Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

İlin Qubada təşkil olunmuş ilk regional ictimai görüşü yoxsulluğun azaldılması strategiyasının region üzrə prioritetlərini müəyyən etdi

Quba, 13-14 aprel 2006-cı il - Azərbaycanın şimal hissəsində yerləşən Quba şəhərində ilin ilk regional ictimai görüşü keçirildi. Tədbirin keçirilməsində məqsəd 2003-2005-ci il üçün Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafa dair Dövlət Proqramının (YAİİDP) icrasını müzakirə etməkdən, o cümlədən bu ilin sonuna yaxın rəsmi surətdə təqdim olunacaq Yoxsulluğun Azaldılması və Davamlı İnkişafa dair yeni 10 illik Dövlət Proqramının region üzrə prioritetlərini müəyyən etməkdən ibarət idi.

Tədbirdə müxtəlif hökumət nazirliklərinin, yerli hakimiyyət orqanlarının, Quba, Qusar, Dəvəçi, Siyəzən və Xaçmazda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının, eləcə də Asiya İnkişaf Bankı (AİB), BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Uşaq Fondu (UNİCEF) və BMT-nin Əhali Fondu (UNFPA) kimi beynəlxalq təşkilatların nümayəndələri bir araya gəldilər.

YAİİDP Katibliyinin rəhbəri cənab Mehman Abbas bildirdi ki, YAİİDP-dən fərqli olaraq, yoxsulluğun azaldılmasına dair yeni 10 illik proqram əsasən dövlət büdcəsindən və kiçik məbləğdə beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdiriləcəkdir. Cənab Abbas yeni Dövlət Proqramı ilə Minilliyin İnkişaf Məqsədləri (MİM) arasında bağlılığı vurğuladı. Onun sözlərinə görə, yoxsulluğun azaldılması istiqamətində yerlərdə həyata keçirilən fəaliyyətlər Minillik Bəyannaməsini imzalayarkən və MİM-ləri qəbul edərkən ölkənin götürdüyü beynəlxalq öhdəliklərə uyğunlaşdırılmalıdır. "Səmərəli idarəetmə və Avropanın demokratik standartlarına uyğunluq yoxsulluğun azaldılması üçün mühüm amillərdir. Bu səbəbdən Azərbaycan səmərəli idarəetmə üzrə Minilliyin doqquzuncu İnlkişaf Məqsədini qəbul etdi," - deyə cənab Abbas bildirdi. "Səmərəli idarəetmə Dövlət Proqramının bütün sahələrdə müvəffəqiyyətlə icrasına zəmin yaradan əsas amildir". Beynəlxalq inkişaf əməkdaşlığının mühümlüyünü vurğulayan natiq yoxsulluğun azaldılması üzrə beynəlxalq təcrübəni ölkəyə tətbiq etməyin üstünlüklərindən danışdı.

BMT-nin Rezident Əlaqələndiricisinin Baş Müşaviri cənab Şahin Pənahov BMT sisteminin Azərbaycanda fəaliyyət göstərən agentliklərinin yeni Dövlət Proqramının hazırlanması prosesində hər bir MİM üzrə icmal işləyib hazırlamaqla müxtəlif işçi qrupların tərkibində Hökumətlə əməkdaşlığından söhbət açdı.

İki günlük tədbirin iştirakçıları öz fəaliyyətlərini dörd sahə - Sahibkarlığın nkişafı, Ətraf mühit və Səhiyyə və Təhsil sahələri üzrə sektor qruplarında davam etdirdilər.

Sahibkarlığın inkişafı üzrə qrup maliyyə resursları/kreditlər və sahibkarlar üçün məlumat xidmətlərinin yaradılması, müəssisənin qeydiyyatdan keçməsi üzrə prosedurların sadələşdirilməsi, bərk tullantı materiallarının yenidən emalı və bu qəbildən olan digər prioritetləri müzakirə etdi.

Ətraf mühit üzrə qrup meşələrin mühafizəsinin, o cümlədən yeni alternativ enerji növlərinin tətbiqinin zəruriliyini vurğuladı. Təhsil üzrə qrup tərəfindən müəllimlərin təlim keçməsini təmin etməklə təhsilin keyfiyyətini yüksəltmək, habelə rabitə və digər müasir avadanlıqları təchiz etməklə kənd məktəblərinin maddi - texniki bazasını yaxşılaşdırmaq tövsiyə olundu. Səhiyyə üzrə qrup tibbi sığorta, ailə planlaşdırması və reproduktiv sağlamlıq xidmətləri, sağlamlıq mərkəzləri şəbəkəsinin genişləndirilməsi və ölkə ərazisində vərəmlə mübarizə tədbirlərinin gücləndirilməsi kimi məsələlərə toxundu.

YAİİDP Katibliyi iştirakçıları tədbirdə irəli sürülmüş tövsiyələrin Yoxsulluğun Azaldılması və Davamlı İnkişafa dair Dövlət Proqramını yekunlaşdırarkən nəzərə alınacağına əmin etdi.

Toplantı gender nöqteyi-nəzərindən də uğurlu oldu. Yalnız bir neçə qadının iştirak etdiyi keçən ilki tədbirlərlə müqayisədə bu ilin ilk tədbiri gender balansının daha yaxşı təmin olunduğunu (58% kişilər, 42% qadınlar) nümayiş etdirdi.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Namiq Heydərov
Vətəndaş Cəmiyyəti üzrə ekspert
Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı Katibliyi
Tel.: +99412 599 00 47