BMTİP və Heydər Əliyev Fondu kor və görmə qabiliyyəti zəif olan insanlar üçün İKT-yə çıxışın təmin edilməsinə dair layihə imzaladılar
Bakı, 9 dekabr 2005-ci il - Bu gün Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı (BMTİP) kor və görmə qabiliyyəti zəif olan insanlar üçün İKT-yə çıxışın təmin edilməsinə dair layihə imzaladılar. Layihə üzrə Əməkdaşlıq Sazişi və Layihə sənədini Heydər Əliyev Fondunun Prezidenti Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsi cənab Marko Borsotti imzaladılar.
İmzalama mərasimindən sonra çıxış edən xanım M. Əliyeva yeni layihənin mühüm əhəmiyyətə malik olduğunu bildirdi. Onun sözlərinə görə, hal-hazırda Azərbaycanda 320.000 əlil insan vardır ki, onlardan 40.000 nəfər kor və görmə qabiliyyəti zəif olan insanlardır. Xanım Əliyevanın fikrincə, bu layihə əhalinin təcrid olunmuş qrupunun cəmiyyətin həyatında fəal iştirakını təmin etməklə, kor və görmə qabiliyyəti zəif olan insanların informasiya əldə etməsi üçün əlavə potensialı təmin edərək onlar üçün məşğulluq imkanlarını yaratmaqla və ümumiyyətlə həmin insanların həyat şəraitini yaxşılaşdırmaqla onların səlahiyyətlərini genişləndirəcək. Xanım Əliyeva bildirdi ki, Fond fəaliyyətə başladığı ilk günlərdən aztəminatlı qrupların ehtiyaclarına xüsusi diqqət yetirir.
M. Əliyeva qeyd etdi ki, imzalanmış layihə Fondun beynəlxalq aləmə çıxışına işarə edir. "Bu layihə Heydər Əliyev Fondu ilə dünyanın ən mötəbər, ən nüfuzlu təşkilatı - BMT tərəfindən birgə icra ediləcək ilk layihə olduğundan xüsusilə fərqlənir". O, layihənin müvəffəqiyyətlə icra ediləcəyinə əmin olunduğunu bildirdi və hazırlıq prosesindəki sıx əməkdaşlığa görə BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsinə təşəkkürünü bildirdi.
Cənab Borsotti öz növbəsində vurğuladı ki, "bu gün BMT üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki biz, kor və görmə qabiliyyəti zəif olan insanların həyat şəraitini yaxşılaşdırmaq və onların informasiya texnologiyalarından istifadəsini təmin etmək məqsədilə humanitar səylərimizi birləşdirərək Heydər Əliyev Fondu ilə birlikdə novator təşəbbüsün icrasına başlayırıq. Bu gün heç kimin inkişaf prosesindən kənarda qalmadığını nümayiş etdirmək vacibdir".
Cənab Borsottinin fikrincə, rəqəmsal fərqin aradan qaldırılması bütün dünyada BMTİP üçün prioritet məsələdir. O, "Azərbaycan Hökumətinin informasiya və kommunikasiya texnologiyalarının inkişafına böyük maraq göstərdiyini" fəxarət hissi ilə bildirdi. Qeyd etdi ki, Azərbaycanın bu yaxınlarda İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində fəal iştirakı buna sübutdur.
BMTİP-in Rezident Nümayəndəsi layihənin digər ölkələr üçün də uğurlu və yaxşı nümunə olacağına ümid etdiyini bildirdi. Sonda cənab Borsotti layihənin reallaşdırılmasında göstərdiyi köməyə görə ölkənin birinci xanımına minnətdarlığını ifadə etdi: "Bizim bugünkü iştirakımız Mehriban xanımın əhalinin aztəminatlı təbəqələrinin ehtiyaclarına xüsusi qayğısının nəticəsidir".
Daha ətraflı məlumat üçün press relizə baxın
|