Sammitdə nümayiş etdirilmiş sərgi stendi “Azərbaycan: E-həllər Şərqlə Qərbin qovşağında”

Foto Qalereya

E-idarəçiliyə həsr edilmiş görüş

Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

İKT "qara qızılın" "insan qızılına" çevrilməsində mühüm vasitədir
Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Tunis mərhələsində müvəffəqiyyətlə iştirak etdi

Tunis, 18 noyabr 2005-ci il - İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin ikinci mərhələsi bu gün öz işinə yekun vurdu. Bu mərhələdə 200-dən artıq təşkilat tərəfindən 300-dən artıq tədbir təşkil edildi və dünyanın hər bir yerindən 19 000-dək nümayəndənin iştirak etdiyi 30-a yaxın mətbuat konfransı keçirildi.

Noyabrın 18-də təşkil olunmuş plenar iclasda Sammitin iki əsas sənədi - İnformasiya Cəmiyyəti üzrə "Tunis Öhdəliyi" və "Tunis Gündəliyi" dünya dövlətlərinin rəhbərləri tərəfindən qəbul edildi.

Noyabrın 16-da açılış mərasimində çıxış edən BMT Baş katibi cənab Kofi Annan Sammitin məqsədini belə şərh etdi: "İnformasiya kommunikasiya texnologiyalarından elə yeni bir tərzdə istifadə edilməlidir ki, ondan bütün sosial təbəqələrin yararlanması mümkün olsun".

Kofi Annan həmçinin rabitə qiymətlərinin aşağı salınaraq hamının istifadə edə biləcəyi həddə çatdırılmasını təklif etdi. "Burada əsas maneə maddidən çox siyasi xarakter daşıyır. Kommunikasiya, kompüter və mobil telefon xidmətlərinin qiyməti aşağı endirilə bilər. Bu imkanlar - daha yaxşı həyata aparan yol - hər yerdə təmin edilə bilər. Bunun üçün isə güclü məramın olması gərəkdir".

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti ilə əlaqədar son yeddi il ərzində keçirilən bütün tədbirlərdə fəal iştirak etmişdir. Sammitin ikinci mərhələsində Azərbaycanı təmsil edən nümayəndə heyətinin çoxsaylı üzvlərdən ibarət olması da təbiidir. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkənin informasiya kommunikasiya texnologiyaları (İKT) ilə əlaqədar qurumlarını təmsil edən 64 nəfərdən ibarət idi.

Noyabrın 18-də Sammitdə Azərbaycan hökuməti adından çıxış edən cənab Abbasov qeyd etdi ki, "Azərbaycanın başlıca təbii sərvəti olan neft və qaz milli iqtisadiyyatın əsas gəlir mənbəyidir. Buna görə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cenevrə Sammitində irəli sürdüyü "qara qızılı insan qızılına çevirək" ideyası milli iqtisadi siyasətin əsas şüarına çevrilmişdir". Yuxarıda qeyd olunanlara əsaslanaraq cənab nazir bildirdi ki, yüksək texnologiya və İKT sahələri hazırda Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilən neft strategiyasının məntiqi davamı hesab edilir.

Azərbaycanın "Azərbaycan: E-həllər Şərqlə Qərbin qovşağında" adlı diqqəti cəlb edən stendi ölkədə İKT sahəsində əldə olunmuş nailiyyətləri əks etdirirdi. 2005-ci il Ümumdünya Sammitinin maliyyələşdirilməsi üzrə kampaniyaya öz töhfəsini təqdim etmiş azsaylı ölkələr sırasına Azərbaycan da daxil idi.

Noyabrın 16-da Azərbaycan nümayəndə heyəti tərəfindən e-idarəçilik mövzusunda mühüm tədbir təşkil edildi. Açılış nitqi ilə çıxış edən cənab Əli Abbasov qeyd etdi ki, informasiya texnologiyaları Azərbaycanda neft sektorundan sonra ən dinamik inkişaf edən sahələrdən biridir. Onun fikrincə, İKT-nin inkişafına təsir göstərən mühüm amillərdən biri e-idarəçilikdir. Daha sonra cənab Abbasov iclasın spikerlərini - Nazirin Ümumdünya Sammiti üzrə müşaviri cənab Elçin Əliyevi, Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə "Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü" layihəsinin milli əlaqələndiricisi cənab İlyas Naibov-Əylislini və Harvard Universitetinin nümayəndəsi cənab Ceffri Kaplanı tədbir iştirakçılarına təqdim etdi.

Cənab Naibov-Əylisli ölkədə e-idarəçilik sahəsində əldə edilmiş nailiyyətlərdən söhbət açdı. Ölkədə e-hökumətin hazırkı vəziyyətini qeyd edən natiq bu yaxınlarda beynəlxalq ekspert cənab Rafal Rohozinski tərəfindən aparılmış tədqiqata toxundu. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, "E-idarəçiliyin gücləndirilməsi istiqamətində Azərbaycan Hökuməti tərəfindən mühüm addımlar atılsa da, görüləsi işlər hələ çoxdur". Ekspertin fikrincə, BMTİP-in dəstəyi və maliyyə yardımı sayəsində e-hökumət ilə əlaqədar təşəbbüslər Azərbaycanın gömrük, vergilər və pensiya sistemində müvəffəqiyyətlə tətbiq edilmişdir. "Təcrübədən istifadə etmək üçün donor yardımı maliyyə yardımından daha mühüm əhəmiyyət kəsb edir". Milli əlaqələndiricinin fikrincə, qarşıdakı üç il Azərbaycanda e-idarəçiliyin inkişafında həlledici olacaqdır.

Ölkənin e-idarəçilik strategiyasının hazırlanmasına kömək etmək məqsədi ilə Azərbaycan Hökuməti tərəfindən dəvət edilmiş cənab Kaplan bildirdi ki, yeni hazırlanmış strategiya Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı və İnkişaf naminə İKT üzrə Milli Strategiya da daxil olmaqla ölkənin bütün inkişaf strategiyalarına uyğunlaşdırılmışdır. O, mükəmməl e-hökumət mexanizminin yaradılmasında mövcud olan boşluq və problemlərin əhalinin diqqətinə çatdırılmasında Hökumətin səmimiliyini alqışladı. Onun sözlərinə görə, məhz boşluqlar resurs və səylərin hansı istiqamətə yönəldilməsinin vacib olduğunu müəyyən etməyə kömək etdi. Cənab Kaplan "dövlət qurumlarının yüksək səviyyədə əlaqələndirilməsi" və "ölkədə və vətəndaş cəmiyyəti daxilində peşəkarlığı" ölkənin e-idarəçilik proqramının uğurlu icrasının mühüm amilləri adlandırdı. O, avtomatlaşdırılmış gömrük proseduralarında, eləcə də tələbə qəbulu prosesində imtahanların nəticələrinin online əks etdirilməsində elektron üsullardan müvəffəqiyyətlə istifadə ilə bağlı cənab Naibov - Əylislinin fikrinə şərik olduğunu bildirdi. Onun sözlərinə görə, bütün bunlar müsbət nəticələrdir. Çıxışının sonunda cənab Kaplan Azərbaycanı regional İKT mərkəzinə çevirmək istiqamətində hökumətin səylərini alqışladı.

Nazirin Sammit üzrə müşaviri cənab Elçin Əliyev Azərbaycanda həyata keçirilən e-hökumət layihələri haqqında təqdimat nümayiş etdirdi. O, Azərbaycanda İKT-nin inkişafına çoxtərəfli yanaşmanı alqışladı. BMTİP-i İKT-nin inkişafı və e-idarəçilik sahəsində Azərbaycanın strateji tərəfdaşı adlandıran cənab Əliyev bu və digər beynəlxalq təşkilatların dəstəyi ilə icra edilən e-idarəçilik layihələrinə özəl sektorun cəlb edilməsini müsbət təcrübə kimi qiymətləndirdi.

17 noyabr 2005-ci il tarixində "Azərbaycan günü" adlı tədbirdə World Summit Award (WSA) təşkilatının Direktorlar Şurasının sədri cənab Peter Bruk iştirak etdi. Cənab Bruk Sammitdə fəal iştirakına görə Azərbaycan nümayəndə heyətini təbrik edərək WSA-nın sertifikatını "E-Content 2005" beynəlxalq müsabiqəsində iştirak edən www.jazz.az saytının müəlliflərinə təqdim etdi.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Ilyas Naibov-Aylıslı
Azərbaycan Hökuməti ilə BMTİP-in birgə “E-idarəçilik Şəbəkəsi Təşəbbüsü” layihəsinin Milli Əlaqələndiricisi
Tel: +99412 598-06-21