Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

BMTİP-ə görə Azərbaycanda iqtisadi artımın diversifikasiya olunmasına ehtiyac vardır
BMTİP-in Rezident Nümayəndəsi Azərbaycanın İxracın Təşviqi Fondunun Himayəçilər Şurasının beşinci toplantısında çıxış etdi

Bakı, 17 yanvar 2006-cı il - İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Himayəçilər Şurası Avropa mehmanxanasında beşinci toplantısını keçirdi.

"Ölkənin investisiya mühitinin təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı, rəqabət qabiliyyətli malların istehsalı, müasir texnologiya və təcrübənin ölkəyə cəlb edilməsi, məşğulluğun genişləndirilməsi məsələləri Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının başlıca prioritetlərindəndir" - deyə Fondun sədrliyini öz üzərinə götürən İqtisadi İnkişaf Naziri cənab Heydər Babayev açılış nitqində bildirdi. Ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirən cənab Babayev BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən təqdim edilən 2005-ci il üçün Ümumdünya İnvestisiya Hesabatına istinad etdi. Hesabatda Azərbaycan Birbaşa Xarici İnvestisiyaları cəlb edən ölkələr sırasında ilk yeri tutur. AZPROMO özəl sektorla Hökumət arasında dialoq üçün məsuliyyət daşıyır və agentliyin vəzifələrini qeyd edən nazirin fikrincə, sahibkarların Fonda dost və tərəfdaş münasibəti bəsləməsi mühümdür.

BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti AZPROMO-nu "Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin edə biləcək qurum" kimi təsvir etdi. O, həmçinin Himayəçilər Şurasının "dövlət qurumlarının, beynəlxalq təşkilatların və yerli sahibkarların bir araya gələrək ümumi maraq doğuran məsələləri müzakirə etmələrinə imkan verən" fəaliyyətini yüksək qiymətləndirdi. Cənab Borsottinin qeyd etdiyi kimi, ilk öncə İnvestisiya Fondu kimi təsis edilmiş Fond daha sonra ixracın təşviqi üçün də məsuliyyət daşımağa başlamışdır. "Düşünürəm ki, bu genişlənmə zəruri idi və Azərbaycanın öz iqtisadiyyatını inkişaf etdirmək istəyinə tam uyğundur". Eyni zamanda Rezident Nümayəndə bildirdi ki, yalnız artımın əldə edilməsi kifayət deyildir. Azərbaycan iqtisadiyyatında əldə edilmiş artımın müxtəlif fəaliyyət istiqamətlərinədək genişləndirilməsi vacibdir. Şübhəsiz ki, neft və qaz ehtiyatlarından və onların ixracından gələn gəlirlər ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına kömək edəcəkdir. Əsas problem də budur."

AZPROMO-nun Prezidentinin səlahiyyətlərini icra edən cənab Emil Məcidov fondun tarixi, onun öncəki fəaliyyəti və 2006-cı il üçün nəzərdə tutulmuş işlər haqqında təfsilatlı təqdimat nümayiş etdirdi. O, 2003-cü ildə təsis edilmiş AZPROMO-nun potensialının yaradılmasında BMTİP-in rolunu vurğuladı və bu əməkdaşlığın davamlı xarakterə malik olduğunu bildirdi.

Görüşdə AZPROMO rəhbərliyi tərəfindən təqdim edilən hesabat və fəaliyyət planı qəbul edildi.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-m Gülşən Rzayeva
Baş müşavir
Tel: (+99412) 498 98 88 (əlavə.110)

X-m Xədicə İsmayılova
İctimaiyyətlə əlaqələr
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)
Tel: (99412) 5980147
e-mail: kismayilova@azerinvest.com