Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

BMTİP və Avropa Komissiyası Azərbaycanın gömrük xidmətinin təkmilləşdirilməsinə kömək edir
Dövlət Gömrük Komitəsi kompüter avadanlığını qəbul edir və gömrük məcəlləsinə düzəlişlər edilməsinə yardım edir

Bakı, 7 iyun 2006-cı il - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) Avropa Komissiyası (AK) və BMT-nin İnkişaf Programının (BMTİP) ölkənin gömrük xidmətini təkmilləşdirmək məqsədi ilə həyata keçirdikləri birgə layihə çərçivəsində ümumi dəyəri 230.000 ABD həcmində olan kompüter avadanlıqlarını qəbul etdi.

AK tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən həyata keçirilən bir illik layihənin icrasına 2006-cı il yanvar ayında başlanmışdır. Dövlət Gömrük Xidmətinin təkmilləşdirilməsinə yönələn ümumi büdcəsi 900,000 avro dəyərində olan layihə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, onun müasir beynəlxalq standartlara, xüsusilə də Avropa İttifaqı (Aİ) Gömrük Məcəlləsinə uyğunlaşdırılması və İnformasiya Texnologiyalarının İnkişaf Strategiyasının yaxşılaşdırılması və həyata keçirilməsi üzrə Dövlət Gömrük Komitəsinə dəstəyin göstərilməsini nəzərdə tutur.

"Gömrük xidmətinin təkmilləşdirilməsi layhəsi yenidən işlənmiş gömrük qanunvericiliyi, informasiya texnologiyalarından geniş istifadə və beynəlxalq təcrübənin tətbiqi sayəsində bizi beynəlxalq standartlara yaxınlaşdıracaqdır. Bu, həmçinin gömrük rəsmiləri ilə sahibkarlar arasında əlaqəni azaltmaqla gömrük sistemində şəffaflığın artırılmasına töhfə verəcəkdir" - deyə təqdimat mərasimində açılış nitqi ilə çıxış edən DGK-nın sədri, general-leytenant cənab Aydın Əliyev bildirdi. Komitəyə təqdm edilən avadanlığa serverlər, fərdi kompüterlər, UPS-lər və digər hissələr daxildir.

BMTİP öz potensialını gücləndirməkdə DGK-ya kömək edən ilk beynəlxalq tərəfdaşdır. "Biz BMTİP ilə 1999-cu ildən bəri, ölkədə informasiya texnologiyalarından istifadənin təməlini qoymuş birgə layihə çərçivəsində çalışırıq". Son yeddi il ərzində BMTİP-in göstərdiyi köməyi yüksək qiymətləndirən cənab Əliyev bildirdi ki, layihə 38 gömrük məntəqəsini birləşdirməyə və məlumat bankı yaratmağa kömək etmişdir. DGK ilə BMTİP-in sıx tərəfdaşlığını nəzərə alaraq, AK ötən il BMTİP-i ölkədə gömrük xidmətlərini daha da təkmilləşdirmək üçün əməkdaşlığa dəvət etdi.

Azərbaycan özünün qeyri-neft sektorunu inkişaf etdirdiyindən və daha çox xarici investisiya cəlb etdiyindən, ölkənin gömrük xidmətinin inkişafı investorların inamını qazanmaq, habelə xarici ticarəti gücləndirmək üçün mühüm amil ola bilər. "Aİ Azərbaycanın ticarət dövriyyəsinin 33%-ni təmsil edir və ölkənin başlıca ticarət tərəfdaşıdır"- Aİ-nin Azərbaycandakı xüsusi elçisi cənab Adam Vaddams qeyd etdi. Bu səbəbdən Azərbaycanın gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, o cümlədən DGK-nın avtomatlaşdırılması və İT - dan istifadə üzrə bilik və bacarığa malik əməkdaşların formalaşdırılması zəruridir. Natiq ümid etdiyini bildirdi ki, layihə təkcə Azərbaycan xalqına xidmət etməyəcək, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətləri gücləndirməyə kömək edəcəkdir.

"BMT rəsmiləri olaraq biz layihənin uğurlu olacağına və onun bütün mərhələlərinin lazımi səviyyədə yerinə yetiriləcəyinə əminik" - BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti bildirdi.O, bu əminliyi BMTİP-in Azərbaycanda icra etdiyi İKT layihələrinin bu yaxınlarda aparılmış qiymətləndirməsinin nəticələri ilə əlaqələndirdi. Onun fikrincə, qiymətləndirmənin nəticələri təkmilləşdirmənin DGK-nın fəaliyyətinə göstərdiyi təsirin bariz nümunəsidir. "Əldə edilmiş nəticələrdən ruhlanaraq biz Komitəyə öz işini beynəlxalq standartlara müvafiq olaraq qurmaqda kömək etməyə hazırıq".

Cənab Borsotti və cənab Əliyev avadanlığın təqdimat sənədini imzaladılar. Diplomatik korpus və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir mətbuat brifinqi ilə davam etdi.


Əlavə məlumat üçün:
Cənab Məzahir Əfəndiyev
Layihə Koordinatoru
BMTİP nümayəndəliyinin hüquq-mühafizə orqanları ilə iş bölməsinin rəhbəri
Tel: 493 15 13