Cənubi Qafqazda Narkotik Vəziyyətlə bağlı İlk Məruzə hazırlanıb
Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SCAD) Regional Yardım Proqramı çərçivəsində Tiflisdə keçirilən görüş zamanı Proqramın 2005-ci il ərzində fəaliyyəti müzakirə olunmuş və 2006-cı il üçün fəaliyyət planı qəbul edilmişdir.
3 fevral 2006-cı il tarixində Gürcüstanın paytaxtı Tiflis şəhərində Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı, Azərbaycan, Gürcüstan və Ermənistan dövlətlərinin nümayəndələrindən ibarət Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının İdarəetmə Komitəsinin iclasında SCAD Proqramının 2005-ci il ərzində icra fəaliyyəti qiymətləndirilmişdir.
SCAD Proqramının IV mərhələsinin nəticələri ilə bağlı Hüquqi Yardım, Sərhəd Ərazilərində Narkotiklərə Nəzarət, Polis Kəşfiyyat Sistemi, Narkotiklərlə bağlı Milli Məlumat Şəbəkəsi, Orta və Ali Məktəblərdə Tələbin Azaldılması və QHT Şəbəkəsi layihələri üzrə təqdimatlar edildi.
Narkotiklərə nəzarət sahəsində hər üç ölkənin cari qanunvericiliyində beynəlxalq standartlara uyğun şəkildə dəyişiklərin artıq daxil edildiyi qeyd olundu. Bundan savayı, SCAD Proqramı çərçivəsində yaradılan İşçi Qrupunun dəstəyi ilə yeni qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikasında Narkotik Vasitələr, Psixotrop Maddələr və onların Prekursorları ilə bağlı qəbul edilmiş qanun Proqramın regional heyəti tərəfindən əsas uğur kimi qiymətləndirildi.
Azərbaycan Hökuməti adından çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, cənab Həzi Aslanov narkotiklərlə mübarizənin Azərbaycan Hökumətinin prioritetlərindən biri olduğunu qeyd etdi: "Narkotiklərə nəzarət sahəsində qanunvericiliyin gücləndirilməsi istiqamətində bir çox işlər görülmüş, Dövlət Komissiyası yaradılmış, narotiklərlə mübarizə tədbirlərinə vətəndaş cəmiyyəti təşkilatları cəlb olunmuşdur". Cənab Aslanov eyni zamanda, Hökumətin narkotiklərə nəzarət sahəsində BMT ilə sıx əməkdaşlıq etməsini də bildirdi. Bu baxımdan o, xüsusilə SCAD Proqramının uğurlu icrasına istinad etdi: "Daha əvvəlki mərhələlər uğurla icra olunmuşdur. Layihə çərçivəsində ölkənin dəniz limanı, hava limanı və sərhəd xidməti arasında strukturlararası əməkdaşlığın gücləndirilməsi artıq nailiyyət deməkdir. SCAD Proqramı çərçəvəsində edilən yardımlar eyni zamanda, narkotiklərlə mübarizə üzrə yeni texnologiyaların tətbiqinə imkan vermişdir".
SCAD Proqramının Narkotiklərlə bağlı Milli Monitorinq Sistemi layihəsinin rəhbəri cənab Paul Kuk SCAD Proqramının İV mərhələsinin uğurlarından birini də hər üç Cənubi Qafqaz ölkəsində monitorinq sistemlərinin yaradılması olduğunu qeyd etmişdir. "Narkotiklərlə bağlı operativ məlumat sistemlərinin yaradılması Hökumətin qərar vermə prosesi zamanı məlumatlı olmasını təmin etmək məqsədi daşıyır" deyə cənab Paul Kuk vurğulamışdır. O, eyni zamanda, "Etibarlı məlumat strategiyanın qurulmasının aparıcı hissəsidir. Bu olmadan, hökumətlər xüsusilə resursların yerləşdirilməsi baxımından səhv qərarlar çıxarma təhlükəsi altındadırlar" deyə qeyd etmişdir.
İclas iştirakçıları eyni zamanda, SCAD İV layihəsi çərçəvəsində Cənubi Qafqazın hər üç ölkəsində profilaktika, tibbi qayğı və zərərin azaldılması istiqamətlərini özündə birləşdirən QHT Şəbəkəsinin yaradılmasını da rəğbətlə qarşıladılar. Avropa İttifaqının eksperti cənab Yan Vorisek Azərbaycanda və Gürcüstanda həyata keçirilən QHT Şəbəkəsi layihələrinin nəticələri ilə bağlı təqdimatla çıxış etdi.
İclasda SCAD Proqramı çərçivəsində Cənubi Qafqazın hər üç ölkəsi üzrə narkotik vəziyyəti əks etdirən ilk regional məruzənin təqdimatı da keçirildi. Məruzədə deyilir ki, regionun hər üç ölkəsi BMT-nin narkotiklərlə bağlı müvafiq Konvensiyalarına qoşulublar və müvafiq qanunvericiliyə malikdirlər. Fərqli cəhət yalnız ölkələr daxilində strukturlar arasında mövcud olan əməkdaşlıq mexanizmlərinin müxtəlifliyində özünü göstərir. Azərbaycan və Ermənistanda bu mexanizmlər mövcuddur, Gürcüstanda isə hələ ki mövcud deyil. Məruzədə eyni zamanda, narkotiklərdən sui-istifadənin qarşısının alınması tədbirlərinin beynəlxalq qurumlar tərəfindən maliyyələşməsi, müalicə sistemlərinin aşağı səviyyədə olması və region ölkələrində müalicə müəssisələrinin çatışmaması qeyd olunmuş, habelə hər üç ölkədə geniş və çoxşaxəli narkotiklərlə mübarizə strategiyasının hazırlanmasına olan ehtiyac vurğulanmışdır.
SCAD V layihəsinin mümkün hissələri də iclasda müzakirə olundu. Bu baxımdan SCAD Proqramının narkotiklərlə bağlı məlumat sistemində narkotiklərlə bağlı cinayət göstəricilərinin EUROPOL metodikasına uyğun verilməsi, yeni narkotiklərlə bağlı məlumatların öz əksini tapa biləcəyi ilkin xəbərdarlıq sistemlərinin tətbiq olunması ilə bağlı təkliflər verildi. Regiona yeni narkotiklərin axını təhlükə yaratdığından, onların yayılmasının qarşısını almaq çox zəruridir.
İclasın sonunda, İdarəetmə Komitəsi SCAD Proqramının 2005-ci il ərzində icrası və müvafiq olaraq 2006-cı ilin Fevral-May ayları üçün İş Planının təsdiqlənməsi və SCAD V Layihəsi üçün Qiymətləndirmə Missiyalarının həyata keçirilməsi planı ilə bağlı qətnamə qəbul etdi.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Məzahir Əfəndiyev
Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin rəhbəri
Tel.: +99412 493 15 13
|