Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

Donorlarla görüş-2005: BMTİP və ANAMA minalardan azad Azərbaycana doğru növbəti addim atdilar

Bakı, 7 aprel 2005-ci il - Azərbaycan Respublikası Ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda mina təhlükəsilə mübarizə işlərinin vəziyyətinə dair donorlarla görüş keçirdilər. Tədbirin əsas məqsədi bu sahədə əldə edilmiş nailiyyətlər və gələcək planlar haqqında donor icmalara, o cümlədən donor ölkələr və beynalxalq təşktlatların, müvafiq dövlət qurumlarının və QHT-lərin nümayəndələrinə məlumat verməkdən ibarət idi.

Tədbirə Azərbaycan Respublikası Baş nazirinin muavini cənab Abid Şərifov, BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti, BMTİP-in Mina təhlükəsilə mübarizə Bölməsinin rəhbəri cənab Sayed Aka və ANAMA-nın direktoru cənab Nazim İsmayılov sədrlik etdilər.

Açılış nitqi ilə çıxış edən cənab Nazim İsmaylov tədbir iştirakçılarını salamladı və hamıya Azərbaycanda mina və partlamamış hərbi sursat (PHS) probleminin həllinə maraq göstərdikləri üçün təşəkkür etdi. O, Azərbaycanda mina təhlükəsilə mübarizə Proqramının inkişaf mərhələləri və indiyədək əldə edilmiş nailiyyətlər haqqında danışdı. Ottava Konvensiyası və Azərbaycanın bu Konvensiyaya qoşulması məsələsinə xüsusi diqqət yetirildi. Onun sözlərinə görə, indiki mərhələdə, Azərbaycan torpaqlarının müəyyən hissəsinin erməni qüvvələri tərəfindən işğal olunduğu və hərbi əməliyyatların yenidən başlanması təhlükəsi olduğu bir vaxtda Azərbaycan Konvensiyanı imzalaya bilməz. Bununla belə, Azərbaycan piyada əleyhinə minaların istifadəsi, saxlanması, daşınması və istehsalını qadağan edən müfəssəl beynəlxalq hüquqi sənədin olması ideyasına tərəfdardır. ANAMA-nın yaradılması və fəaliyyət göstərməsi Ottava Konvensiyasının məqsədlərinə doğru Azərbaycan Hökümətinin atdıgı vaçib addım kimi qiymətləndirilə bilər.

Mina və PHS problemindən danışarkən, Azərbaycan Respublikası Baş nazirinin müavini bildirdi ki, ölkənin atəşkəs xətti və Ermənistanla həmsərhəd ərazilərində aparılmış təmizləmə işləri sayəsində 50,000- dən çox məcburi köçkün doğma yurdlarına qayıtmış və onlar üçün təhlükəsiz həyat şəraiti yaradılmışdır. Cənab Şərifov Azərbaycan Höküməti adından bütün dövlətlərə, o cümlədən ABŞ, Yaponiya, Norveç, Kanada, İsveçrə, Böyük Britaniya, İtaliya hökümətlərinə və Avropa Komissiyasına Azərbaycan xalqı üçün həyati əhəmiyyət kəsb edən mina/PHS probleminin həllinə yardım göstərdiklərinə görə dərin təşəkkürünü bildirdi.

BMT-nin Rezident Əlaqələndiricisi cənab Borsotti donorlarla görüşlərin müsbət ənənəyə çevrildiyini qeyd etdi və donorların Azərbaycanda mina təhlükəsilə mübarizəyə göstərdikləri yardıma görə donorlara - Avropa Komissiyası, Böyük Britaniya və İtaliya hökumətlərinə, digər donorlara və xüsusilə də ABŞ Hökümətinə təşəkkürünü bildirdi. "ANAMA fasiləsiz və uzunmüddətli inkişafın nailiyyətinə nümunədir. Dəfələrlə aparılmış dəyərləndirmələr Agentliyin fəaliyyətinin yüksək texniki peşəkarlıq səviyyəsini qeyd etmişdir. Mən BMTİP layihələri arasında mina təhlükəsilə mübarizə layihəsinin də olmasından qürur duyuram". Cənab Borsotti Azərbaycanın Ottava Konvensiyasına qoşulmasının mühümlüyünü vurğuladı.

BMTİP Mina təhlükəsilə mübarizə Bölməsinin rəhbəri cənab Sayed Aka qeyd etdi: "ANAMA mina təhlükəsi ilə mübarizə proqramının milli təşkilat tərəfindən səmərəli şəkildə idarə edilməsi və icrasına ən yaxşı nümunədir".

Tədbirdə nümayiş etdirilmiş ANAMA haqqında sənədli film Azərbaycanda mina təhlükəsilə mübarizə Proqramının başlandığı gündən keçdiyi mərhələlərdən bəhs edirdi. Daha sonra ANAMA tərəfindən təqdim edilən prezentasiyada ANAMA-nın 2005-ci il üzrə iş planı əks etdirilmişdi.

ANAMA-nın fəaliyyətinə toxunan Xarici İşlər Nazirinin müavini cənab Araz Əzimov qeyd etdi ki, "Biz ildən ilə agentliyin fəaliyyətində mühüm irəliləyiş müşahidə edirik. Daha təhlükəsiz, daha peşəkar, mina və PHS problemi barədə maarifləndirmə ANAMA-nın qazandığı etimadın tərkib hissəsidir". Aqstafa rayonunda Saloğluda PHS təmizlənməsi layihəsinə gəldikdə cənab Əzimov bu humanitar layihədə NATO-nun rolunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycan Hökümətinin bu layihəyə töhfəsinin digər donorlara nisbətən daha çox olması fərəhli haldır. O, Ottava Konvensiyasına da toxundu: "Bu sənəd dünya ictimayyətinin təqdim etdiyi çox vacib alətdir. Azərbaycan Müqavilənin, demək olar ki, bütün şərtlərinə əməl edir. Biz piyada əleyhinə yerüstü minaların istehsalı və daşınması ilə məşğul olmuruq. Biz minatəmizləmə əməliyyatları aparırıq və minadan zərərçəkənlərə kömək edirik. Lakin Azərbaycan Ermənistanla münaqişə vəziyyətində qaldıqca, həmin ərazilərdə piyada əleyhinə minalardan istifadə etməyə məcburdur. Biz inanırıq ki, münaqişə tezliklə həll olunacaq və Azərbaycan Müqaviləyə qoşulacaqdır".

Sloveniyada yerləşən Minatəmizləməyə və minadan zərərçəkənlərə yardım üzrə Beynəlxalq Etimad Fondunun (İTF) direktoru, cənab Doriyan Marsiç Azərbaycana ilk dəfə gəldiyini qeyd etdi və bildirdi ki, İTF ANAMA ilə əməkdaşlıq və yardımını davam etdirmək niyyətindədir. "ANAMA 2002-ci ildən Cənub-Şərqi Avropa Mina Təhlükəsilə Mübarizə üzrə Əlaqələndirmə Şurasının (SEEMAJJ) üzvüdür və burada çox fəaldır. Hal-hazırda, biz minadan zərərçəkənlərə yardımla məşğul olan tibbi heyət üçün kursların maliyyələşdirilməsi məsələsini nəzərdən keçiririk".

NATO Maddi Texniki Təchizat Agentliyinin nümayəndəsi cənab Stiv Braun Azərbaycana gəlişinin məqsədindən danışdı və qeyd etdi ki, onların Agentliyi, hərbi sursat anbarlarının ləğv edilməsilə məşğuldur. Səfərin məqsədi iyunun sonunda başlanması gözlənilən Saloğluda PHS təmizlənməsi layihəsinin şərtlərini təsdiq etməkdən ibarətdir. "Lakin maliyyələşdirmə ilə bağlı çətinliklərimiz hələ də qalmaqdadır".

Tədbirdə həmçinin yerüstü minaların qadağan olunması üzrə Azərbaycan Kampaniyasının direktoru cənab Hafiz Səfixanov da çıxış etdi.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-m Şirin Rzayeva
Tel.: 495 84 01