"Bir sıra sahələrdə islahatlar getmir"
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT İnkişaf Proqramının Nümayəndəsi Marko Borsottinin “GÜN səhər” qəzetinə müsahibəsi, 13 avqust 2005-ci il
Asəf Quliyev
- Cənab Borsotti, istərdim ki, Minilliyin İnkişaf Məqsədlərindən başlayaq. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan kimi ölkələrin üzərinə hansı öhdəliklər düşür?
- 2000-ci ildə Nyu-Yorkda keçirilən, prezident Heydər Əliyevin də İştirak etdiyi Minilliyin Sammitində Azərbaycan da Minillk Bəyannaməsinə qoşuldu. O vaxtdan bəri Azərbaycan hökuməti yoxsulluğun azaldılması istiqamətində müəyyən hədəflər müəyyənləşdirib. Bununla da Azərbaycan Minilliyin İnkişaf Məqsədləri və yoxsulluğun aradan qaldırılması proseslərinin birləşdirilməsinə nail olub. Qeyd edim ki, bu istiqamətdə aparılan işlərdə ölkəniz bir sıra sahələrdə nailiyyətlər qazana bilib. Gəlirlərin artırılması istiqamətində bu xüsusi ilə hiss olunur. Vətəndaşların sosial təhlükəsizliyinin artırılması sahəsində də bu nəzərə çarpır. Arzu edərdik ki, su təhçizatı, ana və usşaq ölümünün azaldılmasında da bu tərəqqiyə nail olunsun.
- Tərəqqiyə nail olunmayan sahələr dediniz. Bu sahələrdə tərəqqiyə nə mane olur?
- Mənə elə gəlir ki, bu sahələrdə hökumət dəyişikliklərə nail olmağa qərarlı olmalıdır və islahatlar aparılmalıdır.
- Sizcə belə istək yoxdur, yoxsa vaxtı yetişməyib?
- Mənə elə gəlir ki, bir sıra sahələrdə islahatlar getmir.
- Dəqiqləşdirmək olarmı hansı sahələrdə?
- Konkretleşdirmək olar. Məsələn, sağlamlıq konsepsiyası sovet sistemindən qalmadır. İnsanlar artıq xəstələndikdən sonra sağlamlıq ocaqlarına üz tutur. Lakin müasir sağlamlıq konsepsiyasına görə xəstəliklərin qarşısı qabaqcadan alınmalıdır. Bu iş qabaqcadan aparılmalıdır. Əhaliyə başa salmaq lazımdır ki, onların sağlamlığı üçün hansı risklər var. Və bunun qarşısı qabaqcadan alınmalıdır. Müasir səhiyyə konsepsiyası önləyici olmalıdır.
- Minilliyin İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycandakı iqtisadi durum nə dərəcədə əlverişlidir?
- Azərbaycan dünyada iqtisadi cəhətdən ən sürətli inkişaf tempini malik ölkələrdədir. Hesablamalar göstərir ki, bu il iqtisadi artım 20 faizdən çox olacaq. Bununla yanaşı Azərbaycanın sənayesi də MDB ölkələri arasında ən sürətli inkişafa malikdir. Azərbaycan Britaniya hökumətinin Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünə qoşulub. Bu isə neft gəlirlərində şəffaflıq olacağına və gələcəyə ümidlə baxmağa inam yaradır. Bütün bunlarla yanaşı qarşıda bir sıra çətinliklər var. Birinci ölkənin bank sistemindəki islahatlar problemdir. İkincisi inhisarçılığın qarşısının alınması problemidir. Üçüncüsü isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük problemidir. Nəyə görə mən bu üç problemi seçdim? Bu gün Azərbaycanda elə bir imkan yoxdur ki, banka gedib sərbəstcə investisiya əldə edəsən. Çünki bankların potensialı çox kiçikdir. Məsələn hər hansı bir şəxs gedib 5 milyon dollar kredit götürmək istəsə bank bunu verə bilməyəcək. Çünki bu kapital yoxdur. Bu onu göstərir ki, Azərbaycanda müasir bank terminalogiyasına cavab verən bank yoxdur. Mənə elə gəlir ki, bank sisteminin inkişafına ən böyük əngəl dövlətin inhisarında olan Beynəlxalq bankın olmasıdır. İqtisadiyyatda sahələrin əksəriyyəti bir-iki maliyyə qruplarının əlindədir. Manapoliya ilə mübarizə aparacaq qanunvericilik bazası mövcuddur. Lakin bu qanunvericilik tam şəkildə tətbiq edilmir, ona görə də nəticələr yüksək deyil. Azərbaycanın ÜTT-a qəbul olunmasına gəldikdə isə bu artıq baş verməliydi. Mənə elə gəlir ki, bir çox sahibkarların beynəlxalq standartlarına tabe olmaq istəmirlər. Bu isə istehlakçıların zərərinədir.
- Bir məsələni yada salmaq istərdim ki, ən radikal müxalifət partiyası hökumətə müraciət etmişdi ki, ÜTT-yə qəbul olmaq üçün əlindən gələn köməyi göstərməyi təklif etmişdi. Amma bu proses ləngiyir. Bu məsələdə hakimiyyətin siyasi iradəsinə ehtiyac varmı?
- Çətinlik ondadır ki, Azərbaycanda bir çox insanlar ÜTT-yə üzvlüyün səmərəsini dərk etmir.
- Bunlar səlahiyyətli adamlardır?
- Təkcə onlar yox. Ümumiyyətlə bu haqda məlumat azdır.
- Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan korrupsiya göstəricisinə görə "lider" olur. Belə vəziyyətdə Minilliyin İnkişaf Məqsədlərinə çatmaq nə dərəcədə realdır?
- Ümumiyyətlə məncə bu cür hesabatlardakı göstəricilərə reallığı tam əks etdirmir. Əsas gəlirləri neftdən olan Azərbaycan doğurdan da korrupsiyalaşmış ölkə osaydı, yəqin ki, Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünə qoşulmazdı. Və qeyd edim ki, Azərbaycan yeganə neft ölkəsidir ki, bu təşəbbüsə qoşulub. Əgər Azərbaycan əsas gəlir gətirən sahədə şəffaflıq istəyirsə, mənə elə gəlir bizim şübhəmiz olmamalıdır. Bəli Azərbaycanda korrupsiya var. Amma bu deyilən qədər yüksək deyil. Ümid edirəm ki, Azərbaycanın əlində o vəsait olacaq ki, Minilliyin İnkişaf Məqsədlərinə nail olsun.
- Sürətli inkişafdan söz açdınız. Bu yəqin ki, neft gəlirləri ilə bağlı olacaq. Sizcə neft gəlirlərinin bölüşdürülməsi sahəsində görülən işlər nə dərəcədə qənaətbəxşdir?
- Şəffaflığın təmin olunması üçün kriteriyaların təmin olunması presuduru bir qədər çətindir. Hətta bu gəlirlər insanlar arasında tən bölünsə belə bu iqtisadiyyat üçün ağır nəticələrə gətirib çıxara bilər. Neft gəlirlərinin Azərbaycanın mənafeyi üçün işləməsi üçün onu ictimai mal yaradılmasına yönəltmək lazımdır. Birinci bu ictimai mal təhsildir. Neft gəlirlərinin bu sahəyə sərmayə kimi yönəldilməsi yaxşı nəticələrə gətirib çıxaracaq. Bu yolu tutan ölkələr istisnasız gözəl nəticələr əldə edir. Məsələn, Sinqapur və Koreya kimi ölkələr. İkinci diqqət infrastruktura yönəldilməlidir. Nəqliyyat, rabitə və əlbəttə ki, sosial xidmətlər. Bütün bunlar vacibdir. Mən İlham Əliyevin Bakı ətrafına səfəri barədə hesabatla tanış oldum. Əhalinin əsas gileyi su, enerji və bu kimi sahələrdəndi. Vətəndaşlar 24 saat ərzində lazım olan qədər su və enerji ilə təmin olunmalıdır. Üçüncü əsas məsələ ölkədə makroiqtiadi sabitliyə nail olmaqdır. Elə bir stabillik ki, ona dövlət tərəfindən müdaxilə olmasın.
- Necə hesab edirsiz, Azərbaycanda iqtisadi azadlıqlar təmin olunurmu?
- Nəyi nəzərdə tutursuz?
- İnsanların iqtisadi resurslardan bəhrələnmək imkanlarını və əllərində olan vəsaitlərdən səebəst istifadə imkanlarını.
- Azərbaycanda demək olar ki, iqtisadiyyat iki yerə bölünüb. Birincisi, neft və bu sahəyə aid olan iqtisadiyyat. Burada şəffaflıq əsas şərtdir və buna dediyim kimi müəyyən öhdəlik var. Amma ikinci bir iqtisadiyyat qeyri-neft sektorunu əhatə edir ki, burada da inhisarçılığın mövcudluğu üzə çıxır. Əgər biz bazar iqtisadiyyatı prinsiplərini əsas götürsək, burada bir çox sahələrdə bazar iqtisadiyyatı qurulmayıb.
- Qeyri-neft sektorundakı korrupsiya, monopoliya və sair çatışmamazlıqların aradan qaldırılması üçün siyasi iradə lazımdır, yoxsa zaman?
- Hər ikisi mühümdür. Daha mühüm olanı isə siyasi iradədir. Bir çox misallar gətirmək olar ki, siyasi iradə mövcuddur, amma kifayət qədər deyil. Bu həcmdə islahatlar üçün təbii ki, vaxt da lazımdır. Mənə elə gəlir ki, sovet sistemindən qalan mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid təkamüllə olmalıdır.
- Məlumdur ki, neft sektoru dövlətin inhisarındadır. İndiki şəraitdə bu yaxşıdır, yoxsa yox?
- Mən çox dərindən inanan insanlardanam ki, dövlət iqtisadiyyata qarışmamalıdır. İnanmıram ki, bu ölkə üçün xeyirlidir. İqtisadiyyatı və dövləti ayrı-ayrı adamlar idarə etməlidir.
- İqtisadi azadlıqları tam olmayan ölkədə ədalətli seçki nə dərəcədə realdır?
- Mənə elə gəlir ki, son beş ildə bazar iqtisadiyyatının dəyərlərinə yiyələnmək sahəsində müəyyən irəliləyişlər müşahidə olunur. Sistemin islahında Azərbaycan müəyyən nəticələr əldə edib və biz bunu qəbul etməliyik. Buna görə də mən deyə bilərəm ki, Azərbaycanın düzgün qərarlar qəbul etmək və düzgün nəticələr əldə etmək imkanı var. Həmçinin siyasi sahədə.
|