Tütün dünyada qarşısı alına bilinən əsas ölüm gətiricilərindən biridir və o özünün müntəzəm istifadəçilərinin 50 faizinin ölümünə səbəb olur. Bu öz istehsalçıları tərəfindən ölüm saçma məqsədilə istehsal edilən yeganə istehlak malıdır. Tütün məmulatlarından istifadə ildə 5,4 milyon adamın həyatdan getməsinə səbəb olur ki, bu da orta hesabla hər altı saniyədə bir nəfərin ölümü deməkdir və bütün dünya üzrə 10 nəfər yetkin insandan birinin həyata vida etməsi deməkdir. 20-ci əsrdə tütündən istifadə 100 milyon nəfərin ölümünə səbəb olmuşdur. Əgər vəziyyət belə məcrada davam edərsə, 21-ci əsrdə insan ölümlərinin sayı bir milyarda çatacaqdır.
Tütün bu gün aparıcı ictimai səhiyyə problemlərinin arasında yeganə problemdir ki, biz bu epidemiyanın qarşısının alınması vasitələrindən xəbərdarıq və o bizim üçün əlçatmaz deyil. Dünyada ölümə gətirib çıxaran 8 vacib səbəbdən 6-sı bu risk faktoruna aiddir. Bütün dünya üzrə insanların çoxu 18 yaşından əvvəl siqaret çəkməyə başlayır və həmin insanların dörddən biri hətta siqaret çəkməyə 10 yaşından da öncə başlayır. İnsanlar nə qədər erkən gənclik dövründə siqaret çəkməyə başlayırlarsa, onların siqaretə öyrəşmə halı daha çox, onu tərgitmə ehtimalları isə daha azdır.
Gəncləri tütünün zərərindən qorumağın ən effektiv vasitələrindən biri tütün məhsullarının reklamına və hər hansı bir tədbirin və ya fəaliyyət növünün siqaret sənayesi tərəfindən sponsorluq etməsinə qadağa qoymaqdır.
7 fevral 2008-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatı tütün üzərində qlobal nəzarətə dair yeni hesabat işləyib hazırlamışdır. Həmin hesabat MPOWER adlanan 6 siyasətdən ibarət bir paketi özündə ehtiva edir və onlar aşağıdakılardan ibarətdir: Tütündən istifadənin və onun qarşısının alınması siyasətlərinə Nəzarət; İnsanları tütün tüstüsündən Qorumaq; Siqareti tərgitmək üçün köməklik Təklif Etmək; Tütünün təhlükəsi haqda Xəbərdarlıq Etmək; Tütünün reklamına, kampaniyasına və sponsorluq fəaliyyətinə qadağanın İcrasını Təmin Etmək və Tütün məmulatları üçün vergiləri Qaldırmaq. Adı çəkilən 6 MPOWER strategiyası ölkələri öz gənclərini bu epidemiyadan qorumağa çağırır ki, bu epidemiya cari əsrdə bir milyarda yaxın adamın həyatını itirməsinə səbəb ola bilər.
“Bütövlükdə götürdükdə tütün insanlar tərəfindən ərsəyə gətirilir və hökumətlərin və vətəndaş cəmiyyətinin inadlı səyləri nəticəsində məhv edilə bilər. Sözügedən 6 strategiya hər bir ölkənin varlı və ya kasıb olmasından asılı olmayaraq, onların imkanları çərçivəsindədir və onlara məcmu halında əməl edildikdə bu artmaqda olan epidemiyadan qurtulmaq istiqamətində bizim üçün ən gözəl bir şansın yaradılmasına səbəb olacaqdır,”- Dünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr Marqaret Çan demişdir.
Ümumdünya Tütün İstifadasi ilə Mübarizə Günü
Ümumdünya Tütün İstifadasi ilə Mübarizə Gününü Dünya Səhiyyə Təşkilatına üzv Dövlətlər 1987-ci ildə təsis etmişlər. Ümumdünya Tütün İstifadasi ilə Mübarizə Günü hər il may ayının 31-i dünyada qeyd olunur. Bu ilki tədbir Tütündən azad gənclik mövzusunda həyata keçirilir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) haqqında
Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyidir. O, 7 aprel 1948-ci ildə yaradılmışdır. ÜST-ün Nizamnaməsində müəyyən olunduğu kimi, onun əsas məqsədi bütün insanların mümkün ola biləcək ən yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir. Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız xəstəliklərin, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən olunur.
ÜST özünün Ümumdünya Səhiyyə Assambleyası vasitəsilə 193 Üzv Dövlət tərəfindən idarə olunur. Bu Assambleya ÜST-ə Üzv Dövlətlərdən olan nümayəndələrdən ibarətdir. Ümumdünya Səhiyyə Assambleyasının əsas vəzifəsi ÜST-ün proqramı və növbəti ikiillik müddət üzrə büdcəsinin təsdiqi və siyasət məsələləri üzrə qərarların qəbul edilməsidir.
Daha geniş məlumat almaq üçün, zəhmət olmasa, ÜST-ün Azərbaycandakı nümayəndəliyinin proqram işçisi xanım Cəvahir Süleymanova ilə əlaqə saxlayın: Telefon: (012) 4989888 əlavə 127; E-poçt: suleymanovaj@euro.who.int
|