Mətbuat üçün məlumat

BMT-nin Qlobal Saziş təşəbbüsünü Azərbaycanda tətbiq etmək üçün xüsusi layihəyə start verilir

24 İyun 2008-ci il – Bu gün Bakının Dəniz Vağzalının konfrans zalında BMT-nin İnkişaf Proqramı (BMTİP) Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondu (AZPROMO) ilə birgə BMT-nin Qlobal Saziş (QS) təşəbbüsünün Azərbaycanda həyata keçirilməsinə yardım etmək məqsədilə hazırlanmış layihənin təqdimatını keçirmişdir.

StatoilHydro şirkəti tərəfindən maliyyələşdirilən Azərbaycanda Qlobal Saziş Layihəsinin məqsədi ölkədə fəaliyyət göstərən yerli və xarici şirkətlərə QS-i təqdim etmək, yerli QS şəbəkəsinin yaradılmasına və yerli təşkilatların Qlobal Sazişə qoşulmasına yardım etməkdir. Ümumiyyətlə, layihə müxtəlif qurumlar arasında tərəfdaşlıq yaradılmasına, özəl sektor ilə dialoqun qurulmasına və bununla da, yerli işgüzar dairələrin müasir biznes fəaliyyətində beynəlxalq standatlara cavab verməklə onların rəqabət qabiliyyətinin artırılmasına yardım edəcək.

QS özəl sektoru insan haqları, əmək, ətraf mühit və korrupsiya əleyhinə mübarizə sahələrində dünyada qəbul edilmiş on prinsipin öz biznes fəaliyyətində tətbiq edilməsi ilə sosial öhdəliklərin yerinə yetirilməsini təşviq edən BMT-nin mexanizmidir. Tamamilə könüllü təşəbbüs olan QS, həmçinin ölkələrə Minilliyin İnkişaf Məqsədlərinə nail olmağa yardımçı ola bilər.

BMTİP QS-in keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan ölkələrdə təqdim və təbliğ olunmasına səy göstərən əsas BMT agentliyidir. BMTİP özünün ölkə nümayəndəliklərinin ümumdünya şəbəkəsi vasitəsi ilə BMT-nin bu sahədə həyata keçirilən bütün fəaliyyətlərini ölkə səviyyəsində əlaqələndirir.

StatoilHydro Azərbaycanda Korporativ Sosial Məsuliyyət prinsiplərinin tətbiq edilməsinin əhəmiyyətini qəbul edir və ölkədə beynəlxalq rəqabət qabiliyyətli biznes mühitinin inkişaf etdirilməsini dəstəkləyir. Bu səbəbdən, StatoilHydro şirkəti BMTİP-in QS təşəbbüsünün Azərbaycanda həyata keçirilməsi niyyətini dəstəkləmiş və bu layihə üçün vəsait ayırmışdır.

İqtisadiyyatın sektor və regional baxımdan tarazlı inkişafını dəstəkləmək, ölkədə biznes mühitinin inkişafı üçün zəruri addımlar atmaq və yerli biznesin beynəlxalq səviyyədə rəqabətliliyini yüksəltmək AZPROMO-nun əsas məqsədləri olduğundan, AZPROMO layihənin icraçı tərəfdaşı kimi müəyyən edilmişdir.

Qlobal Sazişin 10 prinsipləri aşağıdakılardır:

    İnsan Haqları
  • Prinsip 1: İşgüzar dairələr beynəlxalq səviyyədə qəbul olunmuş insan haqlarının müdafiəsini dəstəkləməli və hörmət etməlidirlər.
    Prinsip 2: İşgüzar dairələr insan haqlarının pozulmasına yol verməməlidirlər.

  • Əmək Standartları
  • Prinsip 3: İşgüzar dairələr azad birləşmək və kollektiv danışıqlar aparmaq hüquqlarının tanınmasını dəstəkləməlidirlər.
    Prinsip 4: İşgüzar dairələr məcburi və icbari əməyin bütün formalarının aradan qaldırmasını dəstəkləməlidirlər.
    Prinsip 5: İşgüzar dairələr uşaq əməyinin aradan qaldırılmasını dəstəkləməlidirlər.
    Prinsip 6: İşgüzar dairələr məşğulluq və ixtisas sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasını dəstəkləməlidirlər.

  • Ətraf Mühit
  • Prinsip 7: İşgüzar dairələr ətraf mühit problemlərinə diqqətlə yanaşmalıdırlar.
    Prinsip 8: İşgüzar dairələr ətraf mühitə dair daha yüksək məsuliyyət göstərməli və müvafiq təşəbbüslər irəli sürməlidirlər.
    Prinsip 9: İşgüzar dairələr ekoloji cəhətdən zərərsiz texnologiyaların inkişaf etdirilməsi və daha geniş tədbiqinə dəstək olmalıdırlar.

  • Korrupsiyaya qarşı mübarizə
  • Prinsip 10: İşgüzar dairələr zorla pul alma və rüşvətxorluq halları daxil olmaqla, korrupsiyanın hər növünə qarşı mübarizə aparmalıdırlar.

Bu prinsipləri qəbul edən və Qlobal Sazişə qoşulan şirkətlər faydalı təcrübə ilə bölüşmək, inkişaf məsələlərinə dair BMT-nin geniş biliklərini əldə etmək, korporativ idarəetməni təkmilləşdirmək, əmək intizamını və səmərəliliyini artırmaq və biznes imkanlarını genişləndirən qlobal şəbəkəyə qoşulmaq imkanlarını əldə edəcəklər.

Daha ətraflı məlumat üçün:
Layihənin Meneceri Həsən Huseynova
müraciət edə bilərsiniz:
Tel.: 437 11 42




Webmaster

© United Nations Azerbaijan 2007

English version Azeri Version