19 iyun 2008-ci il, Bakı şəhəri – Hər il iyun ayının 26-sı BMT-nin Narkotiklərin Sui-istifadəsi və Qanunsuz Ticarəti Əleyhinə Beynəlxalq Gün kimi qeyd olunur. Bütün dünyada olduğu kimi, Azərbaycanda da həmin gün sağlam həyat tərzinin bərqərar edilməsi üçün müxtəlif ictimai-tərbiyəvi əhəmiyyətli tədbirlər həyata keçirilir.
Məhz bu gün ərəfəsində Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı (SCAD) Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Gənclər və İdman Nazirliyi və Milli Televiziya və Radio Şurası ilə birgə “Narkomaniyanın qarşısının alınmasında KİV-in rolu” mövzusunda konfrans keçirmişdir. Tədbir SCAD layihəsinin beşinci mərhələsinin (SCAD-5) fəaliyyət istiqamətlərindən biri olan narkomaniyanın mətbuat vasitəsi ilə profilaktikasına uyğundur.
Konfransın keçirilməsində əsas məqsəd əhali, xüsusən yeniyetmə və gənclər arasında narkomanlığın fəsadları haqqında təsəvvürlərin formalaşdırılması, narkomaniyanın verə biləcəyi dəhşətli fəsadların, habelə bu sahədə Azərbaycan Hökumətinin apardığı islahatlarla bağlı bilgilərin bir daha ictimaiyyətin diqqətinə çatdırmaqla yanaşı, narkotiklərin yayılmasının qarşısının alınmasında mətbuatın rolunu qabartmaq, həyata keçirilən maarifləndirmə və təbliğat işlərində onun gücündən istifadə edilməsi yollarının müzakirə etməkdən ibarətdir.
Tədbirdə SCAD Proqramının yeni seçilmiş beynəlxalq eksperti cənab Riçard İvesin narkotiklərin profilaktikası üzrə təqdimatı olmuşdur.
Konfransda SCAD Proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, Dövlət Komissiyasına üzv olan Nazirlik və Komitələri təmsil edən səlahiyyətli şəxslər iştirak etmişlər.
Sonda narkotiklərin yayılmasının qarşısının alınmasında aparılan maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi ilə bağlı ən yaxşı məqaləyə görə KİV əməkdaşları arasında müsabiqə elan olunmuşdur.
SCAD Proqramı 29 iyun 2001-ci ildə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında imzalanmış sazişə əsasən 7 ilə yaxındır ki, fəaliyyət göstərir. SCAD Proqramı tərəfindən həyata keçirilən SCAD-5 layihəsinin fəaliyyət planı narkotiklərlə bağlı məlumat və epidemiologiya; hüquqi yardım; narkotiklərdən sui-istifadə edənlərin müalicəsi və reabilitasiyası; narkotiklərin profilaktikası, maarifləndirmə və təbliğat və hüquq mühafizə orqanları arasında regional əməkdaşlıq kimi istiqamətləri əhatə edir.
Əlavə məlumat üçün
SCAD Layihəsinin Ölkə üzrə Əlaqələndiricisi
Məzahir Əfəndiyevə müraciət edə bilərsiniz.
tel.: 493 15 13
|