C-b Qarayev və c-b Borsotti Bakı Turizm İnformasiya Mərkəzinin açılışında

Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

Azərbaycanda ilk Turizm İnformasiya Mərkəzi açıldı

2 fevral 2005-ci il - Bu gün Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Naziri cənab Əbülfəz Qarayev və BMT-nin Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Marko Borsottinin iştirakı ilə Bakıda Turizm İnformasiya Mərkəzinin (TİM) rəsmi açılışı oldu.

Mərkəz ölkədə turizmin inkişafı istiqamətində Azərbaycan Hökuməti ilə BMTİP tərəfindən icra edilən birgə layihə çərçivəsində yaradılmışdır. Bakıda və ölkənin yeddi rayonunda TİM-ləri təsis etməklə turizm sektoruna cəlb olunmuş sahibkarlarla müştərilər arasında əlaqə yaratmaq, kənd yerlərində aztəminatlı ailələrdən olan gənclər üçün qeyri-kommersiya kursları təşkil etməklə onların turizm biznesində işlə təmin olunmasına yol açmağa kömək edəcəkdir.

Diplomatik korpus, müvafiq dövlət və özəl strukturlar, eləcə də mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən cənab Qarayev yeni açılmış və yaxın gələcəkdə yaradılacağı nəzərdə tutulan mərkəzlərin ölkədə turizmin inkişafı üçün əhəmiyyətini vurğuladı. Cənab Nazir ölkədə turizm sənayesinin inkişaf etdirilməsi və yoxsulluqla mübarizədə faydalı olacaq məşğulluğun artırılması istiqamətində Azərbaycan hökumətinin səylərini dəstəklədiyi üçün BMTİP-ə və şəxsən BMTİP-in Rezident Nümayəndəsinə dərin təşəkkürünü bildirdi.

Cənab Borsotti öz çıxışında yoxsulluqla mübarizə sahəsində BMTİP ilə Gənclər, İdman və Turizm Nazirliyi arasında sıx əməkdaşlığın mövcud olduğunu vurğuladı. O, bu layihənin xüsusilə gənclərin işlə təmin olunması üçün yeni imkanlar açacağına ümid etdiyini bildirdi. Azərbaycan xalqının "qonaqpərvərliyini" qeyd edən BMT rəsmisi "bu xüsusiyyətin Azərbaycanda turizm sənayesi üçün faydalı olacağına" əmin olduğunu bildirdi. Cənab Marko Borsottinin sözlərinə görə, daxili turizmin inkişafı istiqamətində atılmış ilk addımdan sonra bu layihə yoxsulluq əleyhinə missiyanın həyata keçirilməsində maraqlı təşkilatlar və özəl sektorla tərəfdaşlıq üçün yeni imkanlar açacaqdır.

Bakıda və digər rayonlarda fəaliyyət göstərən Turizm İnformasiya Mərkəzlərinin başlıca vəzifəsi turistlərin lazımi informasiya ilə təmin edilməsindən, daha cəlbedici və rahat marşrutların seçilməsi və maraq doğuran yerlərin müəyyən edilməsindən, mehmanxana və restoranlar haqqında məlumatın toplanmasından, daşınma, tərcümə və informasiyanın toplanması ilə əlaqədar xidmətlərin həyata keçirilməsi, buklet və marşrut xəritələrinin hazırlanması və paylanması, eləcə də turizm sahəsi ilə bağlı digər məsələlər haqqında təfsilatlı məlumat verilməsindən ibarət olacaqdır.

Tədbirdə həmçinin cənab Qarayev tərəfindən Azərbaycanın bir sıra aparıcı mehmanxanalarına - Qrand Avropa, Hyatt Regency, Hyatt Park, Delfin, Palma (Nabran) və Monte Neqro İnn otellərinə sertifikat və lövhələr təqdim edildi.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
x-m İradə Əhmədova
BMTİP-in Müşaviri
Tel: 498-98-88 (daxili 117)