Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

Milli Konfrans Azərbaycanda Beynəlxalq Mikrokredit İlinə start verdi

Bakı, 2 mart 2005-ci il - BMT Baş Assambleyası 2005-ci ili Beynəlxalq Mikrokredit İli elan etmişdir. Bir sıra ölkələrdə bu proseslə əlaqədar Milli Koordinasiya Komitələri yaradılmışdır.

Bu gün Bakının Hyatt Regency mehmanxanasında Beynəlxalq Mikrokredit İli üzrə Milli Koordinasiya Komitəsinin sədri, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Dəstək Milli Fondu və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən "Azərbaycanda Mikrokreditləşdirmə: cari vəziyyət və inkişaf perspektivləri" adlı bir günlük konfrans keçirildi.

Yüksək səviyyəli dövlət rəsmiləri, diplomatik korpus, beynəlxalq inkişaf təşkilatları, beynəlxalq və milli maliyyə institutları və mediya nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Azərbaycanda mikrokredit və mikromaliyyə sahələrinin cari vəziyyəti, ölkədə mikromaliyyələşdirmənin inkişafında mövcud problemlər, eləcə də Beynəlxalq Mikrokredit İli üzrə Milli Kooridnasiya Komitəsinin fəaliyyət planı müzakirə edildi.

Tədbiri açan Azərbaycan Respublikası İqtisadi İnkişaf Naziri cənab Fərhad Əliyev öz çıxışında ölkə iqtisadiyyatında, xüsusilə də bank sektorunda həyata keçirilən islahatlar haqqında geniş danışdı. Cənab Əliyev yoxsulluğun azaldılması, sahibkarlığın inkişafı və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasında mikromaliyyələşdirmənin rolunu qeyd etdi.

BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsottinin fikrincə, "mikrokreditləşdirmə bütün dünyada yoxsulluqla mübarizədə ən səmərəli vasitədir". Cənab Borsotti Milli Koordinasiya Komitəsinin yaradılmasında göstərdiyi köməyə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirdi və konfransda ölkədə mikrokreditləşdirmənin inkişafı ilə bağlı mühüm problemlərin müzakirə olunacağına ümid etdiyini vurğuladı. O, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Dünya Bankı kimi beynəlxalq təşkilatların bu istiqamətdə rolunu qeyd etdi. Beynəlxalq ictimaiyyətin mövqeyindən çıxış edən BMTİP rəsmisi prosesdə meydana çıxan çətinliklərə toxundu və bildirdi ki, - "Mikromaliyyələşdirmə bank sistemində yenidənqurmanın tərkib hissədir. Bank sistemində yenidənqurma müşahidə olunmazsa, biz mikrokreditləşdirmədə davamlı inkişafa nail ola bilmərik." Cənab Borsotti bank sektorunda "rəqabət qıtlığı", biznesə müdaxilə və korrupsiya kimi faktorları mikrokreditləşdirmənin inkişafına əngəl törədən başlıca maneələr kimi qiymətləndirdi. Cənab Borsotti BMTİP-in mikromaliyyələşdirmənin inkişafında Azərbaycan Hökumətinin səylərini dəstəkləyəcəyini bildirdi. O, həmçinin Beynəlxalq Mikrokredit İli ilə bağlı iki müvafiq təşəbbüsdə - mikrokredit üzrə məlumat bazasının yaradılması və BMT-nin "Mavi Kitab" təşəbbüsünün tərkib hissəsi kimi bu sahənin tədqiqində Azərbaycanın iştirakına BMTİP-in yardımını təklif etdi.

Avropa Yenidənqurma və İnkişaf Bankının Ölkə üzrə Direktoru cənab Raymond Convey bildirdi ki, - "mikromaliyyə təşkilatları biznes mühitində son dərəcə mühüm əhəmiyyətə malikdir". Onun fikrincə, kredit alanlar üçün kifayət qədər vəsaitin mövcudluğu, kreditorların qeyri-qanuni müdaxilələrindən müdafiə və güclü bank sistemi mikromaliyyələşdirmənin uğurlu inkişafında mühüm rol oynayır.

Asiya İnkişaf Bankının Ölkə üzrə Meneceri cənab Matyu Vestfol kənd təsərrüfatının inkişafında mövcud durğunluğa, bankların əsasən Bakıda cəmləşməsi və regionlarda xidmətin aşağı səviyyədə olmasına tənqidi yanaşdı.

Milli Məclisin Sosial Siyasət Komissiyasının sədri cənab Hadı Rəcəbli Azərbaycanda yeni mədəniyyətin, əhalinin kreditorlara inamı üzərində qurulmuş kredit mədəniyyətinin cəmiyyətə təqdim edilməsinin mühümlüyünü vurğuladı.

ABŞ-ın Azərbaycandakı Səfiri cənab Reno Harniş və Norveç Səfiri cənab Şteynar Gil mikrokredit təşkilatlarına yerlərdə göstərilən təzyiqlərdən şikayətləndilər.

Konfransda qaldırılmış məsələ və problemlərlə bağlı cənab Fərhad Əliyev bütün tərəfləri mikromaliyyələşdirməni yoxsulluqla mübarizədə mühüm vasitəyə çevirmək üçün birgə fəaliyyət göstərməyə çağırdı. Cənab Nazirin sözlərinə görə, təmsil etdiyi Nazirlik ölkədə mikrokreditləşdirmənin inkişafına kömək məqsədilə BMTİP və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı davam etdirəcəkdir.

Mətbuat "Azərbaycanda Mikrokreditləşdirmə: cari vəziyyət və inkişaf perspektivləri" konfransı haqqında

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-n Gülşən Rzayeva
Baş müşavir
Tel: 498-98-88 (daxili 110)