BMTİP HİV/AİDS-lə mübarizə məqsədi ilə Azərbaycandakı bütün dinlərin nümayəndələrini bir araya gətirdi
Bakı, 18 mart 2005-ci il - 2002-ci ildən etibarən BMT-nin Inkişaf Porqramı (BMTİP) tərəfindən "HİV/AİDS-lə mübarizədə vətəndaş cəmiyyətinin potensialının gücləndirilməsi" adlı layihə icra edilir. Layihənin başlıca məqsədi HİV/AİDS-lə mübarizədə, xüsusilə HİV/AİDS-lə mübarizə tədbirlərinin tərtib və icra edilməsində vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin səlahiyyətlərinin genişləndirilməsi və bir sıra sahələrin iştirakı ilə HİV-lə bağlı məsələlərə yönəldilmiş dialoqların təşkilinə kömək etməkdən ibarətdir. Vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinə qeyri-hökumət təşkilatları, icma-əsaslı təşkilatlar və dini qurumlar aiddir. Azərbaycanda fəaliyyət göstərən dini qurumlarla dialoqlara ilk dəfə olaraq 2003-cü ildə BMTİP-in təşəbbüsü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunmuş dəyirmi masa ilə start verildi və həmin tədbirdə Azərbaycanda qeydiyyatdan keçmiş bütün aparıcı dini etiqadların nümayəndələri iştirak edirdilər.
Dəyirmi masada əldə edilmiş nəticələrə əsasən BMTİP BMT-nin HİV/AİDS üzrə Birgə Proqramının (UNAİDS) maliyyə dəstəyi ilə icmalar daxilində HİV-lə mübarizə sahəsində iş aparmaq üçün dini qurumların rəhbərlərinin səlahiyyətlərinin genişləndirilməsi məqsədi ilə pilot layihə təqdim etdi. Qeyd etmək lazımdır ki, regionda həyata keçirilən bu tipli digər layihələrə yalınız bir aparıcı dinin nümayəndələri cəlb edildiyi halda, bu layihə Azərbaycanda mövcud olan bütün dinləri - şiə və sünni müsəlmanları; pravoslav, katolik və protestant xristianları; eləcə də müxtəlif təriqətlərdən olan yəhudiləri bir araya gətirir ki, bu da ölkədə sosial həmrəyliyin mövcudluğu və mədəni müxtəlifliyə dözümlülüyü sübuta yetirir. Layihənin icrasından əldə edilmiş nəticələri təqdim etmək məqsədi ilə 18 mart 2005-ci il tarixində pilot layihə çərçivəsində təşkil edilmiş "HİV/AİDS və Dini Qurumlar" Milli Konfransı hökumət, QHT-lər, beynəlxalq inkişaf ictimaiyyəti və Azərbaycandakı müxtəlif dini qurumların nümayəndələrini təcrübələri bölüşmək və gələcək fəaliyyət istiqamətlərini müzakirə etmək üçün bir araya gətirdi.
Açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Rafiq Əliyev layihənin başlıca məqsədləri və layihənin icrasından əldə edilmiş nəticələr barədə tədbir iştirakçılarına qısaca məlumat verdi. Cənab Əliyev HİV/AİDS probleminin həllinə yeni yanaşmaya və dini qurumların bu prosesə cəlb olunması üçün yaradılmış imkanlara görə BMTİP-in Azərbaycandakı Nümayəndəliyinə təşəkkürünü bildirdi.
BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsottinin sözlərinə görə, "Bu gün onunla əlamətdardır ki, Azərbaycandakı bütün dinlərin nümayəndələri, xüsusilə də monoteistik dinlərin nümayəndələri eyni masa arxasında əyləşmişlər. Və mənə elə gəlir ki, bu, Azərbaycan ictimaiyyətini xarakterizə edən dözümlülüyün bariz nümunəsidir. Azərbaycanın bu yeniliyi dünyanın digər ölkələri üçün nümunə ola bilər. Ümid edirəm ki, atdığınız addım digər ölkələrdə təəssüf ki, hələ də bir araya gəlməmiş və bəşəriyyətin HİV/AİDS kimi ümumi problemlərimizin həlli yollarını aradığını dərk etməyən müxtəlif dinlərə sitayiş edən insanlara müsbət təsir göstərəcəkdir."
BMT-nin HİV/AİDS üzrə birgə Proqramının (UNAİDS) Regional Əlaqələndiricisi xanım Renata Ehmer dünya, MDB regionu və Azərbaycan üzrə HİV/AİDS-lə bağlı statistik göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Xanım Ehmer həmçinin HİV/AİDS-in sosial sahəyə mənfi təsiri - HİV/AİDS-ə yoluxmuş insanlara qarşı ayrı-seçkilik və onların şərəf və ləyaqətinin alçaldılması məsələlərinə toxundu.
Çıxışlara yekun vurulduqdan sonra, tədbir "HİV/AİDS-lə mübarizədə dini qurumlar üçün potensialın yaradılması" pilot layihəsinin nəticələrinə dair BMTİP-in HİV/AİDS layihəsi üzrə Əlaqələndiricisi xanım Lyudmila Məmmədova tərəfindən hazırlanmış təfsilatlı təqdimatın nümayişi ilə davam etdirildi.
Layihəyə cəlb edilmiş müxtəlif dini etiqadların rəhbərləri təmsil etdikləri dinlərin nümayəndələrinin HİV/AİDS-lə bağlı maarifləndirilməsi istiqamətində təcrübələrini bölüşdülər.
Mübariz Bayramov, "Sülh və Barış"Azərbaycan Dini İcmalar Birliyinin İdarə Heyətinin üzvü: AİDS dini sərhəd qoymur, istənilən dinin nümayəndəsi bu xəstəliyə tutula bilər. Buna görə də biz bu epidemiya ilə mübarizədə birləşməliyik.
Leonid Fayman, Avropa Yəhudilərinin Bakı Dini İcması: HİV/AİDS və onun səbəbləri haqqında danışmaq ruhanilər üçün asan deyildir. Lakin sakit dayanaraq hər şeyin qaydasında olduğunu etiraf etməklə biz vəziyyəti daha da gərginləşdiririk.
Tədbirin sonunda "Azərbaycan Respublikası Dini İcmaların HİV/AİDS-ə dair Öhdəlik" Bəyannaməsi konfrans iştirakçıları tərəfindən müzakirə olunduqdan sonra qəbul edildi.
Azərbaycan Respublikası dini icmalarının HİV/AİDS-ə dair Öhdəlik Bəyannaməsi
Декларация о приверженности религиозных общин Азербайджанской Республики противостоянию эпидемии ВИЧ/СПИДа
HİV/AİDS-ə qarşı cavab tədbirlərində dini qurumların imkanlarının genişləndirilməsi haqqında təqdimat
Mətbuat “HİV/AİDS və Dini Qurumlar” Milli Konfransı haqqında
Прихожанам - о пользе здорового образа жизни, 24 марта, Азербайджанские Известия
"Dini icmalar AIDS-ə qarşı" mövzusunda konfrans keçirildi, 19 mart, Yeni Azərbaycan
Dini icmalar yolunu həbsxanalardan salır, 19-23 mart, Həftə İçi
Dini icmalar AİDS-ə qarşı, 19-22 mart, Ekspress
Bakıda BMT İnkişaf Proqramının təşəbbüsü ilə "AİDS-lə mübarizədə dini icmaların rolu" mövzusunda konfrans keçirilib, 19 mart, BBC-nin Azərbaycan xidməti
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
Cəmilə İbrahimova
Müşavir, Enerji və Ətraf mühit, HİV/AİDS üzrə tematik qrupların rəhbəri
Tel: 498-98-88 (daxili 112)