BMTİP məktəblərin kompüterləşdirilməsi və müəllimlərin təlimləndirilməsi prosesində Azərbaycana kömək edir
Bakı, 28 oktyabr 2005-ci il - Azərbaycanda orta məktəblərin kompüterlərlə təchiz edilməsi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə icra ediləcək yeni layihənin imzalanma mərasimində çıxış edən BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Marko Borsottinin fikrincə, "Kompüterlərdən istifadə və internetə çıxış müasir savadlılıq konsepsiyasının başlıca tərkib hissəsidir. Zəmanəmizdə yalnız kompüterlərdən istifadə etmək bacarığına malik insan həqiqətən savadlı kadr hesab edilir. Kompüter təkcə bizim fikir və düşüncələrimizi qeydə almaq üçün deyil, eyni zamanda kommunikasiya üçün mühüm vasitədir. Bu gün istənilən şəxs dünyanın hansı yerində olmasından asılı olmayaraq internet vasitəsilə kifayət qədər məlumat əldə edə bilər".
"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı" layihəsini Azərbaycan Hökuməti adından Təhsil Naziri cənab Misir Mərdanov və BMTİP adından BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti imzaladılar. Açılış nitqi ilə çıxış edən cənab Mərdanovun sözlərinə görə, "İnkişaf Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə Milli Strategiya" ya müvafiq olaraq işlənib hazırlanmış yeni layihənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü il tarixli Sərəncamına əsasən təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007)" nın icrasına töhfə verməkdən ibarətdir. Cənab nazirin fikrincə, adı çəkilən dövlət proqramı informasiya texnologiyalarından istifadə etməklə Azərbaycanda təhsilin keyfiyyətini yüksəltmək və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi ilə vahid təhsil informasiya mühitinin yaradılmasına yönəldilmişdir. Layihənin icrası orta məktəblərdə hər 33 şagirdin 1 kompüterlə təchiz edilməsinə və 10.000 yeni iş yerinin yaradılmasına imkan verəcəkdir. Bir illik layihənin ümumi büdcəsi 1.3 milyon ABŞ dolları təşkil edir ki, bu məbləğin 1 milyon dolları Azərbaycan Hökuməti, 300.000 dolları isə BMTİP tərəfindən ödəniləcəkdir. Cənab Mərdanov ayrılmış vəsaitin ədalətli və şəffaf şəkildə sərf ediləcəyinə zəmanət verdi.
Cənab Marko Borsotti vurğuladığı kimi, "irəli sürülmüş təşəbbüsün uğurla həyata keçirilməsi azərbaycanlı müəllimlərin tədris metodikasını bu yeni mühitə uyğun şəkildə təşkil etmək bacarığından asılı olacaqdır. Nazirlik müəllimlərin təlimləndirilməsi və onların bu yeni avadanlıqdan bacarıqla istifadəsi üçün daha çox vəsait ayırmalıdır". BMTİP-in Rezident Nümayəndəsi təmsil etdiyi təşkilatın digər ölkələrin artıq bəhrələndiyi təcrübəni Azərbaycanda da tətbiq etməyə hazır olduğunu bildirdi. Cənab Borsotti "yaxın gələcəkdə Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən məktəblərin kifayət qədər kompüterlə təchiz ediləcəyinə və savadlı olmaqda və yeni qlobal cəmiyyətin tərkib hissəsinə çevrilməkdə Azərbaycan gənclərinə kömək edə biləcək təcrübəli müəllimlərin sayının artacağına" ümid etdiyini bildirdi.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Şamil Rzayev
Müşavir
Tel: (+99412) 498 98 88 (əlavə.147)
|