Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

E-İdarəçilik Azərbaycanda müsbət nəticələrə yol açır, lakin risk və problemlər hələ də qalmaqdadır
BMTİP e-idarəçilik sahəsində icra etdiyi layihələrin müstəqil təhlilinə dair nəticələri təqdim edir

Bakı, 6 oktyabr 2005-ci il - Azərbaycanda e-hökumətin hazırki durumu ilə əlaqədar BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən işlənib hazırlanmış ilk uzunmüddətli qiymətləndirmənin Bakının Avropa mehmanxanasında keçirilən təqdimat mərasiminin iştirakçıları tədbiri Azərbaycanda e-idarəçiliyin gələcəyi ilə bağlı yüksək nikbinlik hissi ilə tərk etdilər.

Hesabatın təqdimatçıları - BMTİP və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcə də onların bu sahədə tərəfdaşları Azərbaycanda e-idarəçiliyin inkişafı üçün yaxşı potensialın olması fikri ilə razılaşdıqlarını və müsbət ənənələrin dövlət sektorunda ümumi islahat nəticəsində mümkün olduğunu bildirdilər.

BMTİP-in təklifinə əsasən Kembric Universiteti, Kembric Təhlükəsizlik Proqramının Şəbəkə üzrə Ali Tədqiqat Qrupunun direktoru, müstəqil məsləhətçi cənab Rafal Rohozinski tərəfindən işlənib hazırlanmış MDB məkanında bu sahədə ilk olan bu qiymətləndirmə dörd il ərzində İnformasiya Kommunikasiya Texnologiyalarını (İKT) tətbiq edən və dövlət sektorunda islahata yönələn layihələr əsasında aparılmışdır.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Əli Abbasov Azərbaycanda İKT sahəsində əldə olunmuş nəticələr haqqında məlumat verdi. Cənab nazir bu sahədə BMTİP ilə sıx əməkdaşlığı və adı çəkilən təşkilatın ölkədə İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafına mühüm töhfəsini xüsusilə vurğuladı. Cənab Abbasovun qeyd etdiyi kimi, cənab Marko Borsotti 2001-ci ildə BMTİP-in Rezident Nümayəndəsi vəzifəsinin icrasına başladıqdan sonra bu təşkilatla Azərbaycan Höküməti tərəfindən İKT sektoruna 12 milyon ABD həcmində maliyyə vəsaiti ayrılmışdır. Cənab nazir ölkənin ümumi inkişafında e-hökümətin mühüm rolu olduğunu və Azərbaycanın Tunis şəhərində keçiriləcək İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinə hazırlaşdığını qeyd etdi. O, yüksək fəxr hissi ilə Azərbaycanın Sammitə hazırlıq prosesinin sponsorlarından biri olduğunu və Sammit sənədlərinin hazırlanmasına mühüm töhfə verdiyini bildirdi. O, həmçinin e-hökumətin ölkədə demokratikləşdirmə prosesini sürətləndirdiyini vurğuladı.

BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti tədbiri "Azərbaycanın müasirləşdirilməsində mühüm an" kimi qiymətləndirdi. Onun fikrincə, tədqiqatın aparılmasında əsas məqsəd e-idarəçilik sektorunda əldə edilmiş nəticələr və mövcud problemlərin ədalətli şəkildə qiymətləndirilməsindən ibarət idi. Qiymətləndirmə "görülən işlər haqqında izahat vermək" baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Cənab Borsottinin fikrincə, Azərbaycanın dövlət sektorunda islahatın aparılmasında " İnformasiya Texnologiyaları xüsusi diqqət yetirilən vasitə olmuşdur". "Biz bəzi hallarda nailiyyət əldə etmişik, bəzi hallarda isə potensial imkanlardan tam istifadə olunmamışdır." Cənab Borsotti həmçinin keçmiş və hazırki Prezidentlərin İKT-nin inkişafına "Azərbaycanın müasirləşdirilməsində əsas üsul" kimi şəxsi yanaşmasını ifadə etdi. Onun fikrincə, ölkədə İKT-nin inkişafına "son dərəcə sürətlə"nail olunmuşdur. Cənab Borsotti "bütün dünyada inkişaf etməkdə olan İKT sektorunda tələbatın ödənməsində" Nazirliyin və şəxsən cənab Abbasovun rolunu qeyd etdi. O, nazirin informasiya texnologiyaları və xüsusilə də e-idarəçilik sahəsində fəaliyyətlərin "demokratikləşdirmə üçün yaxşı imkan" olması fikri ilə şərik olduğunu bildirdi. Çıxışının sonunda İKT sahəsində mövcud problemlərə toxunan BMTİP-in nümayəndəsi telefon və internet rabitə qiymətlərinin qeyri-real dərəcədə yüksək olduğunu bildirdi. Problemin həlli yolu kimi, cənab Borsotti "rəqabətin artırılmasını" və "ölkə ərazisində rabitə xidmətləri qiymətlərinin dünyanın digər ölkələrindəki qiymətlərə uyğunlaşdırılmasını" təklif etdi.

Hesabatın müəllifi Rafal Rohozinskinin qeyd etdiyi kimi, E-idarəçilik layihələri Azərbaycanın dövlət sektorunda islahatların həyata keçirilməsinə nəzərəçarpacaq dərəcədə təsir göstərir. Hesabatda ölkənin dövlət sektorunda "şəffaflıq və hesabatlılıq" sahəsində müsbət ənənələr əks olunur. Ümumilikdə, qiymətləndirmə zamanı Azərbaycanda korrupsiyanın səviyyəsinin aşağı endiyi, mənəvi durumun yaxşılaşdığı, hesabatlılıq və şəffaflıq mədəniyyətinin genişləndiyi müəyyən edilmişdir.

"Azərbaycanda E-idarəçilik: dövlət idarəçiliyində şəffaflıq və hesabatlılığın təmin edilməsinə BMTİP-in töhfəsi" adlı bu sənəd müsbət dəyişikliklərin əldə edilməsinə təsir göstərən bir neçə əsas amili müəyyən edir. Bu amillərə cəlb olunmuş nazirliklərin rəhbərliyi tərəfindən götürülmüş strateji öhdəlik və informasiya texnologiyalarının korrupsiya hallarının azaldılmasına kömək etməsi faktı daxildir. İKT-nin digər istiqamətlərdə də səmərəli vasitə və "dəyişiklik agenti" olduğu müəyyən edilmişdir. Bu, dövlət qulluqçularını öz kompüter biliklərini təkmilləşdirməyə həvəsləndirməkdə də özünü göstərir. Ümumiyyətlə, müsbət nəticələr həmçinin islahatların aparılmasında geri qalmaq istəməyən nazirliklər arasında rəqabət yaradaraq, "liderin arxasınca get" prinsipinə yol açır.

Eyni zamanda, əldə edilmiş müsbət dəyişiklikləri təhlükə qarşısında qoymamaq üçün hökumət ümumi islahatın aparılması üzrə öhdəliyi davam etdirməlidir. Tədqiqatda göstərilir ki, yalnız texnologiya köklü struktur dəyişikliyini əvəz edə bilməz. Korrupsiya dövlət sektorunda hələ də problem olaraq qalır və köklü islahatlara nail olunmadığı təqdirdə əldə edilmiş müsbət dəyişikliklər öz təsir qüvvəsini itirə və ya əks istiqamətə doğru dəyişə bilər.

Tədqiqatda donorlara uzunmüddətli islahat aparmaq üçün hökumətlə tərəfdaşlıq etmək tövsiyə olunur.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Sultan Hacıyev
BMTİP-in Baş müşaviri
Tel: (+99412) 498 98 88 (əlavə.143)