|
UNFPA 2005-ci il üçün İllik İcmal Toplantısı təşkil etdii
Bakı, 7 dekabr, 2005-ci il - BMT-nin Əhali Fondu (UNFPA) Excelsior mehmanxanasında 2005-ci il üçün İllik İcmal Toplantısı təşkil etdi. Tədbirin əsas məqsədi UNFPA-nın 2005-ci ildə əldə etdiyi nailiyyətləri, meydana çıxan problemləri və əldə edilmiş bilikləri müzakirə etmək və bu təşkilatın hökumət, qeyri-hökumət təşkilatları (QHT), BMT agentlikləri, ikitərəfli təşkilatlar və özəl sektordan olan əsas tərəfdaşları ilə birlikdə 2006-cı il üçün əsas fəaliyyət istiqamətlərini müəyyən etməkdən ibarət idi.
Tədbir gender bərabərliyinə həsr edilmiş video klipin nümayişi ilə açıldı. Sonra açılış nitqi ilə çıxış edən UNFPA-nın Proqram üzrə Əlaqələndiricisi cənab Fərid Babayev Minilliyin İnkişaf Məqsədlərindən (MİM) ikisinin - MİM 3 (Gender Bərabərliyini təmin etmək və Qadınların səlahiyyətlərini genişləndirmək) və MİM 5 (Ana sağlamlığını yaxşılaşdırmaq) UNFPA-ya həvalə edildiyini və bu agentliyin icra etdiyi proqramlar sayəsində ölkədə yoxsulluğun azaldılmasına fəal surətdə kömək etdiyini bildirdi.
UNFPA-nın Ölkə üzrə Direktoru xanım Anna-Birgitte Albreksten UNFPA-nın yeni baxış və məramını bəyan edərək bildirdi ki, "Zaman keçdikcə UNFPA ölkədə qadın və gənclərin səsinə çevrilir. Bu təşkilat Azərbaycanda fəaliyyətin yeni üsulunu həyata keçirməkdədir ki, bu da cəmiyyətin bütün sahələri - bizim başlıca tərəfdaşımız olan Hökumət, QHT-lər, təhsil ocaqları ilə tərəfdaşlıqdan ibarətdir. Həm video klipdən, həm də bu gün təqdim edəcəyimiz icmaldan aydın olacaq ki, bir çox illər ərzində gender məsələləri Azərbaycandakı fəaliyyətimizin əsasını təşkil etsə də, 2005-ci ildə bu sahəyə daha ciddi önəm verilmişdir".
Milli Məclisin üzvü xanım M. Həsənova qeyd etdi ki, MİM-lər bütün Hökumət siyasətlərinə daxil ediləcəkdir və Azərbaycanda bu proses artıq başlamışdır: "Azərbaycanda ana ölümü dərəcəsi yüksək olaraq qalır. Həyəcan təbili çalmağın vaxtı gəlib çatmışdır. AİDS-in yayılma dərəcəsi və uşaq ölümü ilə bağlı göstəricilər də ürəkaçan deyildir". Onun sözlərinə görə, UNFPA 2006-cı ildə fəaliyyətini əsasən gender məsələlərinə yönəldəcəyini qarşıya məqsəd qoysa da, həmin il üçün fəaliyyət planında bütün gender siyasətləri əhatə edilməmişdir. "Səhiyyə üçün ayrılmış resurslarla bu sahədə islahatların aparılması üçün tələb olunan maliyyə vəsaiti arasında ciddi uyğunsuzluq mövcuddur. Xüsusilə kənd yerlərində təhsilə cəlb edilmiş oğlanlarla qızların sayında da fərq vardır. Qadınların səlahiyyətlərinin genişləndirilməsinə dair Prezident tərəfindən sərəncam imzalanmasına baxmayaraq, bu sənədin icrası üçün əsas maneə büdcədir. Demək olar ki, bu gün Azərbaycanda qərar qəbul edənlər arasında qadınlar yoxdur. Nəzərə alsaq ki, büdcəni qadınlar deyil, kişilər idarə edirlər, bu problemin əsas səbəbləri aydın olur. Bunun üçün də, bu insanların maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir". Xanım Həsənova bildirdi ki, bu yaxınlarda keçirilmiş parlament seçkilərində 2000 namizəd iştirak etsə də, onlardan yalnız 117 nəfəri qadınlar idi. "Bu rəqəm bütün namizədlərin yalnız 7-8%-ini təşkil edir. Bu, ölkədə gender bərabərliyi problemlərinin əsas göstəricilərindən biridir. Cəmiyyətimizdə qadınlar öz səslərini eşitdirməkdən çəkinirlər".
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Demoqrafiya Departamentinin rəhbəri cənab Vahab Məmmədovun sözlərinə görə, UNFPA əhali və inkişaf məsələlərinin həlli sahəsində, xüsusilə də ölkədə demoqrafik tədqiqat və araşdırmaların həyata keçirilməsində nazirliklə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, demoqrafik problemlərə planlaşdırma prosesində xüsusi diqqət yetirilməsi yoxsulluğun azaldılması prosesinin davamlılığının təmin edilməsinə kömək edir.
Əhali Fondunun Azərbaycandakı fəaliyyətinin əsasını təşkil edən reproduktiv sağlamlıq sahəsində də nailiyyətlər əldə edilmişdir. Belə ki, bütün ölkədə reproduktiv sağlamlıq mərkəzləri şəbəkəsini genişləndirmək mümkün olmuşdur ki, bu da təcili obstetrik xidmət də daxil olmaqla bütün reproduktiv sağlamlıq xidmətlərinin təmin edilməsinə imkan verir. Səhiyyə Nazirliyinin Reproduktiv Sağlamlıq üzrə Milli Əlaqələndiricisi xanım İzzət Şamxalova bildirdi ki, 2005-ci ildə təşkil edilmiş təlimlərdə 315 ginekoloq, Polis Akademiyasının 375 nümayəndəsi və 575 ambulator həkim iştirak etmişdir. Bundan başqa, bu il gender terminlərinin izahlı lüğəti nəşr edilmişdir. 2006-cı ilin sonunadək 4 regionda mobil obstetrik bölmələrin fəaliyyətinin təmin edilməsi nəzərdə tutulur.
Açılış mərasimi təqdimatlarla davam etdirildi və sektor işçi qrupları əldə edilmiş biliklər əsasında, eləcə də mövcud vəziyyət və ehtiyacları qiymətləndirməklə cari və 2006-cı ildə icra ediləcək proqramların strateji istiqamətlərini müzakirə etdilər.
Daha ətraflı məlumat üçün müraciət edə bilərsiniz:
C-b Fərid Babayev
Layihə Əlaqələndiricisi
Tel: (+99412) 498 98 88 (əlavə. 124)
Foto qalereya
 |