Dünya Dövlətləri Başçılarının ən İrimiqyaslı Sammiti

İyul ayının 8-də BMT-nin Azərbaycandakı nümayəndəliyində media nümayəndələri üçün brifinq keçirilmişdir. Brifinqin keçirilməsində məqsəd mətbuat nümayəndələrinə 2005-ci ilin sentyabr ayının 14-16-da dünya dövlətlərinin rəhbərlərinin iştirakı ilə keçiriləcək Ümumdünya Sammiti barədə məlumat vermək idi.

Brifinqi giriş sözü ilə açan BMT-nin Bakı ofisinin İctimai Əlaqələr və İnformasiya Departamentinin müdiri Fərqan Abbaszadə 2005-ci ilin BMT ücün vacibliyini dilə gətirdi. Onun sözlərinə görə, BMT üzvü olan 191 dövlətin rəsmilərinin qatılacağı tədbirdə Minilliyin İnkişaf Məqsədlərini (MİM) əhatə edən öhdəliklərin icrası diqqət mərkəzində olacaq. Daha sonra Fərqan Abbaszadə MİM-lərin əsas mahiyyəti və MİM-lərdən gələn öhdəliklər barədə məlumatı media numayəndələrinin diqqətinə çatdırdı.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Baş müşaviri Şahin Pənahov sammitdə müzakirə ediləcək BMT Baş Katibinin "Daha azad mühitdə" hesabatını jurnalistlərə təqdim etdi. Şahin Pənahov qeyd etdi ki, sözügedən hesabatda əsas diqqət ifrat yoxsulluğun azaldılması, inkişaf və insan hüquqlarının qorunmasına yönəldilib. 2005-ci ilin Umumdünya Sammitində üç istiqamət üzrə müzakirə ediləcək məsələləri bərabərtərəfli üçbucaq adlandıran Şahin Pənahov bildirdi ki, "Bunlardan birinin pozulması digər sahələrə də təsir göstərir. Bəllidir ki, bu gün dünyanın 40-dan çox ölkəsində münaqişələr yaşanmaqdadır. Həmçinin münaqişələr zamanı 25 milyon məcburi köçkün və 10 milyondan artıq qaçqın var ki, bunların üçdə biri BMT-nin yardımlarından kənarda qalıb". Şahin Pənahov həmçinin 40 milyon insanın AİDS-ə yoluxduğunu, 20 milyon insanın bu virusdan dünyasını dəyişdiyini, habelə dünyada 1 milyard insanın gündəlik gəlirinin 1 dollardan aşağı olmasını media mənsublarının diqqətinə çatdırdı.

Şahin Pənahova görə, dünya ölkələri, o cümlədən də Azərbaycan üçün 2005-ci il Ümumdünya Sammitində diqqət çəkən ən maraqlı məqam yoxsulluğun azaldılması ilə bağlı müzakirələr olacaq. Belə ki, hesabat tövsiyələrinə uyğun olaraq inkişaf etməkdə olan ölkələr 2006-cı ilədək 10 illik milli inkişaf strategiyası hazırlamalıdır. Sənədə əsasən inkişaf etmiş ölkələrin ümumi milli gəlirlərinin 0,7 faizini inkişaf etməkdə olan ölkələrə ayırması, 2015-ci ilədək bu hədəfə nail olunması tövsiyə edilir. Şahin Pənahov bildirdi ki, beynəlxalq qurumların araşdırmalarına əsasən Azərbaycan inkişafına görə, orta səviyyədə qərarlaşıb. Ümumiyyətlə isə beynəlxalq qurumlar Azərbaycan kimi orta gəlirli ölkələrə donorlara deyil, öz daxili imkanlarına güvənməyi məsləhət görür.

Sammitdə müzakirə olunacaq digər məsələlərə nəzər salan Şahin Pənahov bildirdi ki, inkişaf etməkdə olan dövlətlərin dünya bazarına çıxması da sammit iştirakçılarının diqqətində olacaq. Belə ki, BMT katibi Kofi Annan öz tövsiyələrində inkişaf etmiş ölkələrə kasıb ölkələrin borclarını tamamilə silməyə çağırır. Bunu ədalətli qərar adlandıran BMT rəsmisi "Ümumiyyətlə, hesablamalar göstərir ki, kasıb ölkələrin gəlirlərinin çox böyük bir hissəsi məhz həmin borcların qaytarılmasına xərclənir. Odur ki, ölkənin inkişafı üçün borcların tam silinməsi vacib addım olardı", - dedi.

Çıxışında Şahin Pənahov daha sonra qeyd etdi ki, sammitdə inkişaf etməkdə olan ölkələrin kvotasız və vergidən azad edilmiş şəkildə dünya bazarlarına çıxmasının təmin edilməsi məsələsi də müzakirə ediləcək.

Bundan əlavə 2005-ci il Sammitində insan həyatı üçün real təhlükə yaradan terrorizmə qarşı mübarizə, insan hüquqları şurasının yaradılması, post-konflikt ölkələrdə parçalanan maddələrin istehsalını qadağan edən, həmçinin kiçik çaplı silahlar üzərində nəzarəti təmin edən sazişin hazırlanması gözlənilir. Sammitə qatılacaq dünya dövlətlərinin başçıları bu gün ən aktual olan iqlim dəyişikliyi, biomüxtəliflik, səhralaşma kimi ekoloji problemlərin həllini də diqqət mərkəzində saxlayacaq.

Sammitin gedişində dünya dövlətləri rəhbərləri BMT-nin əsas strukturunda islahatların aparılması, o cümlədən də Rezident Əlaqələndiriciyə geniş səlahiyyətlərin verilməsi məsələlərinə baxacaqlar.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Şahin Pənahov
Rezident Əlaqələndiricinin Baş Müşaviri
Tel: (+99412) 498 98 88 (əlavə.118)

Foto qalereya


Webmaster

© United Nations Azerbaijan 2005

English version Azeri Version