
![]() ![]() |
|
Qlobal Atəşkəs Günü Fizulidə qeyd olundu
Beynəlxalq Sülh Günü münasibətilə builki müraciətində BMT Baş katibi cənab Koffi Annan “Bu gün-Qlobal atəşkəs və qeyri-zorakılıq günü dünyanın bütün millət və xalqlarını düşmənçiliyi dayandırmaq şərəfinə layiq olmağa” çağırdı. 1981-ci ildə BMT Baş Assambleyası Beynəlxalq Sülh Gününü təsis etdi və BMT üzvü olan dövlətləri, qeyri-hökumət təşkilatlarını və insanları BMT-nin insanlar və xalqlar arasında sülhün qorunub saxlanması istiqamətində götürdüyü öhdəliyi özündə əks etdirən bu günü qeyd etməyə dəvət etdi. Həmin vaxtdan bəri Beynəlxalq Sülh Günü hər ilin sentyabr ayının üçüncü Çərşəmbə axşamı günü qeyd olunurdu və BMT Baş Assambleyasının Nyu-York şəhərində müntəzəm olaraq keçirilən sessiyasının açılışına təsadüf edirdi. Lakin Baş Assambleyanın 2001-ci il, 7 sentyabr tarixində qəbul olunmuş 55/282 saylı Qətnaməsinə əsasən 2002-ci ildən etibarən Beynəlxalq Sülh Gününün hər il sentyabr 21-də qeyd olunması qərara alındı. Bu il Beynəlxalq Sülh Gününü qeyd etmək məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi və BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” layihəsi, Məcburi köçkün qadınların milli şəbəkəsi və Koalisiya 1325 qadın qurumunun üzvləri ilə birlikdə 2004-cü il sentyabrın 19-da Azərbaycanın Ermənistanla sərhədi yaxınlığında yerləşən Fizuli rayonunun Horadiz qəsəbəsində bir araya gəldilər. BMT adına küçədə yerləşən Horadiz Mədəniyyət Evində təşkil olunmuş “Sönmüş ocaqlara qayıdaq” adlı bu tədbirdə Horadiz qəsəbəsindən və ölkənin digər regionlarından olan 70 nəfərədək qadın iştirak edirdi. Tədbiri açan Fizuli rayon İcra Hakimiyyətinin başçısı cənab Nəbi Muxtarov tədbir iştirakçılarını salamlayaraq, Məcburi köçkünlərin bir hissəsi Fizuliyə qayıtdıqdan sonra rayonda görülmüş bərpa işləri haqqında onlara məlumat verdi. Tədbirdə Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Zəhra Quliyeva bu tədbiri təşkil etdiklərinə görə BMT-nin Azərbaycandakı Nümayəndəliyinə, xüsusilə də UNİFEM-ə öz təşəkkürünü bildirdi. O, qeyd etdi ki, sülh mədəniyyəti hər şeydən öncə ailə daxilində, insanlar arasında və ictimaiyyətlə qarşılıqlı əlaqələrdə aşılanmalı və yalnız bundan sonra beynəlxalq əlaqələrə şamil olumalıdır. UNİFEM-in Layihə üzrə Milli Əlaqələndiricisi xanım Gülşən Paşayeva Beynəlxalq Sülh Gününün qeyd olunmasının tarixi, onun ardınca isə Koalisiya 1325 çərçivəsində həyata keçirilən fəaliyyət barədə tədbir iştirakçılarına qısaca məlumat verdi. Onun sözlərinə görə, Koalisiyanın əsas məqsədinə nail olunması istiqamətində mühüm işlər görülsə də, görüləsi işlər hələ çoxdur. Azərbaycan Respublikası Milli Məclisinin üzvü xanım Əsmət Məmmədova və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Möminat Ömərova sülh və sabitliyin Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rolundan danışdılar. Tədbirdə həmçinin Koalisiya 1325-in nümayəndələri və Məcburi köçkün qadınların milli şəbəkəsinin üzvləri BMT-nin Təhlükəsizlik Şurasının 1325-ci Qətnaməsinə uyğun olaraq, münaqişələrin qarşısının alınması və həlli, eləcə də bu istiqamətdə qərarların qəbul olunması və sülh yaradılmasında Azərbaycan qadınlarının (xüsusilə də məcburi köçkün qadınların) rolu, onların sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərə cəlb olunması və bu prosesdə bərabər iştirakı kimi məsələləri müzakirə etdilər.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz: |
|
© United Nations Azerbaijan 2004 |