Azərbaycanda Əhalinin İqtisadi Fəallığının ikinci Milli Müayinəsi təqdim ediləcəkdir
Bakı, 17 yanvar 2006-cı il - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (DSK) təşkil edilmiş xüsusi tədbirdə Komitə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birgə əməkdaşlıq şəraitində Azərbaycanda Əhalinin İqtisadi Fəallığının ikinci Milli Müayinəsinə həsr edilmiş seminar təşkil edildi. Seminarda əmək, məşğulluq və sosial-iqtisadi məsələlərlə məşğul olan müxtəlif hökumət strukturlarının, eləcə də BMT-nin əlaqədar agentliklərinin nümayəndələri bir araya gəldilər.
DSK-nın sədr müavini cənab Ağadadaş Məmmədov açılış nitqi ilə çıxış edərək bildirdi ki, Komitə Azərbaycanda Əhalinin İqtisadi Fəallığının ikinci Milli Müayinəsini 2006-cı ilin aprel-iyun aylarında həyata keçirəcəkdir. Bu proses məşğulluq və işsizlik göstəriciləri də daxil olmaqla əhalinin mövcud iqtisadi fəallığının müxtəlif parametrləri üzrə məlumatı yeniləşdirməyə kömək edəcəkdir. 2003-cü ildə Azərbaycanda Əhalinin İqtisadi Fəallığının ilk Milli Müayinəsinin Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMTİP-in dəstəyi ilə həyata keçirildiyini qeyd edən cənab Məmmədov BMTİP-in bu ilki müayinənin keçirilməsində Azərbaycan Hökumətinə yardım etmək niyyətində olduğunu bildirdi. Gender üzrə dezaqreqasiya edilmiş və ümumölkə Əhalinin İqtisadi Fəallığının ikinci Milli Müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMTİP-in birgə layihəsi tərəfindən maliyyələşdiriləcəkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti Departamentinin rəhbəri cənab Vahab Məmmədovun sözlərinə görə, 2003-cü ildə təqdim edilmiş müayinə Milli Məşğulluq Strategiyasının hazırlanmasına ciddi töhfə vermişdir. Bu müayinə nəticəsində müəyyən edilmişdir ki, işsiz əhalinin 61%-ini gənclər təşkil edir və Milli Strategiyada gənclərin məşğulluğu məsələsinə xüsusi diqqət yetirilməlidir. "Dəqiq məlumat olmadan konkret siyasət hazırlana bilməz." Cənab Məmmədovun fikrincə, 2006-cı ildə təqdim ediləcək yeni müayinə işsizlik də daxil olmaqla əhalinin iqtisadi fəallığı haqqında yeni məlumat əldə etməyə imkan verəcəkdir. Onun sözlərinə görə, bu cür müayinələrin keçirilməsi Hökumətin başlıca funksiyası olmalı və beynəlxalq yardım olmadan belə müntəzəm xarakter daşımalıdır.
BƏT-in keçmiş əməkdaşı, hal-hazırda ikinci müayinə üzrə beynəlxalq məsləhətçi professor Maykl Hopkins ümumilikdə müayinənin konsepsiyası və metodologiyası, iqtisadi fəallıq göstəricilərinin mənbələri, izahlar, 2003-cü il müayinəsinin əsas nəticələri və builki müayinədən gözlənilən nəticələr haqqında təqdimat nümayiş etdirdi. Onun fikrincə, ikinci müayinənin 2003-cü ildəki müayinə ilə müqayisəsinin təmin edilməsi vacibdir. Prof. Hopkins qeyd etdi ki, Azərbaycanda yeni iş yerləri qeyri-neft sektoru və kiçik və orta sahibkarlıq (KOS) kimi sahələrdə yaradılmalıdır ki, bu da iki sahəni diqqət mərkəzində saxlamağa imkan verir: KOS üçün kreditlər və geniş şəkildə qabiliyyətlərin formalaşdırılması. BMTİP-in "qara qızılı insan qızılına çevirək" layihəsi bu məqsəd üçün çox yararlı ola bilər.
2003-cü ildə Azərbaycanın 87 inzibati rayon və şəhərlərində 17.000-dən çox ev təsərrüfatları arasında aparılmış ilk müayinə nəticəsində bəlli oldu ki, ölkədə işsizlik səviyyəsi 10,7% təşkil edir. BƏT-in ekspertləri tərəfindən aparılmış ilk müayinənin digər nəticəsi gender bərabərsizliyi ilə bağlıdır. Belə ki, bütün yaş qruplarında məşğul kişilərin sayı qadınlara nisbətən daha çoxdur.
Tədbir iştirakçıları respondentlərə təqdim ediləcək sorğu nümunəsini də müzakirə etdilər. Onlar təkcə iqtisadi fəallığı deyil, eləcə də layiqli əmək və qabiliyyətlərin inkişafına olan ehtiyacın müəyyən edilməsinə kömək edəcək sorğu nümunəsi üzrə bir sıra texniki və konseptual təkliflər irəli sürdülər.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-n Gülşən Rzayeva
Baş müşavir
Tel: (+99412) 498 98 88 (əlavə.110)
|