BMTİP və Norveç Hökuməti istilik effekti yaradan qazların emissiyasını azaltmaqda Azərbaycana kömək edir
Bakı, 20 iyul 2006 - cı il - Bu gün BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qlobal istiləşmə ilə mübarizəyə yönəlmiş beynəlxalq səylərə töhfə verəcək birgə layihə imzalandı. Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseyn Bağırov və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Marko Borsotti nazirlikdə təşkil ediləcək xüsusi tədbirdə "Təmiz İnkişaf Mexanizmi üçün Potensialın Gücləndirilməsi" layihə sənədini imzaladılar.
Layihənin əsas məqsədi istilik effekti yaradan qazların emissiyasını azaltmaq məqsədi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (BMTİDÇK) əlavə olan Kioto Protokolunun Təmiz İnkişaf Mexanizmində (TİM) iştirak etmək üçün potensialın yaradılmasında Azərbaycana yardım etməkdən ibarətdir.
Açılış nitqi ilə çıxış edən cənab Nazir layihəni "keyfiyyət nöqteyi-nəzərindən yeni" adlandırdı. Onun fikrincə, sənayeləşmə, xüsusilə də xeyli miqdarda neft və kömürün yanması, habelə meşələrin qırılması qlobal istiləşməyə gətirib çıxaran əsas səbəblərdir. Kioto Protokolunun qüvvəyə minməsi atmosferin çirklənməsinə, eləcə də qlobal istiləşməyə səbəb olan istilik effekti yaradan qazların azaldılması üçün Azərbaycana yeni imkanlar yaradır. Cənab Nazir bildirdi ki, ölkənin Təmiz İnkişaf Mexanizmində iştirakı ətraf mühitə ziyanı olmayan texnologiyaların resurslarının səfərbər edilməsinə kömək edə bilər. Əslində, Təmiz İnkişaf Mexanizmi elə bir hüquqi instrumentdir ki, o inkişaf etmiş ölkələrə imkan verir ki, sonuncular, inkişaf etməkdə olan, eləcə də keçid iqtisadiyyatına malik olan ölkələrdə istilik effekti yaradan qazların emissiyasının azaldılmasına yönəldilmiş layihələr həyata keçirə bilsin. "Azərbaycan Kioto Protokolunu 2000-ci ilin sentyabr ayında imzalamış və bununla da Təmiz İnkişaf Mexanizmində iştirak etmək hüququnu qazanmışdır" - deyə cənab Bağırov bildirdi.
TİM layihəsinin Azərbaycanda həyata keçirilməsi üçün Norveç Hökuməti 300,000 ABD həcmində maliyyə yardımı ayırmışdır. "Norveç Hökumətinin maliyyə dəstəyi ilə Azərbaycan Hökuməti, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMTİP olaraq biz bu mexanizmin yaratdığı imkandan istifadə etməyin yollarını araşdırmaq üçün səylərimizi birləşdiririk" - BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti bildirdi. "Bəşəriyyətə enerji gərəkdir, inkişaf üçün biz də davamlı olaraq enerji əldə etmək iqtidarında olmalıyıq. Enerji istehlakı ilə əlaqədar nəticələrin dərk edilməsi, habelə enerjidən istifadənin ətraf mühitə mənfi təsirini azalda biləcək layihələrin işlənib hazırlanması daha mühüm əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələri bu problemin həlli ilə əlaqədar maraqlı tədbirlər həyata keçirirlər. Norveç digər Skandinaviya ölkələri ilə birlikdə bu istiqamətdə həyata keçirilən hərəkatın ön sıralarındadır. Azərbaycan Norveç Hökuməti ilə əməkdaşlıq etməklə, müxtəliflik, təbii sərvətlərin idarə olunması, meşə massivlərinin bərpası və s. bu kimi problemlərin həlli istiqamətində onların təcrübəsindən bəhrələnə bilər.
Layihə 2006-cı ilin avqust ayından etibarən iki il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə icra ediləcəkdir. Layihə ölkəyə ətraf mühitə ziyanı olmayan texnologiyaların gətirilməsi, habelə xarici sərmayə axınının gücləndirilməsinə şərait yaradacaq. Layihə çərçivəsində Azərbaycana iqlim dəyişmələri üzrə siyasətə dair məsləhətlərin verilməsi, "təcrübədə öyrənmək" vasitəsilə konkret TİM layihələri üçün təkliflərin hazırlanması, TİM sərmayələri üçün prioritet sektorların və layihə növlərinin müəyyən edilməsi, Azərbaycanda orta müddətli TİM strategiyasının hazırlanması gözlənilir.
Yer səthinin orta temperaturu 1800-cü ilin sonları ilə müqayisədə 0.60C artmışdır. 2100-cü ilədək bu rəqəmin 1.4 - 5.80C civarında artacağı gözlənilir. 1990-cı il ötən minilliyin ən isti onilliyi, 1998-ci il isə ən isti ili hesab edilir.
On ildən atrıqdır ki, bir çox ölkələr beynəlxalq sazişə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşularaq qlobal istiləşməni azaltmaq üçün nə etmək lazım gəldiyini müəyyən etməyə və temperaturun yüksəlməsinin qaçılmaz olduğunun qarşısını almağa səy göstərirlər. Bu yaxınlarda, bir sıra millətlər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Kioto Protokolunu qəbul etdilər ki, bu sənəd daha təsirli (hüquqi nöqteyi-nəzərdən məcburi) tədbirləri əhatə edir.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-m Cəmilə İbrahimova
Baş Müşavir, Enerji və Ətraf mühit, HİV/AİDS üzrə tematik qrupların rəhbəri
Tel.: (+99412) 498 98 88 (əlavə.110)
|