BMT-nin İnkişaf Proqramı və Dövlət Gömrük Komitəsi birgə həyata keçirdikləri layihə üzrə əməkdaşlığı davam etdirirlər
Bakı, 8 aprel 2005-ci il - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində (DGK) BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə DGK-nın "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" birgə layihəsinin icra müddətinin uzadılması ilə əlaqədar memorandumun imzalanma mərasimi keçirildi. Memorandumu Azərbaycan Hökuməti adından DGK-nın sədri cənab Kəmalləddin Heydərov, BMTİP-in adından BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti imzaladılar.
Layihənin üçüncü mərhələsinin uzadılmasının məqsədi "on-line" rejimində işləyən korporativ şəbəkənin əhatə zonasının genişləndirilməsi, Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin (GRNAS) əhatə olunmamış gömrükxanalar və gömrük postlarında tətbiqi və gömrük anbarlarında və terminallarda iş prosedurlarının avtomatlaşdırılması nəticəsində gömrük xidmətinin iş proseslərinin avtomatlaşdırılmasının yekunlaşdırılmasıdır. Bu məqsədlə, müvafiq olaraq Dövlət Gömrük Komitəsi tərəfindən 450.000 ABŞ dolları, BMTİP tərəfindən isə 200.000 ABŞ dolları məbləğində vəsait ayrılır ki, bu da ümumilikdə 650.000 ABŞ dolları təşkil edir.
Açılış nitqi ilə çıxış edən cənab Heydərov DGK ilə BMTİP arasında sıx əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Cənab sədr layihənin ilk üç mərhələsinin müvəffəqiyyətlə icra edildiyini qeyd etdi. Onun sözlərinə görə, gömrük prosedurlarının avtomatlaşdırılması, eləcə də layihə çərçivəsində həyata keçirilən treyninqlər Azərbaycanda gömrük xidmətlərinin səmərəliliyinin xeyli artmasına səbəb olmuşdur. Cənab Heydərov rəhbərlik etdiyi Komitənin BMTİP ilə sıx əməkdaşlığı gələcəkdə də davam etdirmək arzusunda olduğunu bildirdi.
Tədbirdə çıxış edən cənab Borsotti qeyd etdi ki, məhz bu layihə Azərbaycanda İnformasiya Texnologiyaları sahəsində ilk layihə olmuşdur. O, layihənin icrasından əldə edilən nəticələri yüksək qiymətləndirdi və "müasir texnologiyaların dövlət sektorunun fəaliyyətinə tətbiq edilməsinin mühümlüyünü" vurğuladı. BMT-nin Rezident Əlaqələndiricisi layihənin icrası ilə bağlı əldə edilmiş nailiyyətlərin səbəblərindən biri kimi layihənin davamlılığını göstərdi. O, həmçinin DGK tərəfindən komitənin fəaliyyətində informasiya texnologiyalarının tətbiqinə həm maliyyə vəsaitləri, həm də peşəkar insan resurslarının ayrılmasını yüksək qiymətləndirdi.
Çıxışlar bitdikdən sonra cənab Heydərov və cənab Borsotti sənədi imzaladılar.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Şamil Rzayev
Tel: 498-98-88 (daxili 147)