Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

Gəncədə təşkil edilmiş regional ictimai görüş ölkənin inkişafında genderin mühüm rolunu vurğuladı

Gəncə, 23-24 iyun 2005-ci il - Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə Yoxsulluğun Azadlılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının (YAİİDP) icrası və 2006-cı ildən etibarən icra ediləcək yeni 10-illik Davamlı İnkişaf üzrə Dövlət Proqramının prioritetlərinə həsr edilmiş regional ictimai görüş keçirildi.

BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) maliyyə dəstəyi ilə təşkil edilmiş YAİİDP/Minilliyin İnkişaf Məqsədlərinə (MİM) həsr olunmuş ilin üçüncü görüşündə müxtəlif nazirliklərin, BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Uşaq Fondu (UNİCEF), Ümumdünya Ərzaq Proqramı (ÜƏP), BMT-nin Əhali Fondu (UNFPA), UNİFEM, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi beynəlxalq təşkilatların, yerli icra orqanları və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri bir araya gəldilər.

Tədbirin ilk günü nümayiş etdirilən təqdimatlar 2003-2004-cü illər ərzində YAİİDP ilə əlaqədar ictimaiyyətin maarifləndirilməsi, MİM-lər və YAİİDP-in icrası prosesinin monitorinqinə həsr edilmişdi. UNİFEM-in Baş Texniki Məsləhətçisi xanım Kristina Ərəb təmsil etdiyi təşkilatın gender bərabərliyinin təmin edilməsində hökumət orqanlarına göstərdiyi köməkdən söhbət açdı və iqtisadi inkişafda, xüsusilə də YAİİDP-in icrasında genderlə bağlı prioritetləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra iştirakçılar dörd sektor üzrə qruplara bölünərək kənd təsərrüfatı, sosial müdafiə, təhsil və qaçqınlar və məcburi köçkünlərlə əlaqədar məsələləri müzakirə etdilər.

İlk dəfə idi ki, gənclər təşkilatlarının nümayəndələri YAİİDP-ə həsr olunmuş regional ictimai görüşdə iştirak edirdilər. Onların iştirakı UNİCEF tərəfindən maliyyələşdirilmişdi. Gənclər təşkilatlarının nümayəndələri qrupların müzakirələrində iştirak etdilər və gənclərin problemlərinə həsr olunmuş təqdimat nümayiş etdirdilər. Onlar bildirdilər ki, işsizlik və təhsil sektorunda korrupsiya bu gün gənclərin üzləşdikləri başlıca problemlərdir.

Tədbirin ikinci günü qrupların müzakirələrinə yekun vuruldu və təkliflər irəli sürüldü. Bu təkliflər arasında qaçqın və məcburi köçkünlər də daxil olmaqla qadınlar üçün yüksək hökumət vəzifələrinə seçilmək üçün bərabər imkanlar yaratmaq, orta məktəblərdə genderin tədrisi, təhsil ocaqlarında gənclərin nəzarəti də daxil olmaqla, ictimai nəzarət mexanizmlərinin tətbiq edilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi, əmək bazarında ehtiyacların ödənməsi məqsədi ilə peşə təhsili sisteminin inkişaf etdirilməsi və reabilitasiya mərkəzlərinin mövcud olmadığı regionlarda əlillər üçün yeni mərkəzlərin yaradılması ilə bağlı təkliflər də var idi. YAİİDP katibliyinin nümayəndəsi əmin etdi ki, tədbirdə irəli sürülmüş təkliflər əlaqədar hökumət strukturlarına çatdırılacaq və lazım gəldikdə, hökumətin yeni davamlı inkişaf proqramının tərkib hissələri kimi nəzərə alınacaqdır.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-m Gülşən Rzayeva
Baş müşavir
Tel: (+99412) 498 98 88 (əlavə.110)