Uğura zəmin yaradan başlıca amil şəxsi ambisiyalar deyil, ümumi məqsəddir

UNİFEM-in dəstəklədiyi Koalisiya 1325-in növbəti toplantısında nümayəndələr Koalisiyanın fəal üzvü xanım Hicran Hüseynovanı gender üzrə yeni hökumət qurumunun sədri seçilməsi münasibətilə təbrik etdilər.

Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli fərmanına əsasən xanım Hüseynova Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.

"Bu, Koalisiyamızın fəxr hissi ilə qeyd edə biləcəyi növbəti nailiyyətidir" - deyə koalisiya üzvləri BMT-nin Azərbaycandakı Nümayəndəliyində keçirilən növbəti toplantıda bildirdilər.

Koalisiya 1325-in sülhyaratma və gender bərabərliyi məsələlərində UNİFEM-lə sıx əməkdaşlıq edən iki üzvü 2005-ci ilin noyabr ayında keçirilən Milli Məclisə seçkilər zamanı qalib gəldilər.

Milli Məclis üzvü seçilən 14 qadın arasında Koalisiya çərçivəsində Qaçqın və məcburi köçkün qadınların milli şəbəkəsini təmsil edən xanım Həvva Məmmədova və növbəti dəfə Milli Məclisə üzv seçilən, daha sonra isə vitse-spiker vəzifəsinə təyin edilən xanım Bahar Muradova da vardır.

Bundan başqa, Koalisiyanın yaradıcılarından daha biri xanım Tamam Cəfərova Azərbaycan Respublikasının Mərkəzi Seçki Komitəsinin (MSK) üzvü seçilmişdir. Milli Məclisdə azlıq təşkil edən müxalifət nümayəndələrini təmsil edən xanım Cəfərovanın bu vəzifəyə namizədliyi parlament üzvləri tərəfindən qəbul edilmişdir. MSK-ya yeni təyin olunan 13 üzvdən yalnız 3 nəfəri qadınlardır.

"Biz təcrübə və səylərimizi birləşdirərək, gender bərabərliyinin təmin edilməsi, və xüsusilə də qərarların qəbul edilməsi və sülh yaradılması proseslərində qadınların irəli çəkilməsi istiqamətində səsimizi ucaldaraq, bütün bu nailiyyətləri əldə etmişik".

Cənubi Qafqazda mövcud olan hal-hazırki "nə müharibə, nə sülh" vəziyyəti və bu durumun qız və qadınlara təsirini gender bərabərliyinin təmin edilməsi üzrə yüksək siyasi vəzifələrdə çalışan qadınların sayının azlığı faktı daha da mürəkkəbləşdirir. Regionda rəhbər vəzifələrdə çalışan qadınların sayı azalmaqdadır.

"Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" UNİFEM-in Regional layihəsi gender bərabərliyini təmin etmək, qərarların qəbul edilməsi prosesində qadınların iştirakını genişləndirmək və münaqişələrin qarşısının alınması və sülh yaradılması üçün əlverişli mühit yaratmaq məqsədi ilə 2001-ci ildən etibarən hökumət və hər üç ölkədə fəaliyyət göstərən qadın şəbəkələri ilə əməkdaşlıq edir.

Regionda qadınların səlahiyyətlərini genişləndirmək məqsədi ilə layihə tərəfindən müvəffəqiyyətlə həyata keçirilən strategiyalardan biri hər üç ölkədə qadın hərəkatı arasında alyans və dialoqların genişləndirilməsindən ibarətdir.

UNİFEM-in bu layihəsinin dəstəyi ilə 2002-ci ilin sentyabrında Azərbaycanda təsis edilmiş Koalisiya 1325 cəmiyyətin bütün təbəqələrini - Milli Məclis, hökumət və qeyri-hökumət təşkilatları, siyasi partiyalar, kütləvi informasiya vasitələri və elm sahələrini təmsil edən 22 qadından ibarətdir.

Üç ildən artıqdır ki, Koalisiya gender bərabərliyinin, xüsusilə də qərarlaırn qəbul edilməsi prosesində qadınların iştirakının təmin edilməsi, münaqişələrin qarşısının alınması və sülh yaradılması kimi problemlərin həllinə ciddi töhfələr verir.

"Şəxsi ambisiyalar deyil ümumi məqsəd insanları birləşdirir və müvəffəqiyyət əldə etməyə imkan verir", - xanım Hicran Hüseynova bildirdi. "Biz hamımız müxtəlif partiya və təşkilatları təmsil edirik və gündəlik həyatda tez-tez rastlaşmırıq. Buna baxmayaraq, biz Koalisiyada bir araya gələrək başlıca prinsiplərə doğru irəliləməyi və ümumi dəyərlər naminə səsimizi birləşdirməyi bacardıq".


Photo gallery


Webmaster

© United Nations Azerbaijan 2006

English version Azeri Version