"Qara qızılın insan qızılına çevrilməsində Azərbaycanın neft gəlirlərindən potensial istifadə edilməsi Layihəsi" üzrə Məşvərət Şurasının ilk iclası keçirilib
Avqustun 4-də İqtisadi İnkişaf Nazirliyi (İİN) və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə həyata keçirdiyi "Qara qızılın insan qızılına çevrilməsində Azərbaycanın neft gəlirlərindən potensial istifadə edilməsi Layihəsi" üzrə Məşvərət Şurasının birinci iclası keçirilib.
İclası giriş sözü ilə açan Şuranın həmsədri, İqtisadi İnkişaf naziri cənab Heydər Babayev layihənin hazırlanması işlərinin gedişi barədə iştirakçılara ətraflı məlumat verdi. Cənab Nazir layihənin Azərbaycan Prezidentinin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "2005-2025-ci illər üçün neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya"nın həyata keçirilməsində əhəmiyyətli olacağını vurğuladı. İclasın əsas məqsədinin yoxsulluğun azaldılması, qeyri-neft sektorunun, eləcə də "insan kapitalının" inkişafı üzrə konkret icra mexanizmlərinin araşdırılması olduğunu qeyd edən H.Babayev görüş iştirakçılarını fəal müzakirələrə dəvət etdi.
Şuranın həmsədri, BMT-nin Rezident Əlaqələndiricisi cənab Marko Borsotti Azərbaycanın neft strategiyasını uğurla həyata keçirdiyini və "Qara qızılın insan qızılına çevrilməsi" Konsepsiyasının artıq reallığa çevrilməkdə olduğunu diqqətə çatdırdı. Cənab Borsotti insan kapitalının inkişaf etdirilməsi üzrə layihə çərçivəsində Milli Təhsil-Təqaüd Fondunun yaradılması, İnsan Resurslarının İnkişafı Strategiyasının hazırlanması və digər təklifləri bu istiqamətdə konkret addımların nümunəsi kimi qiymətləndirdi. Sonra layihə üzrə fəaliyyət göstərən beynəlxalq ekspertlər qrupunun rəhbəri cənab Maykl Hopkins və BMTİP-in Rezident Nümayəndəsinin müavini cənab Devid Eyzenberq Milli Təhsil-Təqaüd Fonduna dair təqdimatlarla çıxış etdilər.
İclasda Təhsil naziri cənab Misir Mərdanov, Milli Bankın İdarə heyətinin sədri cənab Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru cənab Şahmar Mövsümov, AzPromo-nun Himayəçilər Şurasının sədri cənab Çingiz Əsədullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini cənab İlqar Rəhimov və digər şəxslər təqdimatla bağlı fikirlərini bildirərək görülən işlərin səmərəli şəkildə davam etdirilməsini məqsədəuyğun hesab etdilər.
Milli Təhsil-Təqaüd Fondunun yaradılması ilə bağlı təkliflərin bu ilin noyabr ayınadək ümumiləşdirilərək, hökumətə təqdim olunması nəzərdə tutulur.
Xatırladaq ki, BMTİP və İİN-in həmsədrliyi ilə həyata keçirilən bu layihə üzrə Məşvərət Şurasında İİN ilə yanaşı, Maliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Sənaye və Energetika nazirlikləri, Milli Bank, Dövlət Neft Fondu və digər dövlət qurumları, eləcə də Dünya Bankı təmsil olunur. /APA/
|