Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili ilə görüşdə BMTİP Hökuməti demokratik idarəetmə sahəsində konkret hədəflər müəyyən etməyə çağırdı
Bakı, 12 may 2005-ci il - Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının (YAİİDP) icrasına dair illik konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev bildirmişdir ki, - "Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır".
Cənab Əliyev 2003-cü ildə qəbul edilmiş yoxsulluğun azaldılması üzrə proqramın icrasında əldə edilən müsbət nəticələri qeyd etdi. Cənab Prezidentin sözlərinə görə, - "Bununla yanaşı biz hamımız yaxşı bilirik ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı hələ çoxdur. Düzdür, əgər biz bu məsələyə dünya miqyası baxımından yanaşsaq, görərik ki, dünya əhalisinin təxminən yarısı yoxsulluq şəraitində yaşayır. Azərbaycanda da bu proqram qəbul olunanda vəziyyət eyni idi. Amma görülən işlər nəticəsində yoxsulluq şəraitində yaşayanların sayı ildən-ilə aşağı düşüb və bu gün haradasa 40 faiz təşkil edir."
Cənab Prezident qeyd etdi ki, ölkənin üzləşdiyi problemlər arasında yolların salınması, əhalinin elektrik enerjisi ilə təchizi də daxil olmaqla müasir infrastrukturun yaradılması, səhiyyə və təhsil sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ölkənin kənd təsərrüfatı sahəsinin potensialının inkişaf etdirilməsi və ətraf mühitin mühafizəsi məsələləri də vardır.
Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinə görə Azərbaycanın 2005-ci ildə dünyanın aparıcı ölkələrindən biri olacağı haqqında Beynəlxalq Valyuta Fondunun (BVF) ehtimalına istinad edən cənab Əliyev ölkənin gələcək iqtisadi perspektivlərini "çox şey vəd edən" amil kimi qiymətləndirdi və Azərbaycanda yoxsulluq şəraitində yaşayan əhalinin sayının nəzərəçarpacaq dərəcədə azalacağına inamını ifadə etdi.
Yoxsulluğun azaldılmasının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş Minilliyin İnkişaf Məqsədlərindən (MİM) biri olduğunu xatırladan Azərbaycan Respublikası İqtisadi İnkişaf Naziri cənab Fərhad Əliyev YAİİDP-in icrasından əldə olunan müsbət nəticələr və MİM-lərə nail olunması istiqamətində Azərbaycanın nailiyyətləri haqqında danışdı. Cənab Nazir YAİİDP/MİM illik hesabatının əsas müddəalarını təqdim etdi.
Cənab Nazirdən sonra çıxış edən BMT-nin Rezident Əlaqələndiricisi cənab Marko Borsotti "yüksək səviyyəli hesabat"la əlaqədar Azərbaycan Hökumətini təbrik etdi. Cənab Borsotti yoxsulluğun azaldılması ilə iqtisadi artımın əlaqələndirilməsinin mühümlüyünü vurğuladı və YAİİDP məqsədləri ilə beynəlxalq səviyyədə müəyyən edilmiş məqsədlərin - MİM-lərin tarazlaşdırılmasına "novator" yanaşma ilə əlaqədar Hökuməti alqışladığını bildirdi. Cənab Borsottinin fikrincə, bu, Azərbaycanın dünya iqtisadiyyatına daha çox inteqrasiyası istiqamətində istək və səylərini əks etdirir. Proqramın yoxsulluğun azaldılması ilə nəticələnən nailiyyətlərindən söhbət açan cənab Borsotti Hökumətin 9-cu MİM - demokratik idarəetmə ilə bağlı minillik məqsədini qəbul etməsini alqışladı. Onun fikrincə, 2015-ci ilədək inzibati idarəetmə sistemlərində islahatlar aparmaqla bu məqsədə nail olunması istiqamətində ciddi addımlar atılmalıdır.
Cənab Borsotti qeyri-neft sektorunun inkişafı, neftdən gələn gəlirlərin düzgün idarə edilməsi, səhiyyə, təhsil və bank sistemlərinin islahı, inflyasiyanın azaldılması, inhisarçılıq və korrupsiya ilə mübarizə və Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələlərini Azərbaycanın üzləşdiyi əsas problemlər kimi qiymətləndirdi.
Asiya İnkişaf Bankının Baş direktoru cənab Satiş Rao, BVF-nın Azərbaycan, Qırğızıstan, Polşa, Serbiya və Monteneqro, İsveçrə, Tacikistan, Türkmənistan və Özbəkistan üzrə İcraçı direktoru cənab Fritz Zurburq, ABŞ-ın Azərbaycandakı səfiri cənab Reno Harniş, Avropa Komissiyasının xüsusi diplomatik nümayəndəsi cənab Antonius V. De Vris, Dünya Bankının Ölkə üzrə meneceri cənab Ədməd Cehani tədbirdə çıxış edərək əldə edilmiş nailiyyətlərlə bağlı Azərbaycan Hökumətini təbrik etdilər.
Konfransın açılış hissəsi Azərbaycan Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), BVF, BMTİP və DB arasında birgə bəyannamənin imzalanması ilə başa çatdı. Bu bəyannaməyə görə, tərəflər Hökumətin 2006-2015-ci illəri əhatə edəcək uzunmüddətli yoxsulluğun azaldılması və davamlı inkişaf strategiyası ilə bağlı öhdəlik götürdülər. Strategiya Minilliyin İnkişaf Məqsədlərinə əsasən Azərbaycanın konkret hədəflərini müəyyən edəcəkdir.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-n Gülşən Rzayeva
Baş müşavir
Tel: 498-98-88 (daxili 110)
2015-ci ilə qədər Azərbaycanda Minilliyin İnkişaf
Məqsədlərinə nail olunması məqsədilə Yoxsulluğun
Azaldılması və Davamlı İnkişaf üzrə uzunmüddətli
Strategiyanın hazırlanmasına dair
BİRGƏ BƏYANNAMƏ