Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

2005-ci il üçün Gender münasibətlərinə dair Azərbaycan Respublikasında Milli İnsan İnkişafı haqqında Hesabat imzalandı

Bakı, 16 fevral 2005-ci il - Qadın Problemləri üzrə Dövlət Komitəsi, Norveç Səfirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən "2005-ci il üçün Gender münasibətlərinə dair Azərbaycan Respublikasında Milli İnsan İnkişafı haqqında Hesabat" layihə sənədi imzalandı. Sənədin başlıca məqsədi Azərbaycanda gender bərabərliyinin təmin edilməsindən ibarətdir.

Azərbaycan 1991-ci ildə yenidən müstəqillik əldə etmişdir. Keçmiş Sovet İttifaqı süquta uğradıqdan sonra ciddi sosial və iqtisadi çevriliş 1990-cı illərin əvvəllərində ölkənin inkişafında geriləməyə səbəb oldu. Son illər ərzində əldə edilmiş iqtisadi artım bu vəziyyəti dəyişsə də ölkənin adambaşına gəlir səviyyəsi ölkənin təbii və insan resursları müqabilində potensialına uyğun olan insan inkişafına nail olunmasına əngəl törədir. 2002-ci ilin hesablamalarına görə, Azərbaycan insan inkişafı üzrə 177 ölkə arasında 91-ci yeri tutur.

İlk dəfə olaraq 1995-ci ildə nəşr edilmiş Milli İnsan İnkişafı Hesabatı insan inkişafı anlayışının Azərbaycanda təbliğində mühüm rol oynayır. Bu il BMTİP gender aspektini diqqət mərkəzində saxlayacaqdır, beləki, Hökumət tərəfindən yoxsulluğun azaldılması və iqtisadi inkişafa dair onillik proqramın hazırlanması təşəbbüsü irəli sürülmüşdür. Norveç Səfirliyi tərəfindən təqdim edilmiş maliyyə yardımı sayəsində gender münasibətlərinə dair sorğu keçirməklə və sorğunun nəticələrini əks etdirən 2005-ci il üçün Milli İnsan İnkişafı Hesabatını təqdim etməklə BMTİP Azərbaycanda gender məsələlərinə geniş şəkildə toxunmuş olacaq, bununla da ictimai müzakirələrə şərait yaradacaq və ölkədə gender bərabərliyinin daha geniş surətdə təmin edilməsi üçün siyasət fəaliyyətinə təkan verəcəkdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Zəhra Quliyeva layihə təklifi haqqında məlumat verdi və 2005-ci il üçün Milli İnsan İnkişafı haqqında Hesabatın əhalinin gender məsələləri və Azərbaycanda gender münasibətləri ilə bağlı maarifləndirilməsinə kömək edəcəyinə ümid etdiyini bildirdi. Pekin Konfransından 10 il keçməsinə baxmayaraq qadınların potensialının inkişaf etdirilməsi, onların gəlir gətirən vəzifələrdə və siyasi arenada iştirakı üçün imkan yaradılması, eləcə də gender bərabərliyinin təmin edilməsi istiqamətində görüləsi işlər hələ də çoxdur.

BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti 2005-ci il üçün Milli İnsan İnkişafı haqqında Hesabatın hazırlanmasında göstərdiyi köməyə görə Zati-Aliləri cənab Şteynar Gilə, və maliyyə dəstəyinə görə Norveç Krallığının hökumətinə dərin təşəkkürünü bildirdi. "Norveç gender balansının düzgün interpretasiyası olan nümunə yaratmışdır.Gender bərabərliyinin təmin edilməsi istiqamətində Norveçin əldə etdiyi tərəqqi və nailiyyətlər irəli sürdüyümüz təşəbbüsün planlaşdırılmasında əhəmiyyətli ola bilər. Inanırıq ki, Azərbaycanda gender bərabərsizliyinə yol açan sosial, mədəni, iqtisadi səbəblərin tədqiq edilməsi vacibdir. Yalnız bundan sonra biz, bu ölkədə gender ayrı-seçkiliyinin istənilən formasının tamamilə aradan qaldırılması üçün tələb olunan keçid prosesinə kömək etməyə yol açan ilkin milli strateji tövsiyyələrin icrasına hazır olduğumuzu söyləyə bilərik."

Norveçın Azərbaycandakı Səfiri Zati-Aliləri cənab Şteynar Gil BMTİP ilə əməkdaşlığı yüksək qiymətləndirdi və gender bərabərliyinin Norveçdə uzun illər boyu diqqət mərkəzində olduğunu qeyd etdi. Cənab Səfir qadınların səlahiyyətlərinin genişləndirilməsi istiqamətində Norveçin əldə etdiyi təçrübəni bölüşməyə hazır olduğunu qeyd etdi və birgə səylərin Azərbaycan qadınlarının cəmiyyətdə gedən proseslərdə fəal iştirakına töhfə verəcəyinə ümid etdiyini bildirdi. Cənab Şteynar Gilin fikrincə, "Əslində qadınlarla kişilər eyni dəyərlərə malikdirlər, və yaxud olmalıdırlar. Bəzi hallarda isə qadınlar kişilərə nisbətən daha yüksək dəyərlərə malik olurlar. Məhz buna görə də qadınların cəmiyyətdə qərarların qəbul edilməsi prosesinə təsiri, eləcə də qəbul edilmiş qərarların icrasında iştirakı çox vacibdir."

Azərbaycan Respublikası Konstitusiyasına əsasən kişi və qadınlar eyni hüquq və azadlıqlara malikdirlər. Ölkənin əmək qanununa əsasən gender baxımından əmək haqqının ödənilməsində ayrı-seçkiliyə yol vermək qəti qadağandır. Azərbaycanın təhsil müəssisələrində gender bərabərliyinə nail olunmuşdur. Beləki, gender bərabərsizliyi əsasən qərarların qəbul ediməsi prosesi, məşğulluq və iqtisadi cəhətdən səlahiyyətlərin genişləndirilməsində daha çox nəzərə çarpır. Rəsmi mənbələrin 2003-cü il üçün hesablamalarına görə əhalinin 44.6%-ni aztəminatlı insanlar təşkil edir. Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafa dair Dövlət Proqramına əsasən kişi və qadınların yoxsulluq dərəcələri cüzi fərqlənir (qadınlar-50%, kişilər-48%), lakin məşğulluq göstəricilərinə əsasən qadınlar arasında işsizlik təhlükəsi kişilərə nisbətən daha yüksəkdir. Əmək haqqı göstəricilərinə dair kifayət qədər məlumat yoxdur, lakin əldə edilmiş məlumatlar təsdiq edir ki, iqtisadiyyatın qadınların üstünlük təşkil etdiyi sahələrində belə, məs. tibbi xidmət, sosial iş və təhsil sahələrində qadınların əmək haqqı səviyyəsi kişilərin əmək haqqı səviyyəsindən xeyli fərqlənir. Beləliklə, qadınların kişilərə nisbətən daha az gəlir əldə etdiklərini sübut edən dəlillər olmasa da, əmək bazarında onların daha aztəminatlı olduqları sübut edilmişdir. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün qadınların səlahiyyətlərinin genişləndirilməsi də iqtisadi inkişaf üçün səmərəli vasitə hesab edilə bilər.

Bu layihənin uğurla icrası gender münasibətlərinə dair sorğunun MDB ölkələrində tətbiqinə şərait yarada bilər. Hesabatın regionun digər ölkələrində yayılmasına kömək məqsədi ilə bu sənəd Azərbaycan və ingilis dilləri ilə yanaşı rus dilində də nəşr ediləcəkdir.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-n İradə Əhmədova
Müşavir
Tel: 498-98-88 (daxili 117)