C-b Borsotti və c-b Əliyev layihəni imzalayarkən

Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

BMTİP Qara Qızılın İnsan Qızılına çevrilməsində Azərbaycana yardım edəcək.

Azərbaycan özünün iqtisadi inkişafında tarixi dönüş anını yaşamaqdadır. Son bir neçə il ərzində ölkənin neft sektoruna əsaslı sərmayələr yatırılmış və artıq həm investorlar, həm də Azərbaycan hökuməti neftdən gələn gəlirlərdən bəhrələnməyə başlamışlar. Ən vacibi isə bu gəlirlərdən Azərbaycan əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün istifadə edilməsidir.

1 fevral 2005-ci il tarixində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Proqramı (BMTİP) arasında yeni layihənin imzalanma mərasimi keçirildi.

Azərbaycan hökuməti adından cənab Fərhad Əliyev və BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti qara qızılın insan qızılına çevrilməsi istiqamətində neftdən gələn gəlirlərdən potensial istifadə olunması məqsədi ilə icra ediləcək ümumi dəyəri 360 000 ABŞ dolları olan layihəni rəsmiləşdirdilər.

Bir illik layihə 2002-ci ilin aprelində BMTİP tərəfindən irəli sürülmüş təklifə əsaslanır. Beləki, həmin vaxt BMTİP Azərbaycanın "qara qızılının" (neft) "insan qızılına" (insan potensialı) çevrilməsi prosesini dəstəkləməyə başladı.

Açılış nitqi ilə çıxış edən cənab Əliyev layihənin başlıca məqsədləri haqqında tədbir iştirakçılarına qısa məlumat verdi. O, həmçinin ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və Minilliyin Inkişaf Məqsədlərinə (MİM) nail olunması nöqteyi-nəzərindən layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Cənab nazir yoxsulluğun azaldılması istiqamətində Azərbaycan hökumətinin irəli sürdüyü təşəbbüsləri dəstəklədiyi üçün BMTİP-ə öz təşəkkürünü bildirdi.

Layihənin başlıca vəzifələri Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı (YAİİDP) və Minilliyin İnkişaf Məqsədləri (MİM) çərçivəsində davamlı insan inkişafının təmin edilməsi üçün neftdən gələn gəlirlərin Dövlət İnvestisiya Proqramı (DİP) tərəfindən səmərəli surətdə istifadəsi ilə bağlı makro-iqtisadi məsləhətlərin verilməsi; Azərbaycan vətəndaşlarını xarici ölkələrin ali məktəblərinə göndərməklə, eləcə də ali təhsil sistemini gücləndirmək məqsədilə beynəlxalq təcrübədən istifadə olunmasını təmin etməklə Bakıda və regionlarda qeyri-neft sektorunda məşğulluğun əhəmiyyətli dərəcədə artırılması üçün müvafiq şəraitin yaradılması ilə əlaqədar tövsiyyələrin verilməsi; əsasən inkişaf etməkdə olan və keçid dövrünü yaşayan, vahid təbii sərvətə malik ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılması üzrə Azərbaycan təcrübəsinə əsaslanan modelin işlənib hazırlanmasından ibarətdir.

Cənab Borsotti öz çıxışında BMTİP ilə Iqtisadi Inkişaf Nazirliyi arasında mövcud səmərəli əməkdaşlığı yüksək qiymətləndirdi. O, əminliklə bildirdi ki, "Azərbaycanın başlıca sərvəti onun nefti deyil, insanlarıdır və bu layihə neftdən gələn gəlirlərin əhalinin potensialının gücləndirilməsinə sərf edilməsində və qara qızılın insan qızılına çevrilməsində əhəmiyyətli olacaqdır." Cənab Borsottinin sözlərinə görə, "Azərbaycan dünya iqtisadiyyatına getdikcə daha çox inteqrasiya edən gənc bir dövlətdir. Bu işdə uğur əldə etmək üçün Azərbaycan xalqını çətinliklərə hazırlamaq zəruridir. Ümid edirik ki, layihə bu işdə Azərbaycan hökumətinə kömək edəcək." BMT rəsmisi Birləşmiş Millətlər kimi Azərbaycan hökumətinin də MİM-lərə və yoxsulluqla mübarizəyə prioritet məsələ kimi yanaşdığını bildirdi. Bununla əlaqədar olaraq, cənab Borsotti BMT Baş katibi cənab Kofi Annanın təşəbbüsü ilə Nyu-Yorkda keçiriləcək Minillik Bəyannaməsi + 5 sammitində cənab Prezidentin Azərbaycanı təmsil edəcəyinə və əldə olunmuş müsbət nəticələri dünya ölkələri rəhbərlərinin iştirak edəcəyi zirvə görüşündə beynəlxalq ictimaiyyətlə bölüşəcəyinə ümid etdiyini bildirdi.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
Xanım Gülşən Rzayeva
BMTİP-in Baş Müşaviri
Tel: 498-98-88 (daxili 110)