UNFPA tərəfindən təşkil olunmuş Konfransda Beynəlxalq Ailə İlinin 10-cu ildönümü qeyd olundu

14 oktyabr 2004-cü il - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi tərəfindən “Ailə Problemləri: Sosial-demoqrafik və Gender aspektləri” adlı elmi-praktiki konfrans təşkil olundu. Tədbirin məqsədi Beynəlxalq Ailə İlinin 10-cu ildönümünün qeyd olunmasından ibarət idi.

Konfrans Azərbaycan Respublikası Milli Məclisinin üzvlərini, aparıcı dövlət müəssisələri və agentliklərinin, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri nümayəndələrini bir araya gətirdi.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Əli Nağıyev Beynəlxalq Ailə İlinin qeyd olunmasının tarixi haqqında qısa məlumat verdi. Ailənin başlıca sosial-iqtisadi problemləri və qayğılarını ön plana çəkən nazir ailənin hər bir cəmiyyət üçün əhəmiyyəti və rolunu işıqlandırdı. Cənab Nağıyev təhsil və mədəniyyətin də ailədə mühüm rolu olduğunu vurğuladı. “Ailə nə qədər savadlı və sağlam olarsa, cəmiyyət də bir o qədər savadlı və sağlam olar”-deyə cənab nazir bildirdi.

Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Zəhra Quliyeva Beynəlxalq Ailə Ilinə həsr olunmuş tədbirin təşkili ilə əlaqədar BMT-nin, xüsusilə də UNFPA-nın Azərbaycandakı nümayəndəliyinə minnətdarlığını bildirdi. X-m Guliyeva öz nitqində ailənin qurulması və idarə olunması prosesində qadınların rolunu vurğuladı. “Qız və qadınların hüquq və imkanlarının genişləndirilməsi təkcə ailələrin maddi rifahı üçün deyil, həmçinin sağlam cəmiyyət və ölkənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.”- deyə sədr bildirdi.

UNFPA-nın Baş müşaviri x-m Cəmilə Kərimova 2005-2009-cu illər üçün Ölkə Proqramı çərçivəsində əhali, ailə və genderlə əlaqədar sahələrdə UNFPA-nın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verdi. Onun fikrincə, UNFPA qadın hüquqları, reproduktiv sağlamlıq və gender bərabərliyi sahəsində həyata keçirilən siyasətləri və kişi və qadınların ailə və ictimai həyatın bütün sahələrində bərabər iştirakını dəstəkləyir.

“Ailə cəmiyyətin başlıca özəyidir və buna görə də xüsusi diqqətə layiqdir” prinsipinə müvafiq olaraq, BMT Baş Assambleyası 1994-cü ili Beynəlxalq Ailə İli elan etdi. Bu, hər bir cəmiyyətin başlıca sosial özəyi olan ailələrin inkişafa yönəlmiş səylərdə roluna diqqət yetirməyin vacibliyini vurğulamışdır. Beynəlxalq Ailə İlinin 10-cu ildönümünun qeyd olunduğu bu il ailələr tərəfindən üzləşdiyi problemlərin həllinə yenidən təkan vermək imkanı yaradır.

Foto qalereya

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-m Cəmilə Kərimova
Əhali Fondunun Proqram üzrə baş müşavir
Tel: 498 98 88 (dax. 141)


Webmaster

© United Nations Azerbaijan 2004

English version Azeri Version