QHT-lər narkotiklərlə mübarizəyə qoşulur
Bakı, 26 may 2005-ci il - 26 may 2005-ci il tarixində BMT-nin İnkişaf Proqramının (BMTİP) konfrans zalında Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP tərəfindən icra olunan "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SCAD) adlı regional yardım proqramının QHT Şəbəkəsi layihəsi çərçivəsində həyata keçiriləcək üç pilot layihənin təqdimatı və imzalanma mərasimi keçirilmişdir.
İmzalanma mərasimində BMT-nin İnkişaf Proqramını, Narkomanlığa və Narkotik vasitələrin Qeyri-qanuni Dövriyyəsi ilə Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunu, SCAD proqramını təmsil edən səlahiyyətli şəxslər və KİV-in nümayəndələri iştirak etmişlər.
SCAD Proqramının Milli Koordinatoru cənab Məzahir Əfəndiyev son zamanlar respublikada narkomaniya sahəsində aparılan islahatların mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Cənab Əfəndiyev SCAD proqramının QHT Şəbəkəsi layihəsi çərçivəsində görülən işlərdən danışaraq Şəbəkəyə cəlb olunacaq QHT-lərin müəyyən olunması məqsədilə müsabiqə elan olunduğunu, BMTİP-nın prosedurlarına müvafiq şəkildə beynəlxalq və yerli ekspertlərin tövsiyyələrinə əsasən Şəbəkə çərçivəsində fəaliyyət göstərəcək 7 QHT-nın seçildiyini qeyd etdi. Onun sözlərinə əsasən, QHT nümayəndələri Avropa İttifaqının eksperti cənab Yan Vorisekin təşkil etdiyi təlim kurslarında iştirak etmişlər.
SCAD proqramının QHT Şəbəkəsi layihəsinin rəhbəri Tural İsmayılov yerli QHT-lərlə SCAD proqramının birgə həyata keçirdiyi üç pilot layihə haqqında ətraflı məlumat verdi.
Cənab Əfəndiyev həmçinin 2004-cü il üzrə müvafiq sahədəki vəziyyəti əks etdirən İllik Milli Məruzəni tədbir iştirakçılarının nəzərinə çatdırdı. Bu Məruzə SCAD Proqramının "Narkotiklər üzrə Milli Monitorinq Sistemi" layihəsi çərçivəsində nəşr olunmuşdur.
Sonda, orta məktəb şagirdlərinin narkomaniya əleyhinə maarifləndirilməsi, narkomanlara göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, narkoistifadəçilər və onları əhatə edən sosial mühitdə zərərin azaldılması məsələlərinə toxunan üç pilot layihə üzrə razılaşmalar SCAD proqramı və seçilmiş QHT-lər ("Sağlam Dünya" təşkilatı, Azərbaycan "Maarifçi Gənclər" təşkilatı, Şəfa" Narkoloji Yardım Assosiasiyası, Azərbaycan "Könüllülər" İctimai Birliyi, Azərbaycan "İctimai Sağlamlıq" Assosiasiyası, "Antinarkotizm" Beynəlxalq Elmi-Analitik Mərkəzi, Azərbaycan Respublikası "Sağlamlıq" Assosiasiyası) tərəfindən imzalandı.
SCAD Proqramı Azərbaycanda 2001-ci ilin iyul ayından həyata keçirilir. SCAD Proqramı tərəfindən həyata keçirilən SCAD IV layihəsini fəaliyyət istiqamətlərinə hüquqi yardım, hava və dəniz limanlarında narkotiklərə nəzarət, sərhəd ərazilərinə nəzarət, narkotiklərdən sui-istifadənin monitorinq sistemi, orta və ali məktəblərdə tələbin azaldılması, QHT Şəbəkəsinin yaradılması daxildir.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Tural İsmayılov
QHT Şəbəkəsi layihəsinin rəhbəri
Tel.: 499 06 55
SCAD QHT Şəbəkəsi layihəsinin təqdimatı
|