Sumqayıtda yoxsulluğun azaldılmasına həsr olunmuş regional ictimai görüş keçirildi
Sumqayıt, 2 iyun 2005-ci il - 1-2 iyun tarixində Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafa dair Dövlət Proqramının (YAİİDP) icrası və Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olunması istiqamətində ölkənin əldə etdiyi nailiyyətləri müzakirə etmək məqsədi ilə Azərbaycan üçüncü ən böyük şəhəri olan Sumqayıtda regional ictimai görüş keçirildi. Bu ilin YAİİDP/MİM-ə həsr edilmiş ikinci regional ictimai görüşündə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, BMT-nin İnkişaf Proqramının (BMTİP), Ümumdünya Ərzaq Proqramının (ÜƏP), BMT-nin Uşaq Fondunun (UNİCEF), BMT-nin Əhali Fondunun (UNFPA), BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM), Asiya İnkişaf Bankının (AİB), həmçinin yerli icra orqanları və vətəndaş cəmiyyəti təşkilatının nümayəndələri bir araya gəldilər. UNİFEM-in maliyyə dəstəyi ilə təşkil olunmuş tədbirdə həmçinin 2006-cı ildə icrasına başlanacaq yeni 10-illik davamlı inkişaf proqramının prioritetləri müzakirə olundu.
Tədbirin ilk günü görüş iştirakçıları YAİİDP-in icrası prosesi, bu proqramın icrasında vətəndaş cəmiyyətinin iştirakı, MİM-lər və YAİİDP çərçivəsində onların monitorinqi, eləcə də 2004-cü ildə Proqram çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumatlandırıldılar. Daha sonra tədbir iştirakçıları dörd sektor üzrə qruplara bölünərək, sahibkarlığın inkişafı, ekoloji təhlükəsizlik, qaçqın və məcburi köçkünlər və səhiyyə sahələrində mövcud problemləri müzakirə etdilər.
Görüşün ikinci günü iyunun 2-də, tədbir YAİİDP Katibi cənab Mehman Abbasovun iştirakçılara müraciəti ilə öz işinə başladı. Cənab Abbasov yoxsulluğun azaldılması üzrə proqramın məqsədləri və icra vəziyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi.
Tədbirdə çıxış edən BMT-nin Rezident Əlaqələndiricisi cənab Marko Borsotti YAİİDP çərçivəsində tədbirlərin müəyyən edilməsində ictimaiyyətin iştirakının mühüm əhəmiyyyət kəsb etdiyini vurğuladı. O, xalqa öz problem və prioritetləri haqqında söyləmək imkanı yaratdığı üçün YAİİDP Katibliyinə təşəkkürünü bildirdi. Cənab Borsottinin qeyd etdiyi kimi, dünya icması 2015-ci ilədək nail olmaq üçün məqsədlər müəyyən etmiş və Azərbaycan da daxil olmaqla bütün dünya diqqətini bu məqsədlərə nail olunmağa yönəltmişdir. Onun sözlərinə görə ölkə, yoxsulluğun azaldılması ilə bağlı konkret addımlar atır. Cənab Borsotti həmçinin qeyd etdi ki, yeni proqramın tərtibatı ciddi vəzifədir. Bu yeni proqram ölkəni gələcək on il ərzində istiqamətləndirəcək və problemlərin bir çoxunu həll etməkdə Azərbaycana kömək edəcəkdir.
ÜƏP-in Ölkə üzrə Direktoru cənab Rəhman Çoudhuri yoxsulluq və aclıq arasında birbaşa bağlılıqdan söhbət açdı, qaçqın və məcburi köçkünlərin qidalanma vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə ÜƏP tərəfindən təqdim edilmiş yardım haqqında məlumat verdi və bu yardımın bir neçə aztəminatlı qrupu da əhatə etdiyini bildirdi.
Cənab Mehman Abbasov tərəfindən yoxsulluğun azaldılması proqramı və 2004-cü ildə əldə edilmiş nailliyyətləri əks etdirən geniş təqdimat nümayiş olundu. O, həmçinin hazırlıq mərhələsində olan yeni 10-illik Davamlı İnsan İnkişafı Strategiyasının (2006-2015) prioritetlərinin müəyyən olunması baxımından bu cür görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Cənab Abbasov tədbirdə irəli sürülmüş tövsiyyələr barədə müvafiq hökumət strukturlarına hesabat verəcəyinə zəmanət verdi.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-n Gülşən Rzayeva
Baş müşavir
Tel: 498-98-88 (daxili 110)
|