Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili ilə görüşdə BMTİP Hökuməti demokratik idarəetmə sahəsində konkret hədəflər müəyyən etməyə çağırdı
Bakı, 11 aprel 2005-ci il - 11 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira Süleymanova Birləşmiş Millətlər Təşkilatının (BMT) Rezident Əlaqələndiricisi, BMT-nin Inkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Marko Borsottini qəbul etdi.
Açılış nitqi ilə çıxış edən xanım Süleymanova Azərbaycanda Ombudsman ofisinin təsis edilməsi və üç regional ofisin yaradılmasında BMTİP-in dəstəyini yüksək qiymətləndirdi. Ombudsman rəhbərlik etdiyi idarənin heyətindən məmnun olduğunu bildirdi və biliklərini möhkəmlətmək və təcrübələrini artırmaq məqsədi ilə əməkdaşların beynəlxalq seminar və təlimlərdə iştirakı üçün yaratdığı imkanlara görə BMTİP-ə minnətdarlığını izhar etdi.
Rəhbərlik etdiyi ofisin son vaxtlar ərzindəki fəaliyyəti barədə BMT-nin Rezident Əlaqələndiricisinə qısa məlumat verən xanım Süleymanova bu yaxınlarda Milli Məclisdə təqdim edilmiş ikinci illik hesabatın müzakirə edildiyini onun diqqətinə çatdırdı. Ombudsman cəmiyyətin bəzi təbəqələrinin hər iki hesabata müəyyən tənqidlə yanaşdığını bildirdi.
Cənab Borsotti İnsan Hüquqları üzrə Müvəkkil ilə görüşmək qərarını onun ikinci illik hesabatının uğurlu təqdimatı ilə əlaqələndirdi və təqdimatla bağlı x-m Elmira Süleymanovanı təbrik etdi. O, hər bir ölkədə Ombudsman hesabatlarına tənqidi yanaşmanın "normal" hal olduğunu bildirdi və demokratik idarəetmənin təmin edilməsində ombudsman ofisinin fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. "Siz yeni reallıqları dərk etməkdə Hökumətə kömək edirsiniz". "Siz insan hüquqları sahəsində mövcud olan problemlər haqqında çox aydın və ucadan danışırsınız və mənim firkimcə, hökumət orqanları sizin qeydlərinizə ciddi yanaşırlar. Azərbaycanın səsi eşidilməyən vətəndaşları səslərinin artıq eşidildiyinin şahidi olurlar". Cənab Borsotti həmçinin qeyd etdi ki, Ombudsman aparatının qazandığı etimad bu orqana müraciət edən şikayətçilərin sayında öz əksini tapmışdır.
Cənab Borsotti vurğuladı ki, ombudsman ofisinin demokratik idarəetmə sahəsində fəaliyyət göstərməsi "insan hüquqları və azadlıqları daha yaxşı təmin etməklə həqiqətən də əhalinin yaşayış səviyyəsinə müsbət təsir göstərə bilər". BMT-nin Rezident Əlaqələndiricisi 2015-ci ilədək bütün dünyada əldə edilməsi nəzərdə tutulmuş yoxsulluğun azaldılması, gender, səhiyyə, təhsil və ətraf mühit kimi sahələri əhatə edən konkret hədəflərə yönəlmiş Minilliyin İnkişaf Məqsədlərini özündə əks etdirən Minillik Bəyannaməsini imzalayan ölkələr sırasında Azərbaycanın da olduğunu xatırlatdı. O, bildirdi ki, Minillik Bəyannaməsinin uğurlu icrası üçün Azərbaycanda "demokratik idarəetmə sahəsində məhkəmə sisteminin islahatı, vətəndaşların hüquqlarının qorunması və s. ilə bağlı konkret hədəflərə yönəlmiş müəyyənləşdirilə və əldə edilə bilən məqsəd müəyyən edilməlidir." "Bu sahədə konkret nəticələrin əldə edilməsi Azərbaycanı Avropa insan hüquqları normalarına yaxınlaşdıra və ölkənin Avropaya inteqrasiyası strategiyasına töhfə verə bilər".
Xanım Süleymanova Ombudsman ofisinin gələcək planlarından söhbət açdı. Onun sözlərinə görə regional ofislərin açılması gündəlikdə duran əsas məsələlərdən biridir. Digər bir hədəf Hokumət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə beynəlxalq insan hüquqları sənədlərinin icrası üzrə monitorinq mexanizminin yaradılmasından ibarətdir. Xanım Süleymanova Hökumət ilə vətəndaş cəmiyyəti arasında daimi dialoqun keçirilə biləcəyi İnsan Hüquqları Evinin yaradılması ideyasını səsləndirdi. Ombudsman ofisi tərəfindən ikinci illik hesabatın nəşrı, Ombudsman aparatı haqqında ümumi məlumatı əks etdirən kompaktdiskin buraxılması və aparatın internet səhifəsinin yaradılması planlaşdırılır.
Cənab Borsotti BMTİP-in Ombudsman ofisinə gələcək fəaliyyətində dəstək verməyə və bu məqsədlə kənardan əlavə vəsait səfərbər etməyə hazır olduğunu bildirdi. O, həmçinin hesabatın yayılması və ingilis və rus dillərinə tərcümə olunması üçün BMTİP-in köməyini təklif etdi. Cənab Borsotti regionlarda Ombudsman ofislərinin yaradılmasının prioritet məsələ olduğunu bildirdi. "Regionlarda yaşayan insanlar da paytaxt əhalisi ilə bərabər hüquqlara malikdirlər. Müvəkkil ilə görüşmək üçün onların Bakıya gəlmələrinə ehtiyac olmamalıdır." O, bu məqsəd üçün BMTİP-in müəyyən yardımını vəd etdi.
Tərəflər həmçinin insan hüquqları sahəsində Milli Fəaliyyət Planının işlənib hazırlanması və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdilər.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-n Cəmilə İbrahimova
Müşavir, Enerji və Ətraf mühit, HİV/AİDS üzrə tematik qrupların rəhbəri
Tel: 498-98-88 (daxili 112)