Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

Gənc dzüdoçular narkotiklərə "YOX" deyirlər
Narkotiklər əleyhinə Beynəlxalq Gün münasibətilə SCAD-ın sponsorluğu ilə İsmayıllıda gənc dzüdoçuların regional yarışı keçirildi

İsmayıllı, 23 iyun 2005-ci il - İsmayıllı rayon 5 saylı orta məktəbdə Narkotiklərdən sui-istifadə və onların qeyri-qanuni dövriyyəsi əleyhinə Beynəlxalq Gün münasibətilə gənc dzüdoçuların regional turniri keçirildi.

Bakı və ətraf rayonlardan, eləcə də Sumgayıt, Şamaxı, Qəbələ, Qaradağ, Ağdam, Kürdəmir və digər regionlardan 200-dən çox gənc Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Hökumətinin birgə layihəsi olan "Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı"(SCAD) çərçivəsində təşkil olunmuş regional turnirdə iştirak etdilər.

Açılış nitqi ilə çıxış edən SCAD-ın Milli Koordinatoru cənab Məzahir Əfəndiyev Beynəlxalq Günün tarixi, bu problemlə bağlı ictimaiyyətin maarifləndirilməsinin mühümlüyü və ümumilikdə bu sahədə SCAD-ın fəaliyyəti haqqında məlumat verdi. Cənab Əfəndiyev Narkotiklərdən sui-istifadə və onların qeyri-qanuni dövriyyəsi əleyhinə Hökumətin səylərini alqışladı və bu sahədə görüləsi işlərin hələ də çox olduğunu vurğuladı.

BMT-nin İctimai İnformasiya Departamentinin müdiri cənab Fərqan Abbaszadə öz növbəsində bildirdi ki, builki beynəlxalq günün mövzusu sağlam həyat tərzinə həsr edilmişdir. Gənc idmançılara müraciət edərək, cənab Abbaszadə onların seçimini - idmanla məşğul olmalarını alqışladı. "Seçiminizlə bağlı sizi təbrik edirəm. İdmanı seçməklə siz narkotiklərə YOX deyirsiniz. Bu yarışın nəticələrindən asılı olmayaraq siz artıq qalibsiniz. Düzgün seçim etməklə siz narkotiklərlə mübarizədə qalib gəlmisiniz."

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Pərviz Ağayev, Rayon Gənclər, İdman, Turizm idarəsinin rəisi cənab Rüstəm Səmədov, Milli QHT Forumunun İsmayıllı Koordinatoru cənab Eldar Əliyev və Gənclər Anti-narkotik idarəsinin başçısı cənab Qüdrət Kazımov tədbirdə çıxış edərək gənc dzüdoçulara qələbə arzuladılar.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Məzahir Əfəndiyev
Layihənin Milli Əlaqələndiricisi
Tel: +99412 493-15-13