BMTİP və Dövlət Sosial Müdafiə Fondu Siyəzən təqaüdçülərini sevindirdi
Bakı, 16 may 2005-ci il - 16 may 2005-ci il tarixində Azərbaycanın şimalında yerləşən Siyəzən rayonunda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) regional şöbəsi açıldı.
Fondun rayon şöbəsi BMTİP-in DSMF-nin kompyuterləşdirilməsi və potensialının yaradılması birgə layihəsinin tərkib hissəsi kimi təsis edilmişdir.
2003-cü ilin sentyabrında təqdim edilmiş ümumi dəyəri bir neçə milyon ABŞ dolları olan bu layihənin icrasında məqsəd təqaüdlərin hesablanması üçün nəzərdə tutulmuş fərdi uçot sistemini tətbiq etməklə və informasiya kommunikasiya texnologiyaları əsasında yeni idarəetmə üzrə məlumat sistemi (İMS) yaratmaqla ölkənin pensiya sisteminin müasirləşdirilməsindən ibarətdir. Layihənin ilkin mərhələdə icrası üçün yeddi pilot region seçilmişdi ki, bunlardan biri də Siyəzən idi.
Fondun yeni inşa edilmiş rayon şöbəsi binasının qarşısına toplanmış müxtəlif yaşlardan olan rayon əhalisinə müraciətində DSMF-nin sədri cənab Səlim Müslümov bildirdi ki, "Bina Fondun bu regionun inkişafına töhfəsidir." O, bu binanın araya-ərsəyə gətirilməsində, eləcə də mebel və kommunikasiya avadanlığı ilə təchiz edilməsində göstərdiyi köməyə görə BMTİP-ə xüsusi minnətdarlığını bildirdi.
Fondun Siyəzən rayon şöbəsinin işçi heyətinə müraciət edən cənab Müslümov bildirdi ki, "sizin fəaliyyət göstərməniz üçün beynəlxalq standartlara tam uyğun olan şərait yaradılmışdır. Bu standartlara uyğunluq sizin müştərilərə, təqaüdçülərə münasibətinizdə də öz əksini tapmalıdır."
BMTİP-in Rezident Nümayəndəsinin müavini cənab Devid Eyzenberq ölkə əhalisinin həyat şəraitinin yaxşılaşdırılması, xüsusilə də regionların inkişafı istiqamətində Hökumətin səylərini alqışladığını bildirdi. O, ölkənin sosial müdafiə sisteminin islahının mühümlüyünü vurğuladı və DSMF ilə birgə icra edilən layihənin tempindən məmnun qaldığını bildirdi. Tədbirə toplaşanların həm təqaüdçülərdən, həm də məktəb yaşlı gənclərdən ibarət olduğuna diqqət yetirən cənab Eyzenberqin sözlərinə görə, hər iki nəsildən olan insanlar təqaüdlərin tam və vaxtlı - vaxtında verilməsini təmin edən mükəmməl sosial müdafiə sisteminin təşkilində maraqlıdırlar.
Layihənin, icrasına 2004-cü ilin iyulundan başlanmış ikinci mərhələsində yeni İMS üçün proqram təminatının yaradılması və yoxlanması, DSMF-nin regional şöbələrinin yeniləşməsi, pilot rayonlarda regional mərkəzlərin yaradılması, DSMF-nin yerli əməkdaşları üçün fərdi uşot, kompyuter proqramları və yeni idarəetmə siyasəti sahələri üzrə təlimlərin təşkili nəzərdə tutulur.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Oqtay Ibrahimov
Layihənin Milli Əlaqələndiricisi
Tel: 434 60 72
|