Azərbaycanın yeni pensiya sistemi korrupsiya ilə mübarisəyə töhfə verəcəkdir
BMTİP Dövlət Sosial Müdafiə Fondu ilə birgə layihəsinin icra müddətini uzatdı
Bakı, 20 iyun 2005-ci il - Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Potensialının Gücləndirilməsi" birgə layihəsinin icra müddəti uzadıldı. Bu layihənin III-cü mərhələsinə keçid ilə əlaqədar Memorandum Azərbaycan Hökuməti adından DSMF-nin sədri cənab Səlim Müslümov və BMTİP adından BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti tərəfindən imzalandı.
Media nümayəndələrinin iştirakı ilə, cənab Müslümov və cənab Borsotti həmçinin layihənin ikinci mərhələsi çərçivəsində yaradılmış Mərkəzi Arxivin və Tədris Mərkəzinin açılışını həyata keçirdilər. Mərkəzi Arxiv az yer tutan, eyni zamanda daha çox sənədin saxlanmasına imkan verən ən müasir texnologiya ilə təchiz edilmişdir. Bundan başqa, təchiz edilmiş avadanlıq sənədlərin toz, rütubət və digər təsirlərdən qorunmasını, bununla da onların uzun müddət etibarlı saxlanmasını təmin edəcəkdir. Ən son kompyuter texnologiyaları ilə təchiz edilmiş Tədris Mərkəzi həm baş ofisin, həm də regional şöbələrin əməkdaşları üçün təlim kurslarının təşkili məqsədi ilə yaradılmışdır.
İmzalama mərasimindən sonra keçirilən mətbuat konfransında cənab Müslümov bildirdi ki, birgə icra edilən bu layihə ölkənin E-Hökumət strategiyasının tərkib hissəsidir. Layihənin üçüncü mərhələsinin məqsədlərini qeyd edən cənab Sədr birdirdi ki, bu mərhələdə məqsəd layihənin ilk iki mərhələsi zamanı 22 pilot regionda əldə edilmiş nəticələrə ölkənin digər bölgələrində də nail olmaqdan ibarətdir. Prosesə maliyyə idarəetmə sistemi ilə fərdi uçot sisteminin vahid sistem şəklində birləşdirilməsi, yeni proqram təminatının quraşdırılması və işçi heyətin təlimi də daxildir. Onun sözlərinə görə, layihənin ilk iki mərhələsinin uğurla icrası, bu ilin aprel ayında BMTİP tərəfindən layihənin davam etdirilməsi təklifinin irəli sürülməsi ilə nəticələndi. İcrası 2005-ci ilin iyun ayından 2006-cı ilin sonunadək nəzərdə tutulmuş üçüncü mərhələ üçün ümumi büdcə 2,100,000 ABŞ dolları təşkil edir. Cənab Müslümov həmçinin pensiya sisteminin islahı prosesində Dünya Bankı ilə tərəfdaşlığı qeyd etdi.
Cənab Borsotti də öz növbəsində pensiya sistemində islahatlar aparılmasının mühümlüyünü vurğuladı. "Azərbaycanın əhalisi hal-hazırda əsasən gənclərdən ibarətdir. Sizin böyük əksəriyyətiniz Pensiya Fonduna daha çox töhfə verməkdədir, nəinki bu sistemdən faydalanmaq. Lakin zaman keçdikcə, siz elə bir yaşa gələcəksizniz ki, bütün bu töhfələrin bəhrəsini görəcəksiniz. Bu sistemdə islahatlar aparılmazsa, siz təqaüd ala bilməyəcəksiniz. Buna görə də, bu islahatların indi aparılması çox vacibdir". Ayrı-ayrı əməkdaşların ölkənin cari pensiya sisteminin zəyifliyindən öz şəxsi mənafeyi üçün istifadəsini qeyd edən cənab Borsotti bildirdi ki, yeni sistem korrupsiya hallarının azaldılmasına kömək edəcəkdir. "Bir çoxunuz bilirsiniz ki, təqaüdlərinizin yenidən baxılmasını istəyirsinizsə, Pensiya Fondunun müxtəlif şöbələrində fəaliyyət göstərən əməkdaşlara "hörmət etməlisiniz". İnanıram ki, Dövlət Sosial Fondu tərəfindən tətbiq ediləcək yeni sistem bu sahədə korrupsiya hallarını məhdudlaşdıracaq və yaxud tamamilə aradan qaldıracaqdır. Bu, dövlət idarəçiliyinin digər sahələri üçün də müsbət addım və yaxşı nümunə olacaqdır. Bu onu göstərir ki, siyasi məram olarsa, problemlərin həlli də reallaşa bilər". Cənab Borsotti çıxışının sonunda təmsil etdiyi təşkilatın bu layihəyə cəlb olunmaqdan məmnunluq duyduğunu buldirdi.
2003-cü ildə təqdim edilmiş, BMTİP/DSMF birgə layihəsinin məqsədi, təqaüdlərin hesablanması üçün nəzərdə tutulmuş fərdi uçot sisteminin təqdim edilməsi və informasiya kommunikasiya texnologiyaları əsasında yeni idarəetmə sisteminin yaradılması vasitəsilə ölkənin pensiya sisteminin müasirləşdirilməsindən ibarətdir. Dövlət pensiya sistemində kompyuterləşdirilmiş məlumat bazasının yaradılması layihənin əsas tərkib hissəsidir. Layihə həmçinin, Fondun Bakıda fəaliyyət göstərən baş ofisi ilə regional şöbələri arasında səmərəli rabitə əlaqələrini və əməkdaşlığı təmin edəcəkdir. Bu proses vasitəsilə Fond kağız üzərində işlərdən elektron fəaliyyətə keçmək imkanına malik olacaqdır ki, bu da yazışmaların daha dəqiq aparılmasına və onların istənilən zaman əldə edilməsinə şərait yaradacaqdır.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-B Oktay İbrahimov
Layihənin Milli Əlaqələndiricisi
Tel: +99412 434 65 90