UNFPA-nın Azərbaycandakı Nümayəndəliyi və Qərb Universiteti nəzdində Gender üzrə Tədqiqat Mərkəzi Yay Məktəbi təşkil edir

4-9 sentyabr 2006-cı il tarixində Zaqulbada yerləşən "Gənclik" gənclər mərkəzində UNFPA-nın Azərbaycandakı Nümayəndəliyi və Qərb Universiteti nəzdində Gender üzrə Tədqiqat Mərkəzi tərəfindən "Gender və təhsil" mövzusunda 5 günlük yay məktəbi təşkil olundu. Tədbirin keçirilməsində məqsəd namizədlər/magistr dərəcəli tələbələr, Milli Elmlər Akademiyasının, eləcə də ali məktəblərin professor heyəti üçün gender konsepsiyası və metodologiyasını təqdim etməklə ölkədə gender üzrə tədqiqatların aparılmasına təkan verməkdən ibarətdir. 20 nəfər üçün təşkil olunmuş məktəbdə ixtisaslı ekspertlər və təlimçilər iştirakçıları genderə müasir metodoloji yanaşma ilə tanış etdilər.

Tədris prosesində aşağıdakı mövzulara toxunuldu: Minilliyin İnkişaf Məqsədləri və davamlı inkişaf; gender üzrə tədqiqatlar üçün nəzəri və metodoloji baza, müasir araşdırmalar, Azərbaycanda qadınların inkişaf tarixi; davamlı inkişafa gender baxımından yanaşma; iqtisadiyyat və məşğulluqda gender aspektləri; gender statistikası; reproduktiv sağlamlıq və ailə planlaşdırılması; gender əsasında zorakılıq və insan hüquqları; İslamda gender aspektləri; genderin sosial - psixoloji aspektləri; gender stereotipləri; dil və kommunikasiyada gender, rəssamlıq və mədəniyyətdə gender, gender və İKT və s.

Tədbirdə Bakı, Naxçıvan, Lənkəran, Gəncə Dövlət Universitetlərinin tələbələri iştirak etdilər. İntensiv tədris proqramı ilə yanaşı iştirakçılara milli muğam axşamı, qiraət axşamı və film nümayişindən ibarət bədii hissə də təqdim olundu.

Məktəb öz fəaliyyətinə sertifikatların təqdimat mərasimi ilə yekun vurdu. Həmin gün iştirakçılar gender perspektivlərinin tədqiqatlara daxil edilməsi ilə bağlı öz təkliflərini təqdim etdilər.


Foto qalereya


Webmaster

© United Nations Azerbaijan 2006

English version Azeri Version