Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

BMT-nin Azərbaycan üzrə Rezident Əlaqələndiricisi gömrük döş nişanı ilə təltif olunmuşdur

23 fevral 2006-cı il tarixində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, BMT-nin İnkşaf Proqramının (BMTİP) Rezident nümayəndəsi cənab Marko Borsottini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan Komitə Sədri Azərbaycan Prezidenticənab İlham Əliyevin gömrük sistemində informasiya kommunikasiya texnologiyalarının tətbiqinə dəstək verdiyini xüsusi vurğulamışdır. Sonra o, Azərbaycan gömrük xidmətinin tarixindən ətraflı məlumat verərək son illərdə əldə olunan nailiyyətlərdə BMTİP ilə birgə əməkdaşlığı, xüsusən bu əməkdaşlığın daha sıx və səmərəli münasibətlər səviyyəsinə çatmasında öz töhfəsini vermiş cənab Marko Borsottinin fəaliyyətini yüksək qiymətləndirmişdir.

Onun sözlərinə görə, nüfuzlu beynəlxalq təşkilatlar, xüsusilə BMTİP ilə əməkdaşlıq nəticəsində gömrük işi günün tələbləri səviyyəsində qurulmuş və beynəlxalq standartlara uyğun bir sistemə çevrilmişdir.

Xoş sözlərə və səmimi qəbula görə cənab Aydın Əliyevə dərin təşəkkürünü bildirən Marko Borsotti onu Komitə Sədri seçilməsi münasibətilə təbrik etdi və gələcək işlərində müvəffəqiyyətlər dilədi. O, Komitə sədrinin fikirlərinə şərik olduğunu bildirərək BMTİP ilə əməkdaşlıq nəticəsində Azərbaycan gömrük xidmətinin İKT-nin tətbiqi ilə bağlı həyata keçirdiyi işlərin real nəticələr verdiyini məmnunluqla dilə gətirmişdir.

Sonra o, bu yaxınlarda Komitə və BMTİP tərəfindən icrasına başlanılmış Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi layihəsi barədə geniş məlumat vermişdir. Cənab Marko Borsottiyə görə bu layihənin icrası istər gömrük məcəlləsinin və buna müvafiq olaraq normativ hüquqi bazanın təkmilləşdirilməsi, istərsə də gömrük strukturlarının gücləndirilməsində xüsusi rol oynayacaqdır. Cənab Marko Borsotti Dövlət Gömrük Komitəsi ilə birgə əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etmişdir.

Sonda Aydın Əliyev BMTİP ilə əməkdaşlığın bundan sonra da davam etməsinin zəruriliyini vurğulayaraq bu əməkdaşlıq çərçivəsində göstərdiyi xidmətlərə görə cənab Marko Borsottini Dövlət Gömrük Komitəsinin təsis etdiyi xüsusi gömrük medalı ilə təqdim etmişdir.

Görüşdə Dövlət Gömrük Komitəsinin Sədr müavini, gömrük xidməti general-mayoru Rza Həsənəliyev, Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Arif Əliyev, BMTİP-in Hüquq-Mühafizə Orqanları ilə İş Bölməsinin rəhbəri cənab Məzahir Əfəndiyev və digər şəxslər iştirak etmişlər.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Məzahir Əfəndiyev
Hüquq-Mühafizə Orqanları ilə İş Bölməsinin rəhbəri
Tel.: +99412 493 15 13
E-mail: mezahir.efendiyev@un.in-baku.com