Azərbaycan Respublikası dini icmalarının HİV/AİDS-ə dair Öhdəlik Bəyannaməsi

Layihə

İnsan həyatının qiymətini, mənşəindən və dini etiqadından asılı olmayaraq bütün insanların Tanrı qarşısında bərabərliyini, habelə HİV/AİDS epidemiyasından irəli gələn qlobal təhlükəni etiraf edərək;

Dinin əsl risaləsinin yer üzündə sülhün və ədalətin, həmahənglik və təhlükəsizliyin, həmçinin xoşbəxt və firavan həyatın bərqərar edilməsinə yardım etməkdən ibarət olduğunu dərk edərək;

HİV/AİDS ilə yaşayan insanlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsinə yönəlmiş tədbirlər də daxil olmaqla HİV-in yayılmasına şərait yaradan bütün amillərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyini dərk edərək;

Biz, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi çərçivəsində 18 mart 2005-ci il tarixdə Bakı şəhərində keçirilən konfransda iştirak edən Azərbaycan Respublikası dini icmalarının liderləri, aşağıdakı razılığa gəldik:

  1. HİV/AİDS epidemiyasına məruz qalmış hər bir şəxslə həmrəyik və dini etiqadından, irqi və cinsi mənsubiyyətindən, milliyətindən və fiziki qabiliyyətindən asılı olmayaraq əziyyət çəkən və xəstəlik keçirən hər kəsə cəmiyyətin bütün üzvləri tərəfindən şəfqət, qayğı, yardım və dəstək göəstəriləcəyinə əmin olduğuğumuzu bildiririk.
  2. Biz bütün vətəndaşları, o cümlədən dini baxış sahiblərini bəşəriyyətin başının üstünü almış təhlükəni dərk etməyə, özlərinin və yaxınlarının həyat və sağlamlıqlarının qorunduğu zənni ilə yanlış arxayınlıq hissindən azad olmağa çağırırıq.
  3. Biz məscidlərin minbərlərindən, kilsə və sinaqoqların kafedralarından, habelə dini liderlərin öz biliklərini bölüşdürmək üçün imkan tapdıqları hər yerdə dini dəyərlərə əsaslanaraq HİV/AİDS-dən profilaktika tədbirləri haqqında söhbətlər aparmağa çağırırıq.
  4. Biz qəti əminik ki, nəfsini saxlama və iman HİV/AİDS epidemiyasına qarşı dini mübarizə konsepsiyasının iki əsasıdır, lakin bununla yanaşı biz HİV-ə məruz qalanların sayının azaldılmasına yönəldilmiş digər profilaktik yanaşmaların da zəruriliyini qəbul edirik.
  5. Biz cəmiyyətin fiziki və mənəvi sağlamlığına təhlükə törətməyən şəxslərin cəmiyyətdən təcrid edilməsinin qarşısını almaq və onları kollektiv və fərdi hüquqların təmin edilməsinə əsaslanan konstruktiv dialoqa cəlb etmək məqsədilə HİV/AİDS-lə yaşayan, habelə marginal sosial şərait ucbatından epidemiyaya yoluxa biləcək insanlara münasibətdə stereotiplərdən azad olmağa çağırırıq.
  6. Biz qadınların HİV/AİDS-ə yoluxmaq təhlükəsini azaltmaq məqsədilə onlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsinin, onların hüquqlarının qorunmasının, onların qayğı ilə əhatə olunmasının vacibliyini qeyd edirik.
  7. Biz qərar qəbul etmək iqtidarında olan bütün xoşməramlı insanları HİV/AİDS ilə yaşayan, habelə marginal şəraitdə olan şəxslərin hamısına real sosial və mənəvi dəstək vermək üçün səylərini birləşdirməyə çağırırıq.
  8. Biz Azərbaycanda HİV/AİDS-in yayılmasının qarşısının alınmasını və ölkənin hər bir sakininin profilaktik xidmətlərdən istifadə edə billməsini nəzərdə tutan profilaktik tədbirlər kompleksinin genişləndirilməsi üçün dövlət orqanları və ictimai təsisatlarla, qeyri-hökümət təşkilatları və özəl strukturlarla sıx əməkdaşlığa ümid bəsləyirik.
  9. Biz üzərimizə düşən missiyanı yerinə yetirmək - mənəvi və cismani paklığı təbliğ etmək yolu ilə HİV/AİDS-ə qarşı mübarizə işinə tərəfdar olduğumuzu bəyan edirik.

Bakı şəhəri,
18 mart 2005 il