Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

Iqtisadi Islahatlar Mərkəzində "Azərbaycan iqtisadiyyatının cari və potensial müqayisəli üstünlüklərinin tədqiqi" adlı hesabat təqdim edildi

Bakı, 10 fevral 2005-ci il - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMTIP-in birgə həyata keçirdiyi "Milli Məşğulluq Strategiyası"nın hazırlanması layihəsi çərçivəsində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Iqtisadi Islahatlar Mərkəzi tərəfindən aparılmış "Azərbaycan iqtisadiyyatının cari və potensial müqayisəli üstünlüklərinin tədqiqi" adlı hesabat təqdim edildi.

Təqdimat mərasimində diplomatik korpusun və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri, eləcə də Iqtisadi Inkişaf Nazirliyinin rəsmiləri iştirak etdilər.

Konfransa sədrlik edən Iqtisadi Islahatlar Mərkəzinin direktoru cənab Vaqif Rüstəmov hesabatın tarixi və metodologiyası, həmçinin ümumilikdə BMTİP və Mərkəz arasında əməkdaşlıq haqqında tədbir iştirakçılarına qısa məlumat verdi. Onun sözlərinə görə, hesabatda Azərbaycanın hal-hazırda rəqabətə davamlı olan və ya gələcəkdə rəqabət üçün potensialın mövcud olduğu sektor və sənaye sahələrinin statistik təhlili aparılmışdır.

BMTIP-in Rezident Nümayəndəsinin müavini cənab Devid Eyzenberq öz çıxışında hesabatın mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. "Bu hesabat məşğulluq strategiyasının inkişafına dəyərli töhfədir və rəqabət qabiliyyətli özəl sektorun təşkili və məşğulluqda davamlı artımın təmin edilməsinə olan ehtiyacı diqqət mərkəzində saxlayır." Cənab Eyzenberqin təklif etdiyi kimi, gələcək tədqiqatlar sənayenin rəqabətədavamlılığının əmək bazarı ilə əlaqələndirilməsi üçün əsas yaratmalıdır

Daha sonra Iqtisadi Islahatlar Mərkəzinin tədqiqat qrupunun üzvü tərəfindən hesabata dair təfsilatlı təqdimat nümayiş etdirildi.

Hesabatın müəlliflər qrupunun məsləhətçisi, Bornmut Universitetinin (Böyük Britaniya) professoru cənab Alan Vebsterin fikrincə, biznes və məşğulluğun inkişafı üçün səmərəli mühitin yaradılması özəl sektorun inkişafına əngəl törədən məhdudiyyətlərin müəyyən edilməsini tələb edir.

Tədbirdə iştirak edən BMT-nin Rezident Əlaqələndiricisi, BMTIP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti BMTIP-in Avropa və MDB ölkələri üzrə Regional Mərkəzinin direktoru cənab Ben Sleyi tədbir iştirakçılarına təqdim etdi. Hesabatla bağlı fikirlərini həmkarları ilə bölüşən cənab Sley qeyri-neft sektorunun inkişaf perspektivlərini aşkar edəcək tədqiqatların aparılmasını təklif etdi.

Hesabatda Azərbaycan iqtisadiyyatının cari rəqabər qabiliyyətli sahələri ilə yanaşı mümkün rəqabət qabiliyyətliliyi sübut olunmuş sektorların geniş təhlili və bu sahələrin inkişafına mane olan amillərin müəyyən edilməsi təklif olunur. Qeyri-neft sektorunda məşğulluğu təmin edəcək sənaye sahələri üçün şərait yaratmaq məqsədi ilə gələcək tədqiqatlar müqayisəli üstünlüklərin əmək bazarı ilə əlaqələndirilməsi üçün də əsas yaratmalıdır Bu gün ölkənin neft sektoru ümumi daxili məhsulun 28.6%-ni, məşğulluğun isə 1.1%-ni təşkil edir. Bu səbəbdən qeyri-neft sektorunda yeni fəaliyyətin təşkili və iqtisadi inkişafın təmin edilməsi ölkənin üzləşdiyi ən böyük cari çətinliklərdən biridir, yeni iş yerlərinin yaradılması isə Azərbaycan Hökumətinin daim diqqət mərkəzindədir.

Natiqlərin fikrincə, Azərbaycanda rəqabət qabiliyyətli və yüksək məşğulluq potensialına malik qeyri-neft sektorunun inkişaf etdirilməsinə ehtiyac vardır. Tədbir iştirakçılarının qənaətinə görə, qeyri-neft sektorunun potensial və perspektivlərinin müəyyən edilməsi məqsədi ilə silsilə tədqiqatların aparılmasına ehtiyac duyulur ki, bu da Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin beş il ərzində 600.000 yeni iş yerlərinin yaradılması ilə bağlı götürdüyü öhdəliyə müvafiq olaraq məşğulluğun təmin edilməsinə kömək edəcəkdir.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-n Gülşən Rzayeva
Baş müşavir
Tel: 498-98-88 (daxili 110)