qadınların vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə 2006-2015-ci illər üçün Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramında müəyyən edilmiş dövlət tədbirləri haqqında tədbir iştirakçılarına qısa məlumat verildi.
Geniş müzakirələr zamanı iştirakçılar genderlə bağlı hər bir agentliyin icra etdiyi fəaliyyətlər haqqında məlumat mübadiləsi apardılar.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-m Niqina Abaszadə
Gender və İctimai Əlaqələr üzrə Müşavir
Tel: (+99412) 498 98 88 (əlavə. 123)
Foto qalereya
 |