BMTİP-in Regional Proqramı milli tərəfdaşlarla müzakirə edildi
Bakı, 11 fevral 2005-ci il - Bakının Hyatt Park mehmanxanasında BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB ölkələri üzrə Regional Bürosunun hazırladığı Regional Proqram Sənədinin Layihəsi (2006-2010) üzrə Milli Məşvərət Görüşü keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisi, nazirliklər, milli QHT-lər, beynəlxalq təşkilatlar, Açıq Cəmiyyət İnstitutu, OXFAM təşkilatı, qadın və gənclər təşkilatları, özəl sektor, akademiya, universitetlər və BMT-nin müxtəlif agentliklərinin nümayəndələri və müstəqil tədqiqatçılar iştirak etdilər.
BMTİP-in Rezident Nümayəndəsinin müavini cənab Devid Eyzenberq BMTİP-in adından açılış nitqi ilə çıxış etdi.
Layihə sənədi BMTİP-in Avropa və MDB ölkələri üzrə Regional Mərkəzinin (Bratislava, Slovakiya) direktoru cənab Ben Sley tərəfindən təqdim edildi. Cənab Sleyin fikrincə, Regional Layihə Sənədi bu sənədin başlıca məqsədi olan Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olunmasında hökumətlərə, vətəndaş cəmiyyətlərinə və özəl sektora kömək edəcək.
Regional Proqram üç başlıca problemin həllinə yönəlmişdir: (a) yoxsulluğun azaldılması və iqtisadi inkişaf; (b) demokratik idarəetmə və (c) davamlı energi və ətraf mühit təminatı. Hər bir problemin həllində gender, HIV/AIDS, münaqişələrin qarşısının alınması və bərpa, eləcə də insanların təhlükəsizliyi məsələləri (insan al-veri, narkotiklər və silahların qanunsuz dövriyyəsi də daxil olmaqla) öz əksini tapacaqdır. Bu proqramın regional, sub-regional, milli və sub-milli səviyyələrdə icrası nəzərdə tutulur.
Tədbir iştirakçılarının fikrincə, BMTIP-in Regional Proqramı ölkənin sərhədləri ilə bağlı problemlərin həllində Azərbaycana kömək edəcək və beynəlxalq təcrübəyə çıxışı təmin edəcəkdir. Bu, həmçinin Azərbaycanın Avropa Qonşuluq Proqramında iştirak etməsinə yardımçı ola bilər.
Görüş iştirakçıları Regional Proqram Sənədində Azərbaycanın inkişaf istiqamətində üzləşdiyi başlıca problemlər kimi qeyd edilmiş Dağlıq Qarabağ və ətrafyanı regionlarda münaqişələr, korrupsiya və sərhədlərarası ətraf mühit problemlərini də müzakirə etdilər. Onlar proqramda həmçinin turizm sektorunun inkişafı, insan hüquqlarının təmin edilməsi istiqamətində əməkdaşlıq, desentralizasiya və yerli idarəetmə, inkişaf prosesində gənclərin iştirakı və regional və milli inkişafda IKT-nin rolu kimi məsələlərin proqrama daxil edilməsi təklifi ilə BMTIP-in Regional Mərkəzinə müraciət etdilər. Tədbir iştirakçıları Regional Proqram Sənədində Azərbaycanın regionun "ən zəif iqtisadiyyata malik" ölkələrindən biri kimi təsvir edilməsi ilə razılaşmadılar.
Ümumilikdə, tədbir iştirakçıları Regional Proqram Sənədinin Layihəsini region ölkələrinin Minilliyin Inkişaf Məqsədlərinə nail olunması istiqamətində əməkdaşlığa cəlb edilməsi, eləcə də qlobal və regional inteqrasiya üçün səmərəli imkan kimi qiymətləndirdilər.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Şahin Pənahov
Rezident Əlaqələndiricinin Baş Müşaviri
Tel: 498-98-88 (daxili 118)
|