Azərbaycanda Regional Elektron-hökumət Təlim və Resurs Mərkəzi açıldı
Bakı, 24 noyabr 2005-ci il - Keçən həftə Azərbaycanın paytaxtı Bakı şəhərində açılmış Regional Elektron-hökumət (e-hökumət) Təlim və Resurs Mərkəzinin əsas məqsədlərindən biri e-idarəçilik və e-demokratiya üzrə biliklərin yaradılması və ötürülməsindən ibarətdir.
Mərkəzin yaradılması ilə əlaqədar icra edilən layihə UNESCO-nun Baş katibinin ölkəyə bu yaxınlarda reallaşdırdığı səfəri zamanı Azərbaycan Hökuməti tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməsinə dəstək məqsədi ilə UNESCO və BMT-nin İnkişaf Proqramının (BMTİP) göstərdiyi kollektiv səylərdən biridir.
Yeni yaradılmış mərkəz Milli Məclis, hökumət təşkilatları, eləcə də vətəndaş cəmiyyəti, özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə hərtərəfli xidmət göstərəcək və onları e-hökumət təşəbbüslərinin müxtəlif mərhələləri üzrə istiqamətləndirəcəkdir. Mərkəzin fəaliyyətində əsas diqqət e-idarəçilik və e-demokratiya üzrə biliklərin yaradılması və ötürülməsinə yönəldiləcək və bu sahədə beynəlxalq və milli təcrübənin təhlil edilməsinə şərait yaradılacaqdır.
Mərkəzdə həmçinin vətəndaş və hökumət strukturları, orta məktəblərin informatika müəllimləri və təhsil işçiləri də daxil olmaqla, geniş auditoriya üçün e-hökumət və informasiya texnologiyalarının əsas aspektlərinə həsr olunmuş silsilə təlimlər həyata keçiriləcəkdir. Mərkəzdə yerli e-hökumət şəbəkələrinin genişləndirilməsi işinə cəlb olunmuş hökumət və qeyri-hökumət təşkilatlarının ixtisaslı texniki heyəti üçün müasir sistem və şəbəkə texnologiyalarına həsr olunmuş təlimlərin təşkili nəzərdə tutulur.
Resursların təqdim edilməsi vasitəsilə vətəndaşların və yerli hakimiyyət orqanlarının e-hökumət sahəsində geniş iştirakını təmin etmək məqsədi ilə mərkəz "Vətəndaş-Hökumət İnformasiya Köşkləri"nin yaradılması, eləcə də yerli rəhbərlərin idarələrində avtomatlaşdırılmış sistemlərin quraşdırılması prosesinə yardım göstərəcəkdir.
Mərkəz 1996-cı ildən bəri UNESCO və BMTİP tərəfindən birgə icra edilən layihələr sayəsində gücləndirilmiş regional akademiya və mərkəzlərin infrastrukturu və insan resurslarına əsaslanacaqdır.
|